Natiq Cəfərli: “İnkişaf göstəriciləri ilə bağlı müsbət proqnozların verilməsi neftlə bağlıdır”
Bu gün Dünya Bankı yaydığı beynəlxalq hesabatında Azərbaycan iqtisadiyyatı ilə bağlı pozitiv proqnozlar açıqlayıb.
Qurumun “Kriptovalyutalar və Blokçeyn texnologiyaları: Avropa və Mərkəzi Asiya Regionu üzrə İqtisadi Məruzə adlı yeni hesabatında qeyd olunan Azərbaycanda 2018-2020-ci illər üçün inflyasiya ilə bağlı proqnozuna görə, 2018-ci ildə bu rəqəm 6,4% təşkil edəcək. 2019-cu ildə Azərbaycanda qiymət artımı 4,2%, 2020-ci ildə isə 3,9% olacaq".
Bundan başqa, hesabatda ölkəmizin tədiyyə balansı ilə bağlı proqnoz da yer alıb. Belə ki, 2018-ci il Azərbaycanda tədiyyə balansının profisitinin ÜDM-in 5,9%-nə bərabər olacağı proqnozlaşdırılır. Bu rəqəm gələn il ÜDM-in 7,2%-nə, 2020-ci ildə isə 7,9%-nə bərabər olacaq.
İqtisadi artıma gəlincə, 2018-ci ilin proqnozlarına əsasən Azərbaycan iqtisadiyyatı fiskal stimullaşdırma tədbirləri ilə 1,8% artacaq.
Hesabatda qeyd olunub ki, bu il Azərbaycanda qeyri-neft ÜDM-də də artım qeydə alınacaq. Qeyri-neft sektorunda artım dövlət investisiyalarının 83%-dək artması ilə izah olunur. 2019-cu ildə Azərbaycanda iqtisadi artımın 3,8%, 2020-ci ildə isə 3,2% olacağını proqnozlaşdırır. (“APA-Economics”)
Bəs, bu pozitiv rəqəmlərin arxasında hansı iqtisadi əsaslar dayanır? Neftin qiymətinin yüksəlməsi istisna olmaqla, başqa hansı göstəricilər 2020-ci ilə qədər ölkə iqtisadiyyatında müsbət tendensiyanın olmasını deməyə əsas verir?
Musavat.com-un suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, əsas amil kimi yenə neft qiymətləri rol oynayır: “Bu hesabatda bir neçə yerdə qeyd olunub ki, dünya bazarında neftin qiymətinin artması Azərbaycan iqtisadiyyatına pozitiv təsir göstərir. Həqiqətən də belədir. Ötən illə müqayisədə neft qiymətləri təqribən 56 faiz artıb. Əvvəlki illərdə Azərbaycan hökuməti deyirdi ki, ölkədə iqtisadi tənəzzülün səbəbi 2015-2016-cı illərdə neft qiymətlərinin düşməsi oldu. Neft qiymətləri düşən kimi Azərbaycanda ÜDM azaldı. 2016-cı ildə ümumdaxili məhsul 3%-dən çox azaldı. Bu MDB üzrə ən pis göstərici oldu. O zaman bu neftlə bağlı idi. İndi də inkişaf göstəriciləri ilə bağlı müsbət proqnozların verilməsi neftlə bağlıdır. Neftin qiyməti Azərbaycan hökumətinin gözləntilərindən xeyli artıqdır. Hökumət 2018-ci il üçün neftin qiymətini 45-50 dollardan proqnozlaşdırırdı, ancaq artıq qiyməti 75-76 dollar civarındadır. Qara qızılın qiymətində kifayət qədər ciddi artım baş verdiyi üçün və digər tərəfdən Azərbaycan ixracatının 90 faizini məhz xam neft və neft məhsulları təşkil edir deyə, ticarət balansındakı profisitin də artacağı gözlənilir. Dünya Bankı da məhz buna işarə edir. Ona görə də, Azərbaycanda iqtisadi artım tempinin yüksəlməsi proqnozlaşdırılır. Neftin qiyməti il ərzində 75-80 dollar koridorunda qalsa, bu Azərbaycan iqtisadiyyatında müsbət dəyişikliklərə gətirib çıxaracaq. Ancaq struktur olaraq Azərbaycan iqtisadiyyatında dəyişiklik yoxdur. 2016-cı ildə necə neftdən asılılıq Azərbaycan iqtisadiyyatına ziyan vurdusa, indi də neft amili iqtisadiyyatı yüksəltməyə başlayıb”.
İqtisadçı ekspertin sözlərinə görə, bu qədər resursu olan ölkədə ÜDM-in 2,2 faiz artımı belə yaxşı göstərici sayılmır: “Qonşu Gürcüstanda ÜDM-də ötən il 5 faiz, bu il isə 6 faiz artım oldu. Bu ölkənin nə neft, nə də qazı var. Sırf real iqtisatiyyat üzərində qurulmuş bir modeldir. Ona görə də, neftdən asılılıqla bağlı proqnozların yüksəlməsi baş verirsə, bu Azərbaycan hökumətinə ikinci bir şans verir. Hökumət öncəki illərdə neftin qiymətlərinin yüksək olması ilə bağlı şansdan istifadə edə bilmədi, çoxşaxəli iqtisadi modelə keçə bilmədi. Bu səbəbdən 2015-2016-cı illərdə iqtisadi böhran yaşandı, 2017-ci ildə durğunluq oldu, bu il isə artım gözlənilir. Çoxşaxəli iqtisadi modelə keçid üçün neft qiymətlərinin artması bir şans yaradır. Bu şansı da qaçırsaq , neftin bir daha bahalaşacağına heç kim zəmanət vermir. Dünyadakı siyasi və hərbi gərginliklə əlaqəli olaraq yüksələn qiymətlər bu gərginlik azalan kimi aşağı düşəcək. 2019-2020-ci ildə qiymətlərin aşağı düşəcəyi ilə bağlı gözləntilər çoxdur. Bu zaman Azərbaycanda iqtisadi daralma, manata təzyiqlər artacaq və iqtisadiyyatda yaranan problemlər digər sahələrə də təsir edəcək. O səbəbdən bu şansdan istifadə etmək lazımdır. Bunun üçün də iqtisadiyyatda atılan addımlar idarəetmədə tamamlanmalıdır”.
2020-ci ilə qədər neft qiymətlərinin necə olacağına gəlincə, N.Cəfərli bildirdi ki, proqnozlar iki istiqamətdədir: “Dünya Bankının hesabladığı qiymətlərə görə, əgər siyasi gərginlik aradan qalxsa neft qiymətləri düşəcək. lakin davam etsə, qarşıdakı iki ildə neft 65-70 dollara satılacaq. Bu Azərbaycan üçün kifayət qədər yüksək qiymətdir və proqnozlar onun əsasında müəyyənləşdirilib. Lakin hesabatın ingilis dilində olan versiyasında təkcə Azərbaycanla bağlı yox, İran, Rusiya , Qazaxıstan və digər ölkələrlə bağlı belə bir qeyd də var ki, dünya bazarında neftin qiymətində kəskin ucuzlaşmalar olsa, sözügedən ölkələrin proqnozlarına yenidən baxılacaq”.
Qeyri-neft sektorundakı inkişafın makroiqtisadi göstəricilərə təsirinə də toxunan iqtisadçı vurğuladı ki, rəqəmlər hələ o qədər yüksək həddə çatmayıb: “Hələ ki, bunlar çox kiçik rəqəmlərdir. Bu ilin yanvar-fevral aylarında ölkənin qeyri-neft ixracatı 124 milyon dollar olub. Azərbaycan kimi böyük bir ölkə üçün bu o qədər də yüksək göstərici deyil. Türkiyənin təkcə Antalya bölgəsinin yanvar-fevral aylarına görə təqribən 450-500 milyon dollarlıq ixracatı var və hətta bu bölgə üçün aşağı göstərici hesab olunur. Türkiyənin kiçik bir vilayəti ilə müqayisədə Azərbaycanın qeyri-neft ixracatı 3 dəfə aşağıdır. Doğrudur, bunu birdən-birə artırmaq olmaz, ancaq ən azından bir trend yaratmaq lazımdır. Son tendensiya isə odur ki, ixracla bağlı rəqəmlər yüksəldikcə daxili bazarda qiymətlər qalxır. Bizdə istehsal o qədər böyük həcmdə deyil ki, həm daxili tələbatı, həm də xaricə satışları ödəsin. Nəticədə daxili bazarda qıtlıq yaranır və qiymətlər enmir”.
N.Cəfərli turizm sektorundakı irəliləyişlərin makroiqtisadi göstəricilərə təsirinin o qədər də güclü olmadığını diqqətə çatdırdı: “Ölkəmizə gələnlərin sayı artıqca, xaricə səfər edən azərbaycanlıların da sayı artır. Təkcə Gürcüstana hər il 700 min nəfərə yaxın həmyerlimiz səfər edir. Təxminən 500 min nəfər də hər il Türkiyədə dincəlir. Bu da ölkədən kifayət qədər valyutanın çıxmasına səbəb olur. Gələn turistlərin ölkəyə gətirdiyi valyutanın həcmi ilə xaricə gedən turistlərin apardığı valyutanın həcmi arasındakı fərq hələ ki, qənaətbəxş deyil. Ölkəyə o qədər çox turist gəlməlidir ki, onların gətirdiyi valyuta ölkədən çıxan valyutanı üstələsin. Hələ ki, bizdə bu baş vermir. Gürcüstan isə artıq buna nail olub, hər il turistlər bu ölkədə 4 milyard dollara yaxın pul xərcləyir, gürcülər isə xaricdə tusirt kimi 1 milyard dollar xərcləyirlər. Bu mənada qonşu ölkədə 3 milyard dollarlıq müsbət saldo yaranıb. Azərbaycanda belə bir saldonun yaranmasına illər lazım olacaq və turizmdə indikindən 3-4 dəfə artıq turist qəbul etməliyik ki, buna nail olaq. Hələ ki, infrastruktur buna imkan vermir. Otellərin sayı azdır, qiymətlər bahadır, təkliflər o qədər də cəlbedici deyil. Artım əsasən ərəb ölkələrindən gələn turistlərdədir ki, onlar da öz ölkələrində edə bilmədikləri istirahəti burada etmək üçün gəlirlər. Yəni, turizm sahəsində də hələlik problemlər qalmaqdadır”.
MilliYol.Az
Digər xəbərlər
loading...