UNESCO tərəfindən Ümumdünya mədəni irs siyahısına daxil edilmiş Bakı qalasının divarları artıq bir neçə gündür ki, kanalizasiya sularına qərq olub
Virtualaz.org xəbər verir ki, İçərişəhərdə yerləşən restoran və kafelərin çirkab suları birbaşa tarixi abidənin özülünə axıdılır.
Vəziyyətin nə qədər acınacaqlı olduğu fotoşəkillərdən də aydın görünür. Gölməçələnmiş kanalizasiya suları tarixi abidəni məhv edir. Sakinlərin sözlərinə görə, Sabir bağının yaxınlığındakı divarda nəm və qaraltı əmələ gəlib. Belə getsə, yaxın vaxtlarda tarixi abidə uça bilər.
Yaranmış problemlə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əlaqə saxladıq. İdarədən virtualaz.org-a problemdən xəbərdar olduqlarını və yaxın günlərdə tədbir görəcəklərini dedilər: “Qoruğun Mənzil-kommunal və təmir xidməti İdarəsinin kanalizasiya sularının qala divarlarına axıdılmasından xəbərdardırlar. Sabah və o biri gün idarədə tədbirlərin keçirilməsi nəzərdə tutulduğuna görə, növbəti gün bu barədə tədbir görüləcək”.
Xatırladaq ki, Şirvanşah III Mənuçöhrün göstərişi ilə təqribən 1138-1139-cu illərdə inşa olunan Bakı qalası İçərişəhərdən və onu əhatə edən divarlardan və qüllələrdən ibarətdir. Hündürlüyü 8-12 metrə, eni isə 3,5 metrə çatan şəhər divarları Bakının asayişini təmin edirdi. Orta əsrlərdə uzunluğu 1500 metr olubsa, yalnız üçdəiki hissəsi - 500 metri dövrümüzə qədər gəlib çatıb.
Bu memarlıq abidəsi 2000-ci ildə UNESCO tərəfindən Ümumdünya mədəni irs siyahısına daxil edilib.
Digər xəbərlər
loading...