Azərbaycana gələn xarici ölkə vətəndaşlarının, turistlərin təhlükəsizliyi etibarlı şəkildə təmin olunur, onların hər bir müraciətinə həssaslıqla yanaşılır
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölkəmizə turist kimi gələn əcnəbi vətəndaş nazirliyin “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək Səbail rayonu ərazisində yaşadıqları mənzildən oğurluq olduğunu deyib.
Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməkdaşları dərhal Nizami küçəsindəki hadisə baş verən ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, aprelin 30-da axşam saatlarından mayın 1-də səhərədək olan müddətdə mənzildə yaşayan 4 əcnəbi vətəndaşın ümumilikdə 815 ABŞ dolları, 280 manatı, 220 tüməni və 1 mobil telefonu oğurlanıb.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək “isti izlər”lə saxlanılıb.
Araşdırmalarla onun həmin turistlərə bələdçilik edən Astara rayon sakini Ramid Nəbiyev olduğu müəyyənləşib. Məlum olub ki, o, kirayənişinlərin mənzildə olmamalarından istifadə edərək əvvəlcədən hazırladığı ehtiyat açarla mənzilə qanunsuz daxil olaraq onların pulunu və mobil telefonunu oğurlayıb.
“Samsung S-3” markalı mobil telefon maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Əcnəbi vətəndaşlar onların müraciətlərinə dərhal reaksiya verilməsinə və operativliyə görə polis əməkdaşlarına təşəkkür ediblər.
Digər xəbərlər
loading...