Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyev AZXEBER.COM informasiya portalının təsisçiləri Hacıbəy Heydərli və Əfsələddin Ağalarovu xüsusi ittiham qaydasında məhkəməyə verib və onların həbsini tələb edir
Sabiq komitə sədrinin bu addımı cəmiyyətdə ciddi etirazla qarşılanıb.
Millət vəkilləri, QHT rəhbərləri, media kapitanları, ictimaiyyət fəalları Aydın Əliyevin jurnalistlərə qarşı həbs tələbini kəskin tənqid edirlər.
Milli Məclisin deputatı, prezidentliyə keçmiş namizəd Zahid Oruc Aydın Əliyevin bu addımının dövlətimizə qarşı yönələcəyini deyir: "Aydın Əliyev uzun müddət ölkənin strateji qurumlarından birinə rəhbərlik edib. Vəzifədən azad edilməsindən isə yalnız bir neçə gün keçir. Onun borcudur ki, dövlətin maraqlarını, beynəlxalq müstəvidə nüfuzunu nəzərə alsın.
Millət vəkili bildirib ki, Aydın Əliyevin həbs istəyi reallaşarsa, bu həm ölkəmizin beynəlxalq miqyasda imicinə xələl gətirəcək: "Həm də dövlətə və onun rəhbərinə sədaqətlə xidmət edən gənc jurnalistlər arasında ruh düşkünlüyü yaradacaq. Bütün bunları nəzərə alaraq, keçmiş komitə sədrini iddiasını geri götürməyə, barışığa getməyə çağırıram. İnanıram ki, bu baş verəcək və tərəflər razılığa gələcəklər. Hacıbəy Heydərli və Əfsələddin Ağalarov dövlətini sevən, onun çiçəklənməsi üçün yoruldum demədən çalışan, çox enerjili və perspektivli gənclərdir. Onlar həbsxanada yatacaq ən axırıncı adamlardır”.
Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev hesab edir ki, millət vəkilləri, ictimai fəallar, mətbuat nümayəndələri bu məsələdə gənc jurnalistlərlə həmrəylik nümayiş etdirməlidirlər: "Ölkəmizin internet jurnalistikasının ən parlaq simalarına hər birimiz dəstək olmalıyıq. Hacıbəy Heydərli və Əfsələddin Ağalarovu uzun müddətdir tanıyıram. Dövlətinə və Cənab Prezidentimizə hər zaman sadıq olduqlarına zərrə qədər şübhəm yoxdur. İnanıram və qəti şübhə etmirəm ki, haqq və ədalət qələbə çalacaq”.
Xatırladaq ki, bundan öncə daha 2 millət vəkili Aydın Əliyevə etiraz etmişdi.
Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə bildirib ki, məmurlar jurnalistlərə qarşı məhkəmə iddialarından çəkinməlidirlər: "Hər hansı məmurun fəaliyyətinin ictimai müzakirəyə çıxarılması tamamilə təbii hadisədir. Yaxşı olar ki, buna görə jurnalisti məhkəməyə verən məmur əvvəlcə ittiham olunduğu məsələyə aydınlıq gətirsin və yazılanların əsassız olduğunu sübuta yetirsin. Şübhəsiz məhkəməyə müraciət etmək hər bir Azərbaycan vətəndaşının, o cümlədən məmurun da konstusion hüququdur. Bir halda ki, məqalə saytdan çıxarılıb və təkzib edilib, bu halda həbs israrına ehtiyac yoxdur. Mən Aydın Əliyevi iddiasını geri götürməyə və barışığa dəvət edirəm”.
Milli Məclisin deputatı, "Ədalət” qəzetinin təsisçisi Aqil Abbas məqalə ilə tanış olduğunu, həmin yazıda təhqir elementi olmadığını söylədi: "Mən o məqaləylə tanış olmuşam. O yazıda təhqir yox, tənqid elementləri var. Yəni heç bir məhkəmə perspektivi yoxdur. Hacıbəy Heydərlini çox yaxşı tanıyıram. Olduqca mədəni, dövlətə və onun rəhbərinə sədəqətli, gözəl perspektivi olan bir gəncdir. Onu tutdurmaq niyyəti Aydın Əliyevə başucalığı gətirmir. Onsuzda Hacıbəyi və həmkarını tutmayacaqlar. Çünki buna hüquqi zəmin yoxdur”
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...