“The New York Times” qəzeti məşhur türk futbolçusu Hakan Şükürdən müsahibə alıb. Hazırda FETÖ-çü kimi ittiham olunan sabiq futbolçu Türkiyədən qaçaraq ABŞ-da məskunlaşıb
Strateq.az jurnalist Con Brançın hazırladığı yazını oxucularına təqdim edir:
Palo Alto (Kaliforniya). — Bir çox müştəri bu hündür, zövqlə geyinən, Tuts Bakery and Cafe’də masa üstündən istifadə olunmuş qab-qaşıq və fincanları yığan kişini tanımır. Niyə tanımalıdırlar ki? Və həmin kişi burada nə işlə məşğuldur?
Müştərilər kafeyə daxil olub, şüşə altında zövqlə düzülən yeni bişmiş çörək və digər un məmulatlarını seyr edir, divarda isə səliqəli kişi xəttilə yazılan menüya baxırlar. Sonra, daha bir addım atıb, latte və ya çay, avokadolu tartalet və ya menemen sifariş edirlər.
Nahar zamanı isə, əsasən, çörəkarası sucuk və ya izqara köftə seçilir.
Məhz izqara köftə yeyərək Hakan Şükür burada nə iş gördüyünü izah edir. Burada deyərkən, Hakan nə bu yüksəkkeyfiyyətli kafe, nə Palo Alto, nə də Amerikanı nəzərdə tutur. Ancaq fakt odur ki, o buradadır. Çətin vəziyyətdə, vətənindən didərgin və hamının gözü qabağında gizlənərkən.
46-yaşlı Hakan Şükür Türkiyənin ən tanınmış idmançılarından biri, Dünya çempionatının qəhrəmanı və bir-neçə Avropa top-liqaların veteranıdır. O bütün şöhrətini siyasi karyeraya çevirdi və Türkiyə parlamentinə seçildi. Bakenbardları belə ağarsa da, o hələ də çox yaxşı seçilir.
Beləliklə, Hakan Şükür Palo Altoda necə peydə olub?
Türkiyəyə qayıtmağa icazə versələr, onun uşaqları qocalmış nənə-babalarını nə vaxtsa görə biləcəkmi?
Sükür deyir: “Bu mənim ölkəmdir. Xalqımı da sevirəm, baxmayaraq ki, əlaltı media haqqımda pis fikirləri insanlara artıq yedirdə bilib. Bəlkə gələcəkdə Türkiyəyə qayıda bildim”.
Onun ingiliscəsi yaxşıdır və sürətlə inkişaf edir. Ancaq söhbət ciddi müstəviyə keçəndə, Hakan cümlələri ingiliscə başlayıb dərin fikirlərini türkcə tamamlayır ki, tərcüməçiyə nə demək istədiyini dəqiqliklə çatdırsın.
Bu onun 2015-ci ildə Türkiyəni tərk edəndən bəri ilk müsahibəsidir. 1 il sonra, 2016-cı ilin iyulunda dövlət çevrilişinə uğursuz cəhd baş verir və sabiq partiya silahdaşı və keçmiş dostu Ərdoğan hakimiyyətini gücləndirir.
250-əyə yaxın adam ölür, 60 mindən çoxu polis tərəfindən saxlanılır (jurnalistlər, akademiklər, siyasi rəqiblər və əks-fikir söyləyənlərin böyük bir qismi).
Ərdoğan Türkiyədə ordu, məhkəmələr, media və internetə nəzarəti ələ keçirir. Şükür, həyat yoldaşı və 3 övladı o zaman artıq Türkiyəni tərk etmişdilər.
İndi bunu daha az adam edə bilir – ölkəni tərk etmək qadağası bir çoxlarına tətbiq edilib. Şükürün siyasi əlaqələri və şan-söhrətini Ərdoğan tərəfdarları Hakana qarşı istifadə etməyə başladı. Atası 1-illik həbdə atıldı, evləri, biznesi və bank hesablarını isə hökumət əlindən aldı.
Hamıya bəlli idi ki, Hakan ABŞ-dadır. Amma yalnız keçən ilin payızında Türkiyənin dövlət mediası xəbər yaydı ki, Şükür Palo Altoda “ədalətdən gizlənir” və xəlvətcə çəkilmiş fotolarını yaydı.
Türkiyədəki dost-tanışları ona gizlincə xəbər çatdırıblar ki, əgər Hakan açıq-aşkar Ərdoğan və hökuməti dəstəkləsə, onda ölkəyə qayıdıb var-dövlətini geri ala bilər.
Hakan Şükür: “Mən çox yaxşı həyat yaşamışam. Əgər onların dediyi kimi oynasaydım hətta nazir olacaqdım. İndisə mən burada qəhvə satıram”.
Sonra, gülümsəyərək izqara köftəyə göstərib, metaforik olaraq deyir ki, “hətta Norveçdə belə, qaranlıq qışın ardınca günəşli yay gəlir. Qaranlıq həmişəlik deyil. İnanıram ki, bir gün işıq saçacaq”.
Bir-neçə dəqiqədən sonra Türkiyənin ən məşhur qaçağı ayağa qalxır və qonşu masanın üstünü təmizləyir. Türkiyədə Hakan Şükür fanatların diqqət mərkəzindədir, burada isə ona fikir verən yoxdur.
Hakan Şükür həm də Fəthullah Gülənin şagirdidir. Pensilvaniyada artıq 20 ilə yaxındır ki, məskünlaşan ilahiyyatçıyla Ərdoğanın arası dəyəndə, Şükürü də çətinliklər əhatə etməyə başladı.
Hakan 2013-ci ildə üzvü olduğu AKP-ni tərk edir:
“Parlamentdən gedəndən sonra biznesim inzibati əngəllərlə üzləşməyə başladı. Nə etdiyimə baxmayataq, hər zaman hansısa problem yaradılırdı. Düşündüm ki, bunlardan uzaqlaşsam yaxşı olar və hər şey sakitləşər. Mən isə hüzur içində olacam”.
2015-ci ilin payızında Şükür Palo Altodakı dostugilə gəlir. Texnoloji dünyasının beyin mərkəzlərindən biri – məşhur Stanford Universitetinin yaxınlığı onun xoşuna gəlir.
“Xoş mühit, xoş həyat”, deyir.
Kaliforniyada 1 ay keçirəndən sonra, Hakan Türkiyədəki vəziyyətin pisləşdiyini görür. Dostunun yerli kafedəki payının bir hissəsini satın alır və 2016-cı ildə təmirdən sonra kafeni yenidən işə salır. Sonra da yoldaşı Beydaya deyir ki, 3 övladlarıyla birlikdə, Tükiyəni tərk edib ona qoşulsun. 18 və 16 yaşında iki qızı və bir 12-yaşlı oğlu var.
Hakan: “İstəyirəm ki, azad, müstəqil insan olsunlar. Türkiyədə ikən, məşhurların övladlarına bir cür yanaşırlar. Mən isə istəyirəm ki, onlar mümkün qədər xeyli ölkə gəzib, müxtəlif mədəniyyətləri öyrənib, ayrı-ayrı insanlarla rastlaşıb, məxsusi düşüncəli insan olsunlar. Buna görə də Amerikanı seçdim. Türkiyədə təzyiqlər artandan sonra lap yerinə düşdü”.
Aylar sonra Türkiyədə çevrilişə cəhd oldu. Təşkilatçı Gülən elan edildi. Və avtomatik olaraq, bütün gülənçilər şübhə altına düşdü. Hakan da.
NBA basketbolçusu Enes Kanter də. Onlar bütün ittihamları rədd edir və tez-tez görüşürlər. Hakan Amerikada olsa da, özünü tam təhlükəsizlikdə hiss etmir. Evində də tanımadığı insanları qəbul etmir – bütün görüşlər yalnız işlətdiyi kafedə keçirilir. Xahiş də edir ki, uşaqlarının adları heç bir məqalədə açıqlanmasın.
Hakan: “Basketbolçu LeBron James prezidenti barədə, hökuməti haqda düşündüyünü deyir. Bu azadlıq üçün çox vacib amildir. Mən də Türkiyədə düşündüyümü söylədim. Nəticədə, problemlərlə üzləşdim”.
Şükür deyir ki, bu yaxınlarda türk telejurnalist dostuyla Türkiyədəki xoşagəlməz vəziyyət haqda xeyli söhbət edib. Həmin adam ertəsi gün qəzetlərin birində hökuməti tərifləyib:
“Növbəti gecə əlaqə saxladım ki, niyə belə demisən? O da cavab verdi ki, “daha nə deyə bilərdim?” Hətta təklif etdi ki, “özünü sakit aparsan ölkəyə rahatlıqla qayıda da bilərsən”. Amma, bu mümkünsüzdür! Minlərlə insan belə çətin vəziyyətdədir. Və mən öz maraqlarımı digərlərindən üstün tutub belə bir şey söyləsəydim, özümə heç hörmət etməzdim.”
Gələcək planlar
Şükür müntəzəm olaraq ata-anası ilə FaceTime vasitəsilə əlaqə saxlayır. Atasının 77 yaşı var. Həbsən çıxıb, ancaq xərçənglə savaşmaqdadır: “Keçən həftə atam oğluma deyir ki, “darıxıram sənin üçün, bağrıma basmaq istəyirəm”. Əvvəl oğlum, sonra atam, nəticədə isə hamımız ağlamağa başladıq. Bilirəm ki, Amerikada doğmalarından uzaq milyonlarla insan belə yaşayır.”
Şükür özünü ailəsi üçün Amerika xəyalını gerçəkləşdirmək istəyən immiqrant kimi görür. Vizası 2020-ci ildə bitir. O zaman, Hakan “green card” üçün müraciət edəcək.
Planı isə sırf indi işlətdiyi kafe ilə bağlı deyil. O Amerikada məşqçi statusunu qazanmaq və idman akademiyasını qurmaq istəyir. Türkiyədə qura bilmədi. Hərçənd, istəyi var idi.
Türkiyəli sərmayeçilər siyasi durumuna görə, Hakanla işbirliyi yoluna çıxmaqdan çəkinirlər. Bu səbəbdən, Hakan ümidini amerikalı investorlar və idmançılara bağlayıb. Əlaqələri genişdir.
Müştəriləri kimi, Şükürün qapı qonşuları da onun kim olduğunu bilmir. Ancaq Türkiyədən gəlmiş ailə kimi tanıyırlar:
“Qonşularımdan biri kafeyə gəlir və görür ki, bir-neçə insan mənimlə foto çəkir. Sonra isə təəccüblə soruşur ki, “onlar niyə səninlə şəkil çəkdirirlər? Sən axı heç yaraşıqlı biri deyilsən.”
Hakan xeyli gülür. Nahar fasiləsi bitib və o bir qədər rahatlana bilir.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...