Azərbaycanlı oxucunun kitab oxumamağının 7 vacib səbəbini diqqətə çatdırırıq:
1. Texnologiyanın inkişafı
Bu yeniliyə cəmiyyət çox tez adaptasiya oldu. Vaxtımızın böyük bir qismini evdə, məktəbdə, ictimai nəqliyyatda, ümumiyyətlə hər yerdə elektron cihazlarla keçiririk. Kitab unudulur.
2. Yanlış seçim
Kitab oxumağa qərar verdiyiniz zaman hansı janrı sevdiyinizi müəyyən etməlisiniz. Əks halda sevginiz getdiksə soyuyacaq. Seçim imkanınız zəifdirsə, inandığınız dostlardan, səviyyəli sayt və dərgilərdən, sevdiyiniz yazıçıların tövsiyələrindən yararlana bilərsiniz.
3. Qəliz dil
Kitabın dilinin qəlizliyi ona olan marağımızı azaldan əsas amillərdən biridir. Mənasını bilmədiyimiz kəlmələr, ifadələr, söz birləşmələri bir dəfə, iki dəfə, lap on dəfə oxuna bilər, lakin sonda kitabı tərk etdirər.
4. Pis tərcümə və qüsurlu cümlələr
Pis tərcümə oxumağa yeni başlayanları daha tez həvəsdən salır. Kitab axıcı bir şəkildə getdiyi yerdə qüsurlu bir cümlə bu rəvanlığı pozur. Bu durum, bir ləpənin çürük olması və o birilərin dadını da itirməsinə bənzəyir.
5. Vaxt ayırmama
Ağıllı telefonlardan imtina etsək də, kitaba adaptasiya olmaq olduqca çətindir. Qalın kitabları oxuyarkən tez-tez qalan səhifələrə baxmaq bizə bir zaman itirmə duyğusu yaşadır və mütaliəni dayandırırıq. Ona görə, 150-200 səhifəlik kitablardan başlamaq və məşq etmək daha məqsədəuyğundur.
6. Mühit
Ailə, məktəb, dost çevrəsi, iş yerləri... Hətta yaşadığın ölkə, mənsub olduğun toplum kitaba münasibəti şərtləndirən ciddi amillərdir. İnsan öz mühitinə uyğun örnək alır, dərs götürür, cəmiyyətə xas ənənələri mənimsəyir. Örnək alınacaq sistem və ənənə yoxdursa kitabla ünsiyyət çətinləşir. Kitab oxumağın əhəmiyyəti ilə bağlı ailə və müvafiq qurumların reklam işi, bu istiqamətdə tədbirlərin artırılması nəticəni dəyişdirə bilər.
7. Kitabların qiyməti
İqtisadi sıxıntısı olan ölkələrdə bu problem xüsusilə qabarıqdır. Oxucular həmişə şikayətlənir. Bu gün kitabın orta qiyməti 8-10 manatdır ki, bu da oxucu kütləsi üçün balaca rəqəm sayılmaz. Bəzən ürəyindən keçsə də, oxucu gündəlik xərclərindən 10 manat ayırıb kitab almağa ürək eləmir. (kulis)
Digər xəbərlər
loading...