ABŞ prezidentii Donald Tramp İranla imzalanan nüvə sazişindən imtina haqqında qərarını elan etdikdən sonra hava sənayesinin iki nəhəngi “Airbus” və “Boeing” şirkəti İrana 40 milyard dollarlıq təyyarə satışından vaz keçdiklərini açıqlayıblar
Musavat.com “Milliyet” qəzetinə istinadən xəbər verir ki, bununla bağlı ABŞ maliyyə naziri Stiven Mnuçin açıqlama yayaraq adı çəkilən hər iki şirkətin İrana təyyarə satışı ilə əlaqədar lisenziyalarının dondurulduğunu bildirib.
Qeyd olunur ki, İranla 6 dövlət, o cümlədən ABŞ arasında imzalanan nüvə sazişi 2015-ci ilin iyulunda qüvvəyə mindikdən sonra keçmiş prezident Barak Obamanın administrasiyası 1979-cu ildən bu yana bu ölkəyə qarşı tətbiq olunan bəzi embarqoları ortadan qaldırmışdı. Bunun sayəsində həm ABŞ-ın mülki təyyarə sənayesinin əsas sütunu sayıln “Boeing”, həm də onun dünyadakı əsas rəqibi, lakin eyni zamanda amerikalı şirkətlərlə ortaqlığı olan avropalı “Airbus” şirkəti İran dövləti ilə ümumi dəyəri 40 milyard dollara çatan ticarət sazişləri imzalamışdı.
Yazıda İranın hələ də 1979-cu il inqilabından qabaqkı təyyarələrdən istifadə etdiyi qeyd olunur. 40 ildir ki, İran mülki uçuş donanmasını yeniləyə, habelə təyyarələri üçün ehtiyat hissələri ala bilmir. Sərnişin təyyarələrinin bir çoxu isə muzeyə göndəriləsi haldadır. Buna görə də İranın hava şirkətləri təyyarə qəzalarına görə dünyada acı şöhrətə malikdir.
İran dövləti yeni anlaşma ilə Yaxın Şərq bölgəsində Doha (Qətərin paytaxtı-red.) və Dubayla (BƏƏ) rəqabət edə biləcək uçuş mərkəzinə çevrilə biləcəyinə ümid edirdi.
Artıq bəhs olunan şirkətlərdən mövzu ilə bağlı müvafiq reaksiyalar gəlib. Mərkəzi Fransada olan “Airbus" təyyarələrdəki ehtiyyat hissələrinin 10%-nin ABŞ-da istehsal olunduğunu dqqətə çatdıraraq Ağ Evin yeni qərarının diqqətə alınacağını bildirib.
“Boeing” isə tamamilə Ağ Evin qərarlarına uyğun hərəkət edəcəyini bəyan edib.
Qeyd edək ki, “Boeing” ABŞ ordusu üçün hərbi təyyarələr istehsal edən, yəni dövlət xəzinəsindən ciddi pay alan bir şirkətdir.
Son gəlişmənin hər iki şirkəti ciddi iqtisadi itkilərə məruz qoyacağı şübhəsizdir. Belə ki, keçən il ərzində İrana 3 sərnişin təyyarəsi və 8 turboprop mühərriki təslim edən “Airbus”, saziş müddəti işində daha 95 təyyarə və 12 turboprop mühərriki sata biləcəkdi.
Digər xəbərlər
loading...