Moskva Arbitraj Məhkəməsi “Sberbank”ın ərizəsi əsasında Azərbaycan Beynəlxalq Bankının (ABB) törəməsi olan “ABB-Moskva”nın kapitalındakı 41,6% paya həbs qoyub
Bu barədə məhkəmə materiallarında qeyd olunur.
Məhkəmə, həmçinin Federal Vergi Xidmətinin Moskva şəhəri üzrə İdarəsinə sözügedən payla bağlı qeydiyyat hərəkətlərini yerinə yetirməyi qadağan edib.
ABB 2017-ci ilin yazında öhdəliklərinin könüllü restrukturizasiyası barədə elan edib. Bakı məhkəməsi avqustda bankın ərizəsini və restruturizasiya planını təsdiq edib.
“Sberbank” bu ilin aprel ayında ABB-dən kredit müqaviləsi üzrə $21,3 mln. məbləğində borcun tutulması iddiası ilə İngiltərə və Uelsin Ali Ədalət Məhkəməsinə müraciət edib.
Rusiya məhkəməsinin materiallarında bildirilir ki, Nyu-Yorkun Cənub dairəsi üzrə Federal Məhkəmə ABB-nin ABŞ ərazisində olan aktivlərinə moratorium tətbiq edib.
"Beləliklə, məhkəmə tərəfindən ABB-yə və ya əmlaka qarşı istənilən prosessual hərəkətə təşəbbüs edilməsinə qadağa qoyulduğu üçün "Sberbank" ABŞ ərazisində kredit müqaviləsinin icrasına nail olmaq imkanından məhrumdur", - deyə məhkəmənin qərarında qeyd olunur.
Bundan başqa, bu ilin mart ayında ABB “ABB-Moskva”nın ləğv olunmasına dair qərar qəbul edib.
"Bu cür hallar “Sberbank” PSC-nin “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə qarşı iddia tələblərinin təlmin olunduğu və ya məhkəmə qərarının icrası üçün pul vəsaitlərinin çatışmazlığı təqdirdə qərarın icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər", - deyə məhkəmə materiallarına bildirilir.
"Веtа" qiymətləndirmə şirkəti “ABB-Moskva”nın 41,6% payını 1,317 mlrd. rubl məbləğində qiymətləndirib.
“Sberbank”, həmçinin ABB-nin Rusiya ərazisində ümumi dəyəri $21,3 mln.-a qədər olan digər əmlakına da həbs qoyulmasını tələb edib. Lakin məhkəmə bu tələbi təmin etməyib, çünki vəsatətdə həbs qoyulması tələb olunan əmlakın siyahısı, onun fərdi əlamətləri, eləcə də ABB-yə məxsus olmasını sübut edən faktlar yer almır.
Məhkəmənin qərarı dərhal icra olunmalıdır. Qərardan onun qəbul olunduğu tarixdən etibarən 1 ay ərzində Doqquzuncu Arbitraj Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Digər xəbərlər
loading...