Milli Məclisin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi geniş müzakirələrə səbəb olub
“Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı qanunlar qəbul edərkən onların maliyyə təminatı barədə də bizə məlumat verilməlidir” - Bunu deputat Qüdrət Həsənquliyev deyib.
Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında göstərilib ki, ölkədə 620 min əlil var, onların 72 mini 18 yaşa qədər olan uşaqlardır: “2014-2018-ci illərdə əlillələrin mənzil təminatı ilə bağlı Prezident sərəncam imzalayıb. 2018-ci ilin sonuna qədər 5731 əlilin mənzil təminatı həll olunmalı idi. Dövlətin bu əlilləri ən azı ağlabatan müddətdə evlə təmin etmək imkanı yoxdursa, o zaman biz bu qanunu niyə qəbul edirik? 5731 nəfərdən neçəsinin evlə təmin edilib? Nazir müavini xahiş edirəm bu barədə məlumat versin. Nazirliyin saytında bu rayonlar üzrə qeyd edilib. Mən Zərdab rayonu üzrə rəqəmlərə baxdım. Məlum oldu ki, ötən il 67 nəfər ev növbəsinə durub, cəmi 7 nəfər evlə təmin edilib. Bu hüququ onlara verib evlə təmin etməyəcəyiksə, həmin şəxsləri dövlət orqanlarının qapısında qoymağa ixtiyarımız yoxdur. Bu tipli qanunlar müzakirəyə çıxarılarkən əlillərin sayı, onların mənzillə təminatı üçün hansı işlər görüləcəyi barədə məlumat verilsin”.
“Əlilliyin müəyyənləşdirilməsi istiqamətində xeyli işlər görülür. Amma yenə də idarələr arasında süründürməçiliklər var” - Bunu isə deputat Əli Məsimli deyib.
Deputat əlillərə verilən müavinətlərin artırılmasını təklif edib: “Bu gün I qrup Qarabağ əlilinə 182, II qrup 154, III qrup 121 manat pul verilir. I qrup mülki əlillərə isə 124, II qrupa 61 , III qrup əlillərə i52 manat vəsait verilir. 52 manat nə deməkdir? Bu kifayət qədər az məbləğdir. Hesab edirəm ki, əlillərin aldığı müəavinəti 2 dəfə artırmaq lazımdır. Həmin müavinətlər 300 manat olmalıdır ki, həmin şxəslərin heç olmasa dərmanına çatsın”.
Deputat Musa Quliyev isə əlilliklə bağlı mövcud problemlərdən bəhs etdi: “37 min 700 nəfərə imtina cavabı verilir və vətəndaş da bunun səbəbini bilmir. Korrupsiya ilə mübarizə aparaq, bunun yolları çoxdur. Vətəndaşın hətta məhkəmə qərarından şikayət etmək hüququ var, amma əlilliklə bağlı cavabdan şikayət hüququ yoxdur. Vətəndaşı, əlili görmədən necə onunla bağlı qərar verilə bilər? Ona görə də qanunvericiliyə bununla bağlı əlavələr etməliyik”.
Deputat Araz Əlizadə də əlillərin müavinatının çox aşağı olduğunu bildirdi: “Minimum tələbat zənbili 174 manatdır. Əlilə isə 52 manat müavinat veririk. Deputatlardan kim bir ayda 52 manatla dolana bilər, əlini qaldırsın”.
Deputat Məlahət İbrahimqızı isə dedi ki, əlil uşaqlar 18 yaşından sonra təhsil haqqından azad deyil, bu da insanlarımızı ciddi narahat edir.
“Həmçinin iki valideynini itirən uşaqlar təhsil haqqından azad olsa da, bir valideynini itirən uşaqlar təhsil haqqından azad deyil. Ölkədə belə uşaqların sayı 100-dən çox deyil. Mən əminəm ki, cənab prezidentin xəbəri olsa, humanist addım atar”, - deyə deputat bildirdi. M.İbrahimqızı bir neçə şəhid vermiş ailələrlə bağlı da təkliflər verdi.
MilliYol.Az
Digər xəbərlər
loading...