Kulis.az Narıngülün yeni şeirlərini təqdim edir
Əl vurma öldürəcək
Kimdir pozan tanrının
Əlifba sırasını?
Kim çəkdi saman çöpünü,
Dağıtdı yuvasını?
Ölüb pəncərə gözləri
Bu evin gəlmir nəfəsi,
Ay qonşu, bağla bu ömrü,
Qapıya kilid əvəzi.
Bu evdən bir tin o yana,
Tutubdur tanrı qarğışı,
Kəpənək qanadlarıyla
Saxlayır yağan yağışı.
Yolunda elan lövhəsi:
Bu sevdadan əl çək!
Bu həsrət açıq qalıbdır,
Əl vurma, öldürəcək!
Yağış
Bu yağış
Yerin beynini döyəcləyir.
Hava su dadır.
Qulağı tutulub kənd evlərinin
Tüstüsündən yaş damır.
Yola doğru yerimir
Ayaqlarına doğru yeriyir
İslanmış qadın.
Dumana bürünüb
Bu kəndin hər yeri
Dumana bürünüb
Qadının əynindəki
köhnə kişi pencəyi.
Qapqaynar, ipisti
Həyat var hardasa.
Burdasa...
Bir qarış uzanır
Göbələk ömrü,
Yağış ömrü,
Yaz ömrü.
***
Əllərin də öldü bir may səhəri,
Sənin nə vecinə dünya kiçildi.
Sonuncu məktubdur mənim ürəyim...
Əllərin açmayan yaz çiçəyidir,
Çıxart əllərini qarın altından.
Qar da soyutmadı ürəyimizi.
Yenə günəş doğar bir may səhəri,
Gəzib axtararıq kəpənəkləri
Yaddaşı olmaz ki kəpənəklərin...
Eh! Biz də düşərik bizdən uzağa,
Oxu uzaqlarda, oxuya bilsən
Sonuncu məktubdur mənim ürəyim...
Ürəkdə qalan var
Bu sevgi baş qatmaq üçündür, mübarək olsun!
Bir gözəl nağıldı ki, içində yalan var...
Unudub gedən qayıtmaz, kürəyi ağaran yoldu,
Nə bilsin arxada saralıb solan var...
Ayrılıq qapısız evdi, naxışı, bəzəyi yerində,
Ən dəhşətlisi odur ki qəlbində talan var...
Dərdin canı yox, cüssəsi yox, çəkisi yox ki,
Dərdi dağ edib, gətirib ürəyə salan var...
Göyü bir topa buludla, payızla imtahan etmə,
Arxanda buluddan betər gözləri dolan var...
Hər gecə qəlbini yu, hər gecə unut deyirsən,
Unutmaq çətin deyil ki, heyf ürəkdə qalan var...
Müharibə
Müharibə
iri, tor zənbillərlə gətirildi
hamıya çatdı.
Güllələr
əvvəlcə havalı-havalı oynadı
sonra sevdiklərini tapdı.
Geriyə
nəm torpaq ətirli
məktublar qayıtdı.
Bağışla
Eşq dediyin nədir ki, bir az qəm, bir az həvəsdi
Özünə başqa həvəs tap, burax getsin bu eşqi bəsdi.
Sıxılsan, sevgini də at ruhun azad olsun,
Kimsə yox ki, sevib atdığın qədər yad olsun.
Qorxma ayrılıqdan, sevgi gəlişdi-gedişdi,
Unut məni, onsuz da unutmaq köhnə işdi.
Hər ayrılıqda bir az eşq, bir az darıxmaq ətri var,
Ayrılaq dost kimi, aramızda sevgi xətri var.
Biz sevgini atdıq, çöldə qaldı qarla, yağışla
Məni o çöldə qalmış qərib sevgiyə bağışla.
MilliYol.Az
Digər xəbərlər
loading...