Ankara Suriya siyasətini dəyişir - 3 səbəb
Türkiyənin baş naziri Binali Yıldırım şənbə günü xarici media nümayəndələrinə verdiyi brifinqdə Suriya mövzusuna bir daha toxunub. Suriya probleminin artıq regional böhrana çevrildiyini bildirən baş nazir Ankaranın münasibətini də qeyd edib.
Suriya münaqişəsinin həllində əsas tərəflərdən birinin bu ölkə ilə 911 kilometr sərhədləri olan Türkiyə olduğunu xatırladan Yıldırım hazırda regionun və dünyanın bütün güclü dövlətlərinin Suriya böhranında bu və ya digər şəkildə iştirak etdiyini söyləyib. Yıldırım deyib ki, indi Ankaranın əsas hədəfi Suriyada axan qanın dayanması, insan həyatı üzərindən aparılan qanlı rəqabətin dayandırılmasıdır. 6 ay içərisində ciddi gəlişmələrin olacağını qeyd edən Yıldırım hazırda əsas öncəliklərinin Suriyanın ərazi bütövlüyünün qorunması olduğunu deyib. Eyni zamanda ölkənin bir etnik və ya dini qrupun idarəsindən çıxarılmalı olduğunu bildirib.
Baş nazir onu da deyib ki, Suriyanın gələcəyində Bəşər Əsədin olmasına razı olmasalar da, hazırkı şərtlərdə keçid dönəmində Əsədin qalması mümkündür. “Biz Suriyanın gələcəyində PKK, İŞİD və Əsəd olmamaldır, deyə düşünürük - bu ölkədə sabitliyin tam olaraq bərpa olunması üçün. Ancaq istəsək də, istəməsək də hazırda əsas oyunçulardan biri Əsəddir.
Digər etnik qruplar da öz imkanları çərçivəsində mübarizə aparırlar - PYD, İŞİD, digər qruplar, rejim tərəfdarları. Eyni zamanda bir şəkildə ABŞ, Rusiya, Türkiyə, İran və digər ölkələr münaqişənin həll olunması naminə Suriyada mövcudluğunu qoruyub saxlayırlar”, - deyə Yıldırım qeyd edib.
Ancaq daha sonra Türkiyə baş nazirinin ofisi açıqlama yayaraq “Reuters” Agentliyinin Yıldırımın dilindən “keçid dönəmində Əsədlə danışıqlar aparıla bilər” ifadəsini təkzib edib. Açıqlamada Əsədin tərəf-müqabilinin Suriya müxalifəti olduğu qeyd edilib.
Ancaq istənilən halda həm son açıqlama, həm də bundan əvvəlki rəsmi Ankaranın Suriya münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlər, hökumətin Suriya ilə bağlı siyasətində dəyişiklik etməyə hazırlaşdığını göstərir. Amma təbii ki, Türkiyə 5 ilə yaxın bir müddətdə kəskin bir xətti aparıb, indi bu siyasətin 180 dərəcə dəyişməsi mümkün deyil. Lakin baş nazirin də qeyd etdiyi kimi, Suriyadakı vəziyyət, bölgədəki şərtlər Türkiyəni Suriya siyasətinə yenidən baxmağa sövq edir. Türkiyəni bu dəyişikliyə sövq edən isə bir neçə önəmli səbəblərdir.
İlk növbədə Suriyada davam edən savaş və onun gətirdiyi humanitar fəlakət qeyd olunmalıdır. 5 ildən artıq davam edən hərbi münaqişədə Suriya hakimiyyətini silahla devirmək mümkün olmadı. Əksinə, son illərdə Bəşər Əsəd ölkə daxilində hakimiyyətini daha da möhkəmləndirib və əhalinin daha çox hissəsi məhz hakimiyyətin nəzarət etdiyi bölgələrdə yaşayır. Üstəlik, daha çox əcnəbi silahlıların savaşdığı Suriya müharibəsi getdikcə daha çox müdaxilə görüntüsü alır. Savaşın və paralel olaraq humanitar fəlakətin dərinləşməsi, qaçqınların sayının günü-gündən artması digər dövlətlər kimi Türkiyəni də böhranın həlli ilə bağlı yeni yollar axtarmağa sövq edir.
İkinci mühüm amil Suriyanın ərazi bütövlüyü və bunun yaratdığı təhlükənin Türkiyəni də təhdid etməsidir. Türkiyənin bir Yaxın Şərq ölkəsi olaraq unitar quruluşunu qoruması həm də qonşu ölkələrlə bağlıdır. Suriyanın şimalında kürdlərin federasiya qurması və faktiki olaraq güc mərkəzinə çevrilməsi Türkiyənin ərazi bütövlüyünü təhdid edən ciddi təhlükədir. Çünki birincisi, Suriya ərazisindəki kürd təşkilatı PKK-nin müttəfiqi və eyni ideologiyanı daşıyan, bir mərkəzdən idarə olunan PYD-dir. Yəni PYD-nin güclənməsi həm də PKK-nın güclənməsi və Türkiyənin ərazi bütövlüyünə birbaşa təhdiddir. Üstəlik, Suriyanın şimalının zolaq olaraq İraq sərhədlərindən Aralıq dənizinə qədər olan ərazilərin kürdlərin əlinə keçməsi Yaxın Şərqdə yeni enerji koridoru layihəsinin yolunu açır ki, bütün bu layihələr Türkiyənin ərazi bütövlüyü və dövlət maraqlarına təhdiddir. Dolayısı ilə indi Türkiyə üçün Suriya məsələsi birbaşa təhdidə çevrilib və əsas narahatlıq Suriyanın ərazi bütövlüyünün qorunmasıdır. Çünki əks təqdirdə, bu vəziyyət digər region ölkələrinə yayıla bilər.
Üçüncü mühüm səbəb Suriya böhranının Türkiyəni regionda daha əvvəl oynadığı güc mərkəzi rolunu zədələməsi, onun barışdırıcı, güclü ölkə mövqeyindən çıxararaq faktiki savaş tərəfi ölkəyə çevirməsi ilə bağlıdır. Xüsusən də son illərdə Türkiyə regionda İran, İraq və Rusiya kimi ölkələrlə qarşıdurma həddinə gəldi. Bu da ölkənin siyasi mövqeyi ilə yanaşı iqtisadi, enerji və diplomatik əlaqələrinə mənfi zərbə vurdu. Son dövrlərdə Türkiyə məhz regionda pozulmuş münasibətlər sistemini yenidən bərpa etməyə çalışır. Bunun üçünsə ilk növbədə əsas maneə olan Suriya böhranı həllini tapmalıdır.
Sadalanan səbəblər Ankaranı Suriya məsələsində bütün tərəflərlə anlaşmalı olaraq yeni praktik həll variantı tapmağa sövq edir. Bu isə təbii ki, hər iki tərəfin müəyyən güzəştlərə getməsini tələb edir. Hazırda əsas “düyün nöqtəsi” Bəşər Əsədin taleyi olduğu üçün ən azı keçid dövründə tərəflərin ortaq bir plana ehtiyac var. Bu isə indi daha çox B.Əsədin də yer aldığı yeni keçid mərhələsinin ortaya qoyulmasını tələb edir. Böyük ehtimalla, söhbət yeni hakimiyyətin bölünməsi, indiki hakimiyyətin də yeni hökumətdə pay alması və keçid dönəmindən sonra Əsədin çəkilməsi kimi bir plan olacaq. Ancaq bu anlaşmanın reallaşması üçün tərəflər arasında möhkəm inama və qarşılıqlı razılaşmaya ehtiyac var. Bunun əldə olunması isə müəyyən zaman tələb edəcək. (musavat.com)
MilliYol.Az
Digər xəbərlər
loading...