Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Amerikanın Səsi”nə müsahibəsində Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı bəyanatına münasibət bildirib
Strateq.az müsahibəni oxucularına təqdim edir:
-Ermənistanın yeni seçilmiş baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın danışıqlarda tərəf kimi iştirak etməsi ilə bağlı bəyanatına münasibətiniz necədir?
-Ermənistanın yeni baş naziri ilk addım kimi Ermənistan əhalisinin çoxdan ehtiyac duyduğu iqtisadi-sosial islahatlara başlamaq, xalqın problemlərini həll etmək əvəzinə Dağlıq Qarabağ mövzusuna müraciət edərək yenə də siyasi demoqoqiya, siyasi agitasiyaya üstünlük verir. Təəssüf edirik ki, bu məqsədlə o, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında ziddiyyətli açıqlamalar da verir. Ola bilsin ki, Paşinyanın danışıqlar prosesi barədə bilavasitə məlumatı və yaxud təcrübəsi yoxdur. Amma ona xatırlatmaq istərdik ki, ATƏT-in mart 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə ATƏT-in Minsk Qrupu yaradılıb. Münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan, münaqişədə maraqlı tərəflər kimi isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları müəyyən edilib. Ona görə də Azərbaycana qarşı işğal və təcavüz törətmiş dövlət də Ermənistandır. Bu işğal və təcavüzün nəticələrinə görə, məsuliyyət daşıyan dövlət də Ermənistan Respublikasıdır. Danışıqlar prosesinin tərəfi təbii olaraq da, beynəlxalq hüquq baxımdan da Ermənistan Respublikasıdır.
-Bundan sonra danışıqların taleyi necə olacaq? Azərbaycan tərəfinin mövqeyi necədir?
-Biz hələ də ümid edirik ki, Ermənistanın yeni siyasi rəhbərliyi əvvəlki rejimin səhvlərini təkrar etməyəcək, sağlam siyasət yürüdəcək. Bu əsnada da qonşu dövlətlərlə sülh şəraitində yaşamaq üçün sivil münasibət qurmağa çalışacaq. Bunun da əsas tərkib hissəsi məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasıdır. Paşinyanın özü də çox gözəl bilir ki, bu gün Ermənistandakı sosial-iqtisadi, demoqrafik böhranın, kütləvi iğtişaşlar və etirazların kökündə məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi amili durub. Belə ki, bu münaqişə nəticəsində Ermənistan öz iqtisadi və demoqrafik resurslarını tükəndirib və özünü strateji, geosiyasi, geoiqtisadi baxımdan təcrid vəziyyətinə salıb. Ona görə də Paşinyan Ermənistan əhalisinin həyatında müsbətə doğru dəyişiklik etmək istəyirsə ilk növbədə münaqişənin həlli prosesindən başlamalıdır. Ona görə də danışıqlar prosesində velosiped kəşf etməyə və yaxud hər hansı bir əsassız yeniliklər axtarmağa ehtiyac yoxdur. Münaqişənin həllinin siyasi-hüquqi əsasları bəllidir və bu əsaslarla münaqişənin həlli prosesi davam etdirilməlidir. Bir daha vurğulamaq istərdik ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mövcud gündəlik əsasında münaqişənin tezliklə həlli üçün substantiv və intensiv danışıqlara hazırdır.
-Azərbaycan Respublikası Nikol Paşinyanın bəyanatı ilə bağlı ATƏT-in Minsk Qrupuna müraciət edibmi? Minsk Qrupunun mövqeyi necədir?
-Minsk Qrupu həmsədrlərinə birbaşa müraciət edilməyib. Amma təbii ki, Minsk Qrupunun həmsədr ölkələri, o cümlədən də həmsədr ölkələrin Yerevandakı səfirlikləri Paşinyan tərəfindən verilən bu açıqlamaları yaxından izləyir və yaxud lazımi qeydlərini götürürlər.
-Əgər danışıqlar baş tutmasa Azərbaycanın mövqeyi necə olacaq? Hərbi-siyasi yolla həll məsələsi ortaya çıxa bilərmi?
-Hadisələri qabaqlamaq istəməzdik. Bu, bir qədər hipotetik sualdır. Azərbaycan danışıqlara hazırdır. Ümid edirik ki, Ermənistanın siyasi rəhbərliyi sağlam siyasət yürüdəcək və reallığı dərk etməyi bacaracaq. Biz səbrlə, təmkinlə prosesləri yaxından izləməkdə davam edirik. Amma Ermənistan tərəfi bilməlidir ki, Ermənistan tərəfindən atılmalı olan addımlar var və münaqişənin həlli kontekstində atılmalı olan ən vacib addım Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasıdır. Onlar da başa düşməlidir ki, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması hərtərəfli regional əməkdaşlıq imkanları yarada bilər. Hərtərəfli regional əməkdaşlıq imkanlarından da yararlanan ilk növbədə Ermənistan əhalisi ola bilər. Onların hazırda buna böyük ehtiyacı var.
-Ermənistan tərəfi danışıqlara başlamaq üçün ilk öncə hansı addımları atmalıdır?
-İlkin olaraq bu qəbildən olan ziddiyyətli açıqlamalara və yaxud da siyasi demoqoqiya və ya siyasi agitasiya xarakteri daşıyan məsələlərə son qoymaq lazımdır. Paşinyanın Azərbaycanın işğal edilmiş ərazilərinə səfər etməsi, o cümlədən də Azərbaycanın işğal olunmuş tarixi Şuşa şəhərinə getməsi və orada münaqişənin mahiyyətini təkzib və təhrif edən müxtəlif açılamalarla çıxış etməsi, heç bir halda danışıqlar prosesinin ruhuna və prinsiplərinə uyğun deyil. Mövcud gündəlik əsasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə intensiv danışıqlara başlamaq lazımdır. Azərbaycan kiminsə hər hansı bir qeyd-şərt irəli sürməsini də qəbul etmir. Danışıqların formatı, predmeti, gündəliyi bəllidir. Bu əsasda Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini, beynəlxalq hüququn forma və prinsiplərini əsas tutaraq danışıqları davam etdirməyə hazırdır.
-N.Paşinyan həmçinin həm Şuşa şəhərində, həm də Xankəndində Azərbaycanı təhdid edən bəyanatlarla çıxış edib. Buna münasibətiniz necədir?
-Paşinyan tərəfindən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərinə səfər edilməsi, orada münaqişənin danışıqlar yolu ilə həllinə heç bir faydası olmayan bəyanatlarla çıxış etməsi heç bir halda münaqişənin danışıqlar yolu ilə, sülh yolu ilə həllinə xidmət edən amillər deyil. Görünür ki, Paşinyan burada daha çox ölkədaxili auditoriyaya ünvanlanmış bəyanatlarla çıxış edir. Məsələyə obyektiv baxsaq, hər şey aydın olur. Belə ki, kütləvi etirazlar fonunda hakimiyyətə gələn Paşinyan təbii ki, bu etirazların müqabilində xalqın tələblərinə cavab verə biləcək, sosial-iqtisadi baxımdan ciddi addımlar atmalıdır. Bu cür problemlərin isə tez həlli yoxdur. Proseslər də onu göstərir ki, Paşinyan daha çox Qarabağ ritorikasına üstünlük verməklə ictimai rəyi bir qədər öz maraqlarına uyğun yönəltməyə və manipulyasiya etməyə çalışır. Paşinyanı hakimiyyətə gətirən küçə indi onun özündən iş, yaxşı həyat şəraiti, maddi vəziyyətin düzəlməsi kimi şərtləri tələb edir.
-Danışıqların bərpa olunması üçün ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri hansı addımları atmalıdır?
-Təbii ki, Minsk Qrupunun həmsədr ölkələrindən biri tərəfindən artıq açılama verilib ki, Ermənistanda siyasi hakimiyyətin bərqərar olunmasından sonra danışıqlar davam etdirilə bilər. Danışıqların davam etdirilməsi üçün Ermənistanda siyasi hakimiyyət tam formalaşmalıdır. Bundan sonra danışıqların davam etdirilməsini gözləyirik. Azərbaycan da öz tərəfindən danışıqların mövcud gündəlik əsasında, substantiv əsasda davam etdirilməsinə hazırdır.
MilliYol.Az
Digər xəbərlər
loading...