Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov mərhum prezident Heydər Əliyevin 95 illiyi ərəfəsində “Azərbaycan” qəzetinə onunla bağlı maraqlı xatirələrini danışıb
Strateq.az həmin müsahibəni tam şəkildə oxucularına təqdim edir:
– Cənab nazir, ümummilli lider Heydər Əliyevin anım günləri xalqın böyük ehtiramı ilə qeyd edilir, onun cahanşümul fəaliyyətinin mahiyyəti bir daha yada salınır. Şübhəsiz, Azərbaycanın daxili işlər orqanlarının fəaliyyət salnaməsində də ulu öndərin silinməz izləri, böyük töhfələri var…
– Əslində, Heydər Əliyev kimi bir dühadan, qüdrətli dövlət xadimindən danışarkən, onun fəaliyyət istiqamətlərini yalnız bir struktur çərçivəsində qiymətləndirmək düzgün olmaz. Nəzərə alaq ki, bir neçə həftədən sonra Xalq Cümhuriyyətinin, yəni dövlət müstəqillyimizin 100-cü ildönümünü qeyd edəcəyik. Bu dövrün isə, demək olar ki, tam yarısı Heydər Əliyev şəxsiyyətinin əbədiyaşar adı, möhtəşəm fəaliyyəti, tarixi töhfələri və ideyalarının həyata keçməsi ilə əlamətdardır.
Bu gün tarixin ən qüdrətli Azərbaycanının vətəndaşı olaraq hamımız dövlətimizin əldə etdiyi böyük nailiyyətlərlə, genişmiqyaslı yüksəliş dinamikası ilə qürur duyuruq. Bu uğurların təməli məhz 1969-cu ildən qoyulub. Bir məqama da toxunum ki, mən Azərbaycanın qurtuluş tarixinin yalnız 1993-cü ildən hesablanması fikri ilə bir o qədər də razılaşmıram. Hesab edirəm ki, 25 il öncə Azərbaycanın qurtuluş tarixinin sadəcə ikinci mərhələsi yaşandı. İlk mərhələ 49 il əvvəl böyük iqtisadi-sosial problemlər, ictimai-siyasi təlatümlər, mənəvi aşınma yaşayan Azərbaycanda hakimiyyətə Heydər Əliyevin gəlişi ilə başladı. Həmin dövrdən bu dahi şəxsiyyət dövlətinə, xalqına xilaskar missiya ilə rəhbərlik etdi və qısa müddətdə Azərbaycanın böyük intibahının müəllifinə çevrildi.
Heydər Əliyev gənc yaşlarından vətəninə, xalqına xidmət etməyi öz həyatının əsas amalı seçmişdi, həm də fövqəladə təşkilatçılıq və idarəçilik qabiliyyətinə, böyük xarizmaya, sarsılmaz milli ruha və yenilməz iradəyə malik idi. Təsadüfi deyildi ki, o, Azərbaycan Xalq Daxili İşlər Komissarlığında sıravi əməkdaşdan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinədək yüksəlmiş və xüsusi xidmət orqanlarında ilk azərbaycanlı general olmuşdur. 46 yaşında Azərbaycana rəhbər seçilməsi Heydər Əliyevin məhz liderlik xüsusiyyətinin, dövlətçilik təcrübəsinin və təşkilatçılıq məharətinin növbəti etirafı və təsdiqi idi. Həmin dövrdə bu böyük siyasət dahisi özünü Azərbaycanın yüksəlişinə həsr edərək iqtisadiyyatın tərəqqisi, mədəniyyətin inkişafı, dövlət idarəetmə mexanizminin və metodlarının təkmilləşdirilməsi, xalqın tarixi yaddaşının yenilənməsi üçün böyük əhəmiyyətli işlər görmüşdür.
1969-1982-ci illərdə respublikamızda milli gəlirin həcmi 2,5 dəfə artmışdı. Böyük quruculuq işləri aparılır, müasir infrastruktur yaradılır, şəhərlərdə yeni mikrorayonlar, park və xiyabanlar salınır, fabrik və zavodlar tikilirdi. Mədəniyyət tariximizdə iz qoyan onlarca görkəmli bəstəkar, rəssam, şair, yazıçı, heykəltəraş və başqa sənət xadimləri yetişirdi. Heydər Əliyevin müstəqil dövlətçilik ideyalarının güclənməsi və gələcəkdə reallaşması üçün etdiyi məharətli siyasi gedişlər nəticəsində Azərbaycan dili respublika konstitusiyasında dövlət dili kimi təsbit edildi. Onun gördüyü qətiyyətli tədbirlər və şəxsi qayğısı ilə ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında soydaşlarımızın sayı davamlı surətdə artmağa başladı, Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı.
Heydər Əliyevin ölkənin bütün sahələrini əhatə edən möhtəşəm fəaliyyəti, əlbəttə ki, daxili işlər orqanlarından da təsirsiz ötüşməmişdi. 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixində ən mühüm mərhələdir. Strukturumuzun bizim yaş nəslini təmsil edən heyəti Heydər Əliyev dühasının yetirmələridir və bununla hədsiz qürur duyuruq. Həmin dövrdə ümummilli liderimiz böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul etdi. Əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsi bu amillər sırasında xüsusilə aparıcı mövqeyə malik idi və tam qətiyyətlə söyləmək olar ki, Azərbaycanın daxili işlər orqanlarında mahiyyətcə milliləşmə prosesi məhz o illərdə başlanmışdı.
– Özünüzü Heydər Əliyev dühasının yetirməsi kimi dəyərləndirdiniz. Bu əlamətdar tarixdə Heydər Əliyevi yaxından tanıyanların, onun komandasında çalışanların bu böyük şəxsiyyətlə bağlı xatirələri xalqımız tərəfindən xüsusi maraqla qarşılanır. Uzun illər ulu öndərin rəhbərliyi altında çalışan bir insan kimi, şübhəsiz ki, Sizin də çoxlu xatirələriniz var…
– Heydər Əliyev barədə xatirələr saysız-hesabsızdır və onlar həyatımın ən parlaq səhifələrini təşkil edir. Fəaliyyətimin dahi şəxsiyyətlə bağlı olan, onun rəhbərliyi ilə keçən illərini böyük qürur, sonsuz ehtiramla yad edirəm. Ümummilli liderimiz barədə danışmaq isə həm şərəfli, həm də məsuliyyətlidir.
Ozamankı Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olarkən – 1969-cu ilin iyul ayında belə bir məlumat eşitdim ki, Azərbaycana yeni rəhbər təyin olunub və bu insan əvvəlki dövrdə ölkə DTK-ya rəhbərlik etmiş general rütbəli Heydər Əliyevdir. Hərbi xidmətdən qayıtdıqdan sonra isə artıq hər yerdə Heydər Əliyev haqqında xoş sözlər eşidilir, onun əvvəlki rəhbərlərə bənzəməyən iş metodları barədə çoxsaylı xəbərlər dolaşırdı.
Bir məqamı xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyevin qətiyyəti və prinsipiallığı barədə ən çox danışılan, daha doğrusu, bu əzmkarlığı daha çox hiss edən bölgələrdən biri də məhz ermənilərin kompakt şəkildə yaşadığı Dağlıq Qarabağ idi.
Həmin dövrdə vilayətdə yaşayan bir vətəndaş kimi 60-cı illərdəki acınacaqlı vəziyyəti yaxşı xatırlayıram. Yerevandan idarə olunan məkrli qüvvələr millətlərarası münasibətləri kəskinləşdirir, bölgədə yaşayan azərbaycanlıların hüquqlarının pozulması günü-gündən daha geniş miqyas alır, onlar hətta öz doğma dillərində belə ehtiyatla danışırdılar. Yalnız Heydər Əliyevin qətiyyətli mövqeyi və məqsədyönlü siyasəti sayəsində Dağlıq Qarabağda əl-qol açmış erməni millətçiliyinə sipər çəkildi. Moskvadakı imperiyapərəst qüvvələrin təzyiqlərinə baxmayaraq, vilayət şovinist ünsürlərdən təmizləndi. Bölgənin dövlət qurumlarında, hüquq mühafizə və təhlükəsizlik orqanlarında azərbaycanlıların təmsil olunması xeyli artdı.
Eyni zamanda, partiya-sovet orqanlarına, hüquq mühafizə strukturlarına məhz Heydər Əliyev siyasətinə tam sadiq olan, xalqlararası sağlam, mehriban əlaqələrin inkişaf etdirilməsinə çalışan, hər cür şovinizm meyillərinə qarşı çıxan erməni millətinə mənsub rəhbər şəxslər gətirildi. Vilayət partiya komiəsinin birinci katibi Boris Gevorkov və onunla birgə digər rəhbər şəxslər ulu öndərdən aldıqları təlimatlar, göstərişlər əsasında vilayətdə sabitliyi, ictimai asayişi yaratdılar, ən əsası isə, rəsmi Bakıya birmənalı tabeçilik inzibati mexanizmini bərpa etdilər. Bəli, Heydər Əliyevin dövlət idarəçiliyində bir misilsiz böyüklüyü də o idi ki, ədalətli, düzgün mövqeyə sahib, Azərbaycanı sevən erməni məmurlar vasitəsilə erməni şovinizmini məhv edirdi.
Ötən əsrin 70-ci illərində Dağlıq Qarabağ Muxtar Vilayətində separatçı əhvali-ruhiyyə aradan qalxmaqla yanaşı, artıq sadə ermənilər də bədnam millətçi meyillərə qarşı açıq etirazlarını bildirir, Azərbaycan tərkibində təhlükəsiz, rifahlı və xoşbəxt yaşadıqlarını daim bəyan edirdilər. Heydər Əliyevin qətiyyətli, uzaqgörən tədbirləri nəticəsində Dağlıq Qarabağ tam olaraq respublikanın mərkəzi hakimiyyətinin təsir dairəsinə qaytarıldı, erməni və Azərbaycan xalqları arasında düşmənçilik toxumu səpənlər geri çəkildilər.
Bir sözlə, Heydər Əliyev 70-ci illərdə artıq itirilməkdə olan Dağlıq Qarabağı Azərbaycana qaytardı və bu, orada yaşayan soydaşlarımız üçün yeni dövrün başlanğıcı oldu.
Dağlıq Qarabağ azərbaycanlıları özlərini doğma yurdlarının əsl sahibləri kimi hiss etməyə başladılar. Əvvəlki dövrlərlə müqayisədə həmin illərdə vilayətdə yaşayanların demoqrafik tərkibində azərbaycanlıların artımı da müşahidə olundu. Bölgənin sosial-iqtisadi həyatında böyük uğurlar əldə edilir, mühüm infrastrukturlar istifadəyə verilirdi. 1978-ci ildə Xankəndini respublikanın paytaxtı ilə birləşdirən dəmir yolu xəttinin çəkilişində Heydər Əliyevin məqsədi həm də Dağlıq Qarabağın Azərbaycanın digər regionları ilə bağlılığını daha da möhkəmləndirmək idi. Vilayətin ən ucqar kəndlərinin də yolları abadlaşdırılır, yaşayış məntəqələrinin elektrik enerjisi və qazla təminatı yaxşılaşırdı.
Ulu öndərimiz vilayətdə yaşayan azərbaycanlıların təhsil məsələlərinə də xüsusi önəm verirdi. 70-80-ci illərdə bölgədə onlarca müasir məktəb inşa edildi. 1973-cü ildə isə Xankəndidə Pedaqoji İnstitutun açılması ilə vilayətdə milli ziyalı kadrların xüsusi çəkisi əhəmiyyətli dərəcədə artdı və onun fəaliyyəti Dağlıq Qarabağda azərbaycanlı ziyalıların formalaşması prosesinə ciddi təsir göstərdi. Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə də böyük diqqət yetirirdi. Şuşada kurort kompleksinin inkişaf etdirilməsi və azərbaycanlı əhalinin kompakt yaşadığı bu şəhərin bölgənin mədəni, siyasi mərkəzinə çevrilməsi prosesi məhz ulu öndərimizin xeyir-duası ilə həyata keçirilirdi.
Ümummilli liderimizin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrün Dağlıq Qarabağla bağlı ən xarakterik xüsusiyyəti ondan ibarətdir ki, bu müddətdə erməni millətçiləri torpaq iddialarını heç vaxt açıq şəkildə dilə gətirməyə cəsarət etmədilər və onların iki xalq arasında münasibətləri gərginləşdirmək cəhdlərinə imkan verilmədi. Ermənistanın ölkəmizə təcavüzü, Dağlıq Qarabağda və onun ətrafında cərəyan edən neqativ hadisələr də məhz ulu öndərimizin Moskvada tutduğu yüksək dövlət vəzifələrindən uzaqlaşdırılmasından sonra baş verdi.
Bu məqamda bir zəruri haşiyə çıxmaq istərdim. Ötən əsrin 80-ci illərinin sonlarında Dağlıq Qarabağda süni şəkildə qarşıdurma yaratmağa, xalqlar arasında ədavət toxumu səpməyə çalışan M.Qorbaçov komandası və ona bağlı qüvvələr Azərbaycanda rəhbərliyi dəyişərək Moskvanın əmrlərini icra edəcək, milli hisləri itirmiş şəxsləri vəzifəyə gətirdikləri kimi, eyni ssenarini muxtar vilayətdə də tətbiq etdilər. Kremldə anlayırdılar ki, Dağlıq Qarabağda vəzifədə olan ermənilərin mütləq əksəriyyəti Heydər Əliyev siyasətinə sadiqdir və heç vəchlə milli zəmində münaqişəyə rəvac verməyəcəklər. Ona görə də bu vəzifəli ermənilərə qarşı süni etiraz kampaniyaları təşkil edilir, onlar “Azərbaycanın və Heydər Əliyevin agentləri”, “erməni xalqının düşmənləri” adlandırılaraq təqib olunurdular. Nəticədə onların hamısı vəzifələrindən kənarlaşdırıldı və təəssüf ki, ozamankı Azərbaycan rəhbərliyi də bu şəxslərə sonadək sahib çıxmadı. Dağlıq Qarabağın yeni rəhbərləri Azərbaycandakı yeni hakimiyyətin səbatsızlığından, mütiliyindən istifadə edərək vaxtilə Heydər Əliyevin böyük fədakarlıqlar hesabına yaratdığı sabitliyi, sağlam ab-havanı qısa müddətdə darmadağın etdilər və artıq 30 ildir davam edən bu qanlı münaqişənin əsasını qoydular.
– Cənab nazir, ulu öndərlə ilk görüşünüz nə zaman olub?
– Ümummilli liderimizlə ilk canlı təmasım da məhz Dağlıq Qarabağda olmuşdur. 1982-ci ilin yanvar ayında Heydər Əliyev Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində iştirak etmək üçün Şuşaya gəlmişdi. Mən o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində çalışırdım və tədbirdə ictimai təhlükəsizliyin qorunmasına bilavasitə rəhbərlik edirdim. Qeyd edim ki, Dağlıq Qarabağda erməni şovinizmini susduran Heydər Əliyevə vətəndaşlarımızın ehtiramı, rəğbəti o qədər güclü idi ki, bu görüşə kütləvi axın vardı. Yeri gəlmişkən, sadə erməni əhalisi də ayrı-ayrı görüşlərdə vilayətdə erməni milliyyətçiliyini qızışdıranlara qarşı qətiyyətli mövqeyinə, bütövlükdə Dağlıq Qarabağın sosial-iqtisadi inkişafına göstərdiyi daimi diqqət və qayğıya görə cənab Heydər Əliyevə minnətdarlıqlarını bildirirdilər.
Yaxşı xatirimdədir, həmin gün güclü qar yağmışdı. Heydər Əliyevi gətirən maşın Şuşanın girəcəyində, hərbi komissarlığın qarşısından qalxa bilmədi. Mən hüquq mühafizə orqanlarının bir qrup əməkdaşı və ətrafdakı cavanlarla köməkləşib maşını əllərimizdə yoxuşu qaldırıb düz yerdə qoyduq. Bununla, bir növ, qarabağlı gənclər qətiyyəti ilə erməni millətçilərinə sipər olan ölkə rəhbərinə öz ehtiramlarını bildirirdilər. Həmin tədbirdə Heydər Əliyevlə ünsiyyətimiz də oldu. Mən artıq Heydər Əliyev böyüklüyünü daha dərindən dərk edir, konkret faktların timsalında bu dahi şəxsiyyətin öz vətəninə, xalqına necə bağlı olduğunu görürdüm.
– 1993-cü ildən etibarən Siz artıq Heydər Əliyevin komandasında təmsil olunmağa başladınız. O dövrü necə xatırlayırsınız?
– Bəli, tale bizi Heydər Əliyevlə bir də 11 il sonra görüşdürdü. AXC-Müsavat hakimiyyəti dövründə Daxili İşlər Nazirliyində idarə rəisi vəzifəsindən azad edilmişdim və bölmə rəisi işləyirdim. Ozamankı iqtidar mənsublarının özbaşınalıqları, haqsızlıqlar, DİN-dəki çəkişmələr, qanun pozuntuları məni hətta o vəziyyətə gətirmişdi ki, həmin ərəfədə daxili işlər orqanlarından tərxis olunmaq üçün yazdığım raportu nazirliyin rəhbərliyinə təqdim etmək istəyirdim. Lakin qəbula düşə bilmirdim, deyirdilər ki, nazir əvəzinin vaxtı olanda qəbul edəcək.
Belə bir vaxtda, 1993-cü il iyulun 2-də DİN-in qərargah rəisi mənə dedi ki, Heydər Əliyev səni nazirin kabinetində telefona çağırır. Xatırladım ki, artıq ulu öndərimiz Prezident səlahiyyətlərini həyata keçirirdi. Bu xəbərdən çox həyəcanlandım. Telefonla danışdıq. Mənə dedi ki, Naxçıvanda vəziyyət olduqca gərginləşib. Sən orada daxili işlər naziri işləmisən, şəxsi heyət arasında nüfuzun var. Gedib vəziyyətə nəzarət edilməsi üçün tədbirlər gör. Heydər Əliyev kimi bir dühadan belə bir etimadı qazanmağın məsuliyyətini anlayaraq, təcili Naxçıvana getdim.
Əvvəlcə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri əvəzi, sonra isə nazir təyin olundum. Çox böyük çətinliklərlə, hətta sui-qəsdlə, terrorla üzləşdim. Lakin Heydər Əliyevin tapşırığını yerinə yetirmək üçün bütün qüvvələri səfərbər etdik və bir müddətdən sonra bölgədə kövrək də olsa, sabitliyi bərpa edə bildik. Naxçıvandakı durumla bağlı müntəzəm olaraq ulu öndərə məruzə edir, ondan müvafiq göstərişlər, məsləhətlər alırdım.
– Bir müddət sonra isə respublikanın daxili işlər naziri vəzifəsinə təyin olundunuz….
– Sözün düzü, bu təyinat da mənim üçün gözlənilməz oldu. 1994-cü il aprelin 29-da Prezident yanında DİN-in məsul işçilərinin müşavirəsi keçiriləcəkdi. İclasdan bir neçə saat əvvəl Prezident məni qəbul etdi, Naxçıvandakı vəziyyətlə, xidmət və həyat yolumla maraqlandı. İclasın gedişində isə nazirliyin ozamankı rəhbərliyinin işi kəskin tənqid olundu və daxili işlər orqanlarının fəaliyyətində ciddi dönüşün yaradılması tələb edildi. Sonda Heydər Əliyev gözləmədiyim halda bildirdi ki, məni ölkənin daxili işlər naziri təyin edir. Ümummilli liderimiz onu da qeyd etdi ki, Ramil Usubova tam inanıram, Prezident kimi ona etimad göstərirəm və bir də hamınızdan tələb edirəm ki, ona kömək göstərəsiniz. Bu sözlər mənim üçün ən böyük etimad və dəstək idi.
Beləliklə, mən Heydər Əliyevlə birgə işləmək, onun rəhbərliyi altında dövlət quruculuğu prosesində iştirak etmək imkanı qazandım. Sonrakı 9 ildə də Heydər Əliyevin misilsiz fəaliyyətini, vətənə və xalqa həsr olunan fədakar missiyasını daha geniş miqyasda gördüm. Bütün dövrlər üçün ən ali örnək ünvanımız kimi qəbul ediləcək böyük vətəndaş, dahi şəxsiyyət, qüdrətli lider yalnız xalqın rifahı, dövlətin qüdrətlənməsi, müstəqil Azərbaycanın parlaq gələcəyi naminə yaşayırdı. Elə onun fəaliyyət fəlsəfəsi, həyat mənası da yalnız bu idi.
– Cənab nazir, Heydər Əliyevin ikinci hakimiyyət dövrü daxili işlər orqanlarının fəaliyyətində hansı uğurlu proseslərlə əlamətdar oldu?
– Sualınıza cavabı qısa olaraq belə ümumiləşdirə bilərəm: Heydər Əliyev, demək olar ki, yenidən formalaşdırdığı, daxilən saflaşdırdığı daxili irşlər orqanlarının fəaliyyətini düzgün, müdrikcəsinə tənzimləyərək, ölkədə kriminogen durumun nəzarət altına alınması, cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili, ümumilikdə isə ictimai-siyasi sabitliyin təminatı kimi taleyüklü məsələlərin həllinə nail oldu.
Ulu öndər hələ 1994-cü il aprel müşavirəsində xidməti fəaliyyətdə yol verilmiş nöqsan və çatışmazlıqları açıq şəkildə qeyd edərək, onların tez bir zamanda aradan qaldırılması üçün dəyərli tapşırıq və tövsiyələrini vermişdi. Onun şəxsi nəzarəti ilə qısa müddətdə bu vəzifələr reallığa çevrildi. Ümummilli liderin 1994-cü ilin avqust ayında imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərman isə bu sahədə fəaliyyətin təşkilati-hüquqi bazasının və gələcək uğurların möhkəm təməlini qoydu. Eyni zamanda, mötəbər beynəlxalq təşkilatların, Avropa ekspertlərinin rəyləri nəzərə alınmaqla “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunlar, “Daxili işlər orqanlarında xidmət keçmə haqqında” və “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi haqqında” əsasnamələr qəbul edildi.
Məhz Heydər Əliyevin rəhbərliyi altında hüquq mühafizə orqanları respublikada tüğyan edən mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə qarşı uğurlu mübarizəyə, qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsinə başladılar. Vətəndaşlarımızın dinc, rahat yaşamaları üçün lazım olan şərait yarandı, onların dövlətə, hüquq mühafizə orqanlarına inamı daha da artdı, ictimai-siyasi, həmçinin kriminogen durum nəzarətə götürüldü. Sabitliyin bərqərar edilməsi isə öz növbəsində islahatların aparılmasına, iqtisadiyyatın bərpasına və inkişaf etdirilməsinə əlverişli zəmin yaratdı. Xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında respublikamızda iqtisadi tərəqqiyə yol açan “Əsrin müqaviləsi” imzalandı.
Lakin həyat göstərdi ki, Heydər Əliyevin milli maraqlarımızın təmin edilməsindəki qətiyyətli mövqeyi və yorulmaz fəaliyyəti ölkənin xaricində və daxildə olan məlum qüvvələri olduqca narahat edir. Onlar necə olursa-olsun Azərbaycanı bu yoldan döndərmək üçün müxtəlif vasitələrə əl atmağa başladılar. Niyyət bəlli idi: respublikadakı mövcud ictimai-siyasi sabitliyi pozmaq, süni qarşıdurmalar yaratmaq və son nəticədə ölkəni müstəqil inkişaf yolundan döndərmək. Ancaq ümummilli liderimiz 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında baş verən dövlət çevrilişi cəhdlərinin qarşısını öz zəkasının, müdrikliyinin gücü, onu dəstəkləyən xalqının əzmi və iradəsi ilə aldı. Müstəqilliyimiz qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə birdəfəlik son qoyuldu.
Xatırlatmaq yerinə düşər ki, hüquqda, o cümlədən bizim xidmətdə “Cinayət varsa, cəza labüddür” prinsipi daim fəaliyyət prioritetlərindən sayılıb. Bu baxımdan 1992-ci illə müqayisədə 2002-ci ildə ölkədə qeydə alınan cinayətlərin açılması 67 faizdən 94,8 faizə yüksəlmiş, ümumi cinayətlərin sayı 30,9 faiz, o cümlədən qəsdən adamöldürmələr 2,7 dəfə, quldurluq və soyğunçuluqlar 3,7 dəfə, oğurluqlar 5,2 dəfə, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 7,2 dəfə, nəqliyyat vasitələrinin oğurluğu 25 dəfə, habelə bağlı qalmış cinayətlər 13 dəfə azalmışdı. 10 il ərzində daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz saxlanılan 30 mindən artıq silah yığılmışdı. Hər il orta hesabla qrup halında 1000-dən artıq cinayətkar dəstə zərərsizləşdirilmişdi.
Ümummilli lider tərəfindən daxili işlər orqanlarının fəaliyyəti ilə bilavasitə bağlı olan, o cümlədən insan hüquq və azadlıqlarının həyata keçirilməsi mexanizmlərini tənzimləyən 34 qanun, 100-dən çox fərman və sərəncam imzalandı. Nazirlik sistemində islahatlar aparılaraq yeni qurumlar yaradıldı.
Hələ hadisələrin ən qaynar dövründə – 1994-cü il aprelin 29-da DİN-in rəhbər işçilərinin iştirakı ilə keçirilən müşavirədə Prezident Heydər Əliyev vurğulamışdı ki, “Daxili İşlər Nazirliyinin hər bir əməkdaşının sosial müdafiəsini təmin etməliyik. Bu əməkdaşlar ilk növbədə öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, ikinci növbədə isə onların mənafeyi müdafiə olunmalıdır”.
Göründüyü kimi, ölkənin müqəddəratının həll olunduğu bir vaxtda belə Heydər Əliyev daxili işlər orqanları əməkdaşlarının qayğısına qalır və onların da himayədarı olduğunu konkret qərarları ilə sübut edirdi. Onun xüsusi qayğısı sayəsində 1993-cü illə müqayisədə 2003-cü ildə nazirliyin büdcəsi 6 dəfə artmış, bu dəyişikliyin əsas qayəsini əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, xidmət şəraitinin yaxşılaşdırılması, yeni informasiya texnologiyalarının tətbiqi və sair təşkil edirdi. Bundan başqa, Daxili İşlər Nazirliyinin 300-dən çox əməkdaşı və hərbi qulluqçusu ölkənin yüksək dövlət mükafatları ilə təltif edilmiş, o cümlədən Milli Qəhrəman adına, orden və medallara layiq görülmüşdür.
Qısa müddətdə ölkəmizdə ictimai-siyasi, kriminogen durumun tam sabitləşməsi, sürətli inkişaf yoluna qədəm qoyulması, bütün istiqamətlərdə mütərəqqi islahatların başlanması yalnız Heydər Əliyevin polad iradəsi, fenomenal peşəkarlığı, qətiyyəti və yüksək idarəçilik bacarığı sayəsində mümkün olmuşdur. Daxili işlər orqanlarının fəaliyyətini düzgün istiqamətə yönəldən, onu xalqa və dövlətə xidmət üçün səfərbər edən ulu öndərimiz nəticədə istəyinə çatdı: daxildən saflaşan, təmizlənən daxili işlər orqanları və Daxili Qoşunlar Prezidentin inamını doğrultdu və ölkədə həyata keçirilən uğurlu islahatların təhlükəsizliyinin təminatçılarından birinə çevrildi.
Respublika daxili işlər orqanlarının əməyini daim yüksək qiymətləndirən ulu öndər 2002-ci ildə peşə bayramımızda şəxsən iştirak edərək bir daha xidməti fəaliyyətimizlə bağlı dəyərli fikirlər söylədi. Eyni zamanda, nöqsanlarımızı göstərib tövsiyələrini verdi, vəzifələrimizi müəyyənləşdirdi və nitqini bu sözlərlə bitirdi: “Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Bir daha deyirəm, mən Azərbaycanın Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram”.
– Heydər Əliyevin rəhbərliyi altında çalışan şəxs kimi ulu öndərin hansı xüsusiyyətini daha yüksək dəyərləndirirsiniz?
– Zənnimcə, Heydər Əliyev kimi nadir bir şəxsiyyətdən danışarkən onun xüsusiyyətlərini müqayisə etmək, hansınısa xüsusi qabartmaq düzgün deyil. Çünki bu dahi insanın malik olduğu bütün dəyərlər, xüsusiyyətlər ali səviyyədə idi, ən yüksək mənəvi həddə çatırdı. Heydər Əliyev bütün həyatını Azərbaycana həsr etmişdi və onun bütün xarakterik xüsusiyyətləri də bu missiyanın uğurla həyata keçirilməsini təmin edirdi.
Məsələn, ulu öndər çox mərhəmətli idi, hətta ona xəyanət edənləri də bağışlamışdı. Fəaliyyət müddətində səhv edənlərə güzəşt edirdi, ancaq məsələ dövlət mənafeyi ilə bağlı idisə, ən sərt tədbirləri görməkdən çəkinməzdi. Yəni onun elə bu hisləri – mərhəmət və sərtlik xüsusiyyətləri, əslində, elə bir-birinə zidd deyildi, tam mənada bir-birini tamamlayırdı.
Heydər Əliyev olduqca prinsipial rəhbər idi. İnandığı, düzgün saydığı mövqedən, Azərbaycanın maraqlarından zərrə qədər də geri çəkilməzdi. Mən bu məqamda 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrini xatırlayıram. Azərbaycana və şəxsən Heydər Əliyevin həyatına böyük təhlükə, qəsd var idi. Həm də həmin dövrlərdə hadisələrin nə ilə nəticələnəcəyi də, sözün düzü, bilinmirdi. Amma Heydər Əliyev şəxsən öz həyatını böyük risklər altına qoydu, təhlükəsizliyinin təminini əsla düşünmədi və bu barədə təkliflərimizə birmənalı etiraz etdi. Əsl sərkərdə kimi dövlətçiliyə qəsdin qarşısında mətin dayandı, əsl lider kimi xalqını səfərbər etdi, əsl vətənpərvər kimi də qalib gəldi.
Heydər Əliyev insanlara, o cümlədən komandasında çalışan məmurlara baxışını onların milli dəyərlərə bağlılığı, milli hisləri necə daşımaları ilə müəyyənləşdirirdi. Ulu öndər hər bir məmurdan peşəkarlıqla, qabiliyyətlə yanaşı, fəal vətəndaşlıq, yüksək vətənpərvərlik də tələb edirdi. Daim Azərbaycana bağlı olmaq, xalqın və dövlətin maraqlarını qorumaq liderimizin bizdən əsas istəyi idi.
Mən indi bu mövzuda danışarkən 20 il öncəki bir hadisəni xatırladım. Ötən əsrin 90-cı illərinin sonları idi. Ağır dövləti cinayətlərdə, o cümlədən Heydər Əliyevə qarşı sui-qəsddə ittiham olunan general Şahin Musayev Rusiya hüquq-mühafizə orqanları ilə birgə apardığımız əməliyyat tədbirləri nəticəsində həbs olunmuş və Azərbaycanın tələbi ilə onun ekstradisiyası gündəmə gəlmişdi. Lakin Rusiyanın Baş Prokurorluğu bu haqlı tələbi qəbul etməmiş və Ş.Musayev həbsdən azad olunmuşdu. Bir müddət sonra Rusiyadakı səfirimiz Ramiz Rizayev məlumat verdi ki, Şahin Musayev hakimiyyətdən bir təmsilçi ilə görüşmək istəyir və onun arzusu odur ki, görüşdə məhz mən olum. Heydər Əliyevin tapşırığı ilə Moskvada Ş.Musayevlə görüşdüm. Ona hakimiyyətin tələblərini çatdırdım və Bakıya dönməsini tövsiyə etdim. Lakin Ş.Musayev birmənalı bildirdi ki, “mən Bakıya dönməyəcəyəm. Heç sizlər də məni ekstradisiya edə bilməyəcəksiniz. Çünki mən Baş Kəşfiyyat İdarəsinin əməkdaşıyam. Onlar məni sizə təhvil verməzlər”.
Bakıya dönərək söhbət barədə ulu öndərə məruzə etdim. Mən Heydər Əliyevə müraciətlə bəlkə mövzunu Prezident Boris Yeltsinlə müzakirə edəsiniz?! O, yəqin, ekstradisiya məsələsinə kömək edər dedim. Heydər Əliyev bir qədər düşündükdən sonra, hətta bir anlıq tərəddüdlə rusiyalı həmkarına zəng etdi. Boris Yeltsinə mövzu barədə geniş məlumat verdi, Şahin Musayevin dövləti cinayətlərdə və şəxsən ona qarşı sui-qəsddə iştirakının məhkəmədə tam təsdiq olunduğunu söylədi. Boris Yeltsinin cavabı isə əslində elə Heydər Əliyevin gözlədiyi kimi oldu: “Heydər Əliyeviç, məsələdən xəbərdaram. Mənə Şahin Musayev barədə məlumat veriblər. O, bizim mühüm dövlət sirlərimizin daşıyıcısıdır. Bağışlayın, bu səbəbdən onu sizə ekstradisiya edə bilmərik”.
Heydər Əliyev dəstəyi yerinə qoyandan sonra acı-acı gülərək “Ramil, görürsən ovaxtkı rəhbərlik necə agentləri, kəşfiyyatçıları ordumuzun başına qoymuşdu?! Onlar bizim Qarabağdakı uğursuzluqlarımızın əsas səbəbkarlarıdır. Bu agentlər Azərbaycandan başqa hər qüvvəyə, hər kəsə xidmət etdilər” dedi.
Bəli, Heydər Əliyev, həmişəki kimi, tam haqlı idi. Təsəvvür edin, Şahin Musayev kimi xarici ölkə kəşfiyyatına xidmət etməsi məlum olan birisi Azərbaycanın müdafiə naziri səlahiyyətlərini icra etmiş, nazirliyin Baş Qərargah rəisi təyin olunmuşdu. Azərbaycan Ordusunun bütün taleyi milli hislərdən, azərbaycançılıqdan uzaq olan adama tapşırılmışdı. Özü də bu fakt tək deyildi, belə hallar onlarla idi.
Heydər Əliyev bütün müqayisələrin fövqündə durur və onu heç vaxt kiminləsə, o da ola tarixmizə adı qara ləkə kimi düşmüş insanlarla müqayisə etməmişəm. Amma həqiqət müqayisədə üzə çıxdığından bu açıq və səmimi söhbətimizdə hökmən bir məqama nəzər salmalıyam: Heydər Əliyev 1988-1993-cü illərdə ölkəyə rəhbərlik etsəydi, belə agentlər, xainlər vəzifə tuta bilərdilərmi? Yaxud, ümumiyyətlə o dövrdə rəhbərlikdə məhz Heydər Əliyev olsaydı, həmin illərin təlatümləri, tənəzzülləri, Qarabağ münaqişəsi yaranardımı?
Biz Azərbaycan xalqı olaraq Heydər Əliyevli illərimizin qürurunu yaşadığımız kimi, Heydər Əliyevsiz keçən 1988-1993-cü illərin məşəqqətlərini, faciələrini də unutmuruq və bunları yeni nəslə daim təlqin etməliyik.
Heydər Əliyevi hər zaman özümə müəllim, həyat məktəbi kimi qəbul etmişəm, daim ondan öyrənmişəm. Əslində, ulu öndərin irsi elə bir mükəmməl idarəçilik, qüdrətli liderlik və böyük vətəndaşlıq məktəbidir ki, milyonlarla həmvətənimiz də onu özünə örnək, nümunə seçib. Yəni Heydər Əliyevin malik olduğu xüsusiyyətlər, daşıdığı dəyərlər onun dünyanın ən böyük azərbaycanlısı statasuna yüksəlməsini şərtləndirməklə yanaşı, Azərbaycanın da qüdrətlənməsini, müstəqilliyinin daimi, dönməz hal almasını təmin edib. Sanki elə Heydər Əliyevin timsalında deyiblər: liderin xarakteri onun millətinin və dövlətinin taleyini müəyyənləşdirir. Bu baxımdan bugünkü tarixin ən qüdrətli Azərbaycanı da məhz ulu öndərin və Prezident İlham Əliyevin xarakterik xüsusiyyətlərinin məntiqi nəticəsidir.
– Cənab nazir, Heydər Əliyevlə bağlı son görüşünüzü necə xatırlayırsınız?
– Söhbətimizin əvvəlində də qeyd etdim ki, Heydər Əliyevlə bağlı xatirələrim saysız-hesabsızdır. Onunla hər görüş, verdiyi tövsiyə və tapşırıqlar yaddaşıma işıqlı bir xatirə kimi həkk olunub. Ancaq ümummilli liderimizlə son görüşümüzü – 2003-cü ilin 8 iyulunda keçirilən Təhlükəsizlik Şurasının iclasında aldığım təəssüratı indi də həyəcanla xatırlayıram.
Müalicə üçün Türkiyəyə gedəcək Prezident bizə məsləhətlərini, göstərişlərini verdi. O, Azərbaycan dövlətini, müstəqilliyimizi göz bəbəyi kimi qorumağı, xalq qarşısında daşıdığımız məsuliyyətə, öhdəliyə sadiq olmağı, vətəndaşlarımızın qeydinə qalınmasını, ən nəhayət, Heydər Əliyev komandasının hər bir üzvünün bundan sonra da daim dövlətçilik mövqeyində, bir cəbhədə, monolit siyasi platformada olmasını tövsiyə etdi. Həmin anda da onun daxili əzəməti, qətiyyəti, müdrikliyi, yenə də öz sağlamlığını yox, məhz həyatından çox sevdiyi xalqını düşünmək hissi, hətta yumor duyumu belə əvvəlki kimi güclü idi.
2003-cü il aprelin 21-də Respublika sarayında keçirilən tədbirdə çıxış edərkən aldığı xəsarətdən yaranan ağrılara baxmayaraq, yenə də tribunaya qayıdıb, öz yenilməzliyini, qətiyyətli, dönməz sərkərdə qüdrətini bütün dünyaya nümayiş etdirən Heydər Əliyev mənim nəzərimdə daim zirvələrdə olan və bu yüksəklikdən heç zaman enməyəcək dahi İnsan obrazını qətiləşdirdi. Budur mənim tanıdığım və həyat örnəyi kimi qəbul etdiyim ulu öndər!
– Heydər Əliyev ideyaları bəs bu gün necə reallaşır və milli inkişaf strategiyasında hansı əhəmiyyət daşıyır?
– Prezident İlham Əliyevin liderliyində Azərbaycanın tarixinin ən qüdrətli dövrünü yaşaması, qazandığı mühüm nailiyyətlər, qlobal miqyasda əldə etdiyi böyük nüfuz, bölgənin lider dövlətinə çevrilməsi və saysız-hesabsız digər uğurlar məhz Heydər Əliyev ideyalarının uğurla həyata keçirilməsinin nəticəsi və təntənəsidir. Heydər Əliyev ideyaları Azərbaycanın müstəqillik kursunun, hərbi strategiyasının, sosial-iqtisadi inkişaf konsepsiyasının və digər zəruri dövlətçilik istiqamətlərinin əsas xəttidir.
Respublikamız məhz Heydər Əliyev ideyalarının işığında, qüdrətli liderimiz cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə inamla irəliləyir. Ulu öndərimizin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyərək əmanət etdiyi şah əsərini – müstəqil Azərbaycanı bu gün Prezidentimiz böyük qətiyyət, yüksək təşkilatçılıq istedadı və fədakarlıqla qoruyur, inkişaf etdirir.
Prezident İlham Əliyev Azərbaycanı Avropanın əsas enerji təminatçılarından birinə, qitələrarası ən səmərəli logistik məkana, kosmik dövlətə, BMT Təhlükəsizlik Şurasının üzvünə, dünyanın ən mükəmməl sülh və əməkdaşlıq platformasına çevirib. Qlobal böhran şəraitində milli inkişafı qoruyub və daha da sürətləndirib, əhalinin rifahının dəfələrlə yüksəlməsini təmin edib.
Ali Baş Komandanımızın rəhbərliyi altında Silahlı Qüvvələrimiz Aprel zəfərini qazanıblar və Böyük Qayıdışın ilk ünvanı olan Cocuq Mərcanlı qısa müddətdə Cənubi Qafqazın ən abad, ən müasir kəndinə çevrilib.
Dünya çox çətin dövrdə yaşayır. Son iyirmi ildə onlarla ölkə bir anın içində vətəndaş müharibəsinə sürüklənib, dövlətçiliyini, müstəqillyini itirib, milyonlarla əhali qaçqına çevrilib. Yaşadığımız bölgənin də daxil olduğu coğrafi ərazidə terror, siyasi xaos, dini radikalizm yönündə çoxsaylı müharibələr yaşanır. Bu bəlalar Azərbaycanın sərhədinə doğru irəliləyir və onu ölkəmizə keçirmək istəyən məlum qüvvələr uzun illərdir ki, dayanmadan fəaliyyətdədirlər. Lakin Prezident İlham Əliyevin düzgün siyasəti, müdrik qərarları nəticəsində Azərbaycan bu problemlərdən uğurla qorunur, ictimai sabitlik, kriminogen durum ciddi nəzarət altında saxlanılır.
Daxili işlər orqanlarına Prezident İlham Əliyevin böyük dəstəyi, himayədarlığı bizə xidməti fəaliyyətimizdə əsaslı dəstək, yüksək mənəvi stimul verir. Son 15 ildə bəzilərinin təməlqoyma və ya açılış mərasimlərində cənab Prezidentin şəxsən iştirak etdiyi yüzlərlə obyektin tikintisi və ya yenidən qurulması başa çatdırılıb, minlərlə nəqliyyat vasitəsi, xüsusi texnika alınıb. Sahə polis məntəqələrindən baş idarələrədək bütün inzibati xidmət müəssisələri yenilənib, maddi-texniki təminatı yüksəldilib, informasiya texnologiyaları ilə təchizatı yüksək səviyyəyə çatıb. Bu müddətdə vəzifə və rütbəyə görə maaşların artırılması ilə bağlı 14 sərəncam imzalanıb və nəticədə əməkhaqları orta hesabla 16 dəfə artıb. Şəxsi heyətin gərgin əməyi və fədakar xidməti dövlət başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək, ötən 15 ildə 626 əməkdaş dövlət mükafatları ilə təltif olunub, 44 rəhbər vəzifəli şəxs ali xüsusi rütbələrə layiq görülüb.
Ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik zati-aliləri Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsi olaraq Azərbaycanın genişmiqyaslı inkişafının və müstəqillik kursunun əsas təminatçı amillərindəndir.
– Cənab nazir, bəs ictimai-siyasi sabitliyi formalaşdıran əsas amil nədir?
– İstisnasız olaraq xalq-iqtidar birliyi! Vətəndaşlarımızın cənab İlham Əliyevə və onun hakimiyyətinə olan inamı ölkədə güclü həmrəylik və monolit ictimai birlik yaradıb. Son prezident seçkiləri də göstərdi ki, Azərbaycan xalqı cənab İlham Əliyevə alternativ görmür, onun siyasi kursunu birmənalı dəstəkləyir. Qeyd edim ki, ötən ay keçirilən prezident seçkilərinin nəticələri həm də Heydər Əliyev ideyalarının növbəti qələbəsi idi.
Ümummilli liderimizin yubileyinə ən böyük töhfə məhz zati-aliləri İlham Əliyevin liderliyindəki güclü, qüdrətli Azərbaycandır! Heydər Əliyev ideyaları Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımızın xoşbəxtliyini təmin edəcəkdir! Bu müqəddəs vəzifənin həyata keçməsində Azərbaycanın daxili işlər orqanlarının və onun ayrılmaz hissəsi olan Daxili Qoşunların şəxsi heyəti öz Prezidentinin, Ali Baş Komandanının ən sadiq silahdaşlarından olacaq, ulu öndərimizin bizlərə əmanət etdiyi müstəqil Azərbaycanın daha da çiçəklənməsi və qüdrətlənməsi üçün üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəkdir.
MilliYol.Az
Digər xəbərlər
loading...