Azərbaycan Fransa XİN-i işğal olunmuş ərazilərə qeyri-qanuni səfərlərlə bağlı sərt addımlar atmağa çağırıb
Bunu Trend-ə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev deyib ki, Fransada fəaliyyət göstərən erməni lobbi dairələri 2013-cü ildən etibarən Azərbaycanın işğal altında olan şəhərləri ilə Fransanın şəhər və qəsəbələri arasında "qardaşlıq" adı altında qeyri-qanuni sənədlər imzalamağa və bu kimi addımları qondarma rejimin təbliği üçün istifadə etməyə çalışır:
"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Fransadakı səfirliyimizin Fransanın müvafiq qurumları ilə apardığı birgə işin nəticəsində İl-dö-Frans regionun Alfortvil şəhəri tərəfindən ölkəmizin işğal olunmuş Laçın şəhəri ilə 2017-ci ildə imzalanmış qeyri-qanuni "xartiya" ləğv edilib ("la Charte d`amitié entre Alfortville et Berdzor").
2017-ci ilin iyun ayının 30-da Alfortvil şəhər bələdiyyə şurası tərəfindən qeyri-qanuni "xartiya"nın imzalanması haqqında qərar qəbul edilmişdi. Alfortvil şəhərinin yerləşdiyi Val-dö-Marn departamentinin prefekti tərəfindən Alfortvil bələdiyyə şurasına 30.08.2017-ci il tarixində qərarın könüllü şəkildə ləğv edilməsi üçün iddia (fr. recours gracieux) göndərilmiş, lakin cavabsız qalmışdı.
Bununla əlaqədar olaraq, Val-dö-Marn departamentinin prefekti tərəfindən 2017-ci ilin noyabr ayının 17-də imzalanmış qeyri-qanuni "xartiya"nın inzibati qaydada ləğv edilməsi məqsədilə məhkəməyə müraciət edilib.
Buna baxmayaraq, bələdiyyə şurasının qərarı əsasında 2017-ci ilin noyabr ayının 20-də Alfortvil meri tərəfindən qeyri-qanuni "xartiya" imzalanıb".
XİN rəsmisinin sözlərinə görə, 2018-ci ilin mart ayının 8-də məsələ ilə əlaqədar məhkəmənin ilk iclası keçirilib və dövlət ittihamçısı Fransa yerli özünüidarəetmə orqanları üzrə Ümumi Məcəlləsinin L1115-1 bəndinin (sözügedən qurumlar tərəfindən imzalanmış sazişlərin Fransanın beynəlxalq öhdəlikləri ilə uyğun olmasına dair) pozulması ilə əlaqədar məhkəmə tərəfindən sözügedən "xartiya"nın ləğv edilməsini tələb edib:
"Nəticədə, 2018-ci ilin aprel ayının 12-də Alfortvil şəhərinin bələdiyyə şurası, məhkəmənin qərarını gözləmədən, 41 səs lehinə, 1 səs bitərəf olmaqla qeyri-qanuni "xartiya"nın ("la Charte d`amitié entreAlfortville et Berdzor") imzalanmasına dair 30 iyun 2017-ci il tarixli qərarını ləğv etmək məcburiyyətində qalıb. Qeyd edək ki, bələdiyyə şurasının üzvlərindən 7 nəfər erməni əsilli şəxsdir.
Alfortvil şəhərinin meri Mişel Gerşinovitz qərarın ləğv edilməsi ilə əlaqədar qeyd etmişdir ki, "aprelin 12-də təqiblərin qarşısının alınması məqsədilə mən bələdiyyə şurasından qərarın ləğv edilməsini xahiş etdim. Əks halda bu hökm "artsax diplomatiyasına" ziyan vuracaq bir məhkəmə aktı olacaqdı".
Biz Val-dö-Marn departamentinin prefektinin, qeyri-qanuni "xartiya"nın ləğv edilməsi məqsədilə məhkəməyə müraciət etməsi qərarını alqışlayır və digər qeyri-qanuni "xartiya"ların ləğv edilməsi məqsədilə, Fransa mərkəzi icra hakimiyyəti orqanları və həmçinin prefektlərin analoji addım atacağını gözləyirik.
Eyni zamanda Fransa XİN-i və bu ölkənin digər cavabdeh qurumlarını Fransa yerli özünüidarəetmə orqanları tərəfindən işğal olunmuş ərazilərimizlə bağlı bütün qeyri-qanuni fəaliyyətin, o cümlədən bura qeyri-qanuni səfərlərin təşkil edilməsinin qarşısının alınmasında sərt addımların atılmasına çağırırıq".
Digər xəbərlər
loading...