Almaniyanın Hessen polisi ağır yük daşıyan avtomobillərin sürücülərinə regionda yalançı polislərin peyda olduğu barədə xəbərdarlıq edib
Virtualaz.org bildirir ki, bu barədə Giessener-Anzeiger nəşri xəbər yayıb.
Nəşrin yazdığına görə, bu dəstənin qurbanlarından biri Azərbaycandan ağır yük daşıyan avtomobilin sürücüsü olub.
Bildirilir ki, mayın 3-də, axşam saat 22:00-da A-45 federal yolunda mülki geyimdə olan şəxs 50 yaşlı azərbaycanlının idarə etdiyi ağır yük daşıyan avtomobili saxladıb. Həmin şəxs azərbaycanlıya polis jetonunu təqdim edib və ondan da sənədləri təqdim etməsini tələb edib. Azərbaycanlının pasportunu və sürücülük vəsiqəsini yoxlayan "polis" onun üzərində axtarış aparıb və 8,5 min avro pulunu alıb. Cinayətkar sonra daha bir nəfərin olduğu ağ avtomobilə oturub və hadisə yerindən uzaqlaşıb.
Sonradan polisə verdiyi ifadəsində azərbaycanlı bildirib ki, cinayətkarın təxminən 40 yaşı var, saçları açıq rəngdədir, boyu 1,9 metr olar...
Nəşr qeyd edir ki, bu üsulla daha əvvəl türk ağır yük daşıyan avtomobilin sürücüsü də soyulub. Aprelin sonunda "Am Rehber” maşın dayanacağında onun 2 min avro pulunu alıblar.
"Polis" azərbaycanlını soyan vaxt həmin yolda, amma gündüz saatlarında, eyni üsulla Polşa vətəndaşı olan və Almaniyaya səyahətə gedən qadın sürücü də soyulub. Onun avtomobilini polis geyimində olan iki kişi saxladıb. Bildiriblər ki, narkotik şübhəsi ilə avtomobili axtarmalıdırlar. Axtarışın gedişatında "polislər" onun 900 avrosunu alıblar.
Hazırda Almaniyanın bu regionunun kriminal polisi cinayətkarların tutulması üzrə operativ-axtarış tədbirləri keçirir. Ağır yük daşıyan avtomobillərin sürücülərinə saxlanacaqları təqdirdə Hessen Şəhər Polisinə zəng etmələri və polis jetonları barədə məlumat vermələri təklif olunub.
Digər xəbərlər
loading...