Bu gün Ermənistanda “məxməri inqilab” edən Qərbdəki erməni diasporası Dağlıq Qarabağ probleminin yeni fazasına hazırlaşır
Əslində “məxməri inqilabı” tətikləyən Qərbdəki erməni diasporasının məqsədi geosiyasi xarakter daşıyır. Qərbdəki erməni diasporasının əsas məqsədi Ermənistanın Qərblə daha yaxın münasibətlərini təmin etməkdir.
Ermənistandakı “məxməri inqilab”ın arxasında Qərbdəki erməni diasporası durur. Bu bir mənalı şəkildə belədir və diasporanın da müəyyən xüsusi xidmət mərkəzlərindən idarə olunduğunu istisna etmək olmaz. Lakin o mərkəzlər sadəcə məsləhətçi rolunda çıxış edirlər və prosesə qətiyyən müdaxilə etmirlər. Bunu Rusiyada da yaxşı bilirlər və ona görə də Rusiya daha səbrlə davranır. Moskva məsələyə birbaşa və güc faktoru ilə müdaxilə edərək prosesləri nəzarətdən çıxarmaq da istəmir. Eyni zamanda Kreml Qərblə paralel olaraq Rusiyadakı güclü erməni diasporası vasitəsi ilə proseslərə müdaxilə etməyə çalışır.
Ümumilikdə Ermənistanda yaranmış vəziyyət Rusiya üçün elə də çıxılmaz və yeni vəziyyət deyil. Bundan əvvəl Rusiya belə bir vəziyyətlə Qırğızıstanda üz-üzə gəlib. Məlumdur ki, 2005-ci ildən sonra Qırğızıstanda iki dəfə məxməri inqilab baş verib və bu inqilablar Rusiyanın bu strateji Orta Asiya ölkəsindəki maraqlarına elə də ciddi ziyan vurmayıb. Əksinə, Rusiyanın işinə yarayıb. Çünki demokratik Qırğızstan Mərkəzi Asiyada bir adanı xatırladır və bu faktor digər Mərkəzi Asiya ölkələrini avtoritar liderlərini həmişə təşviş içində saxlayır. Rusiya isə bir qayda olaraq demokratik ölkələrlə problemli çalışır, lakin avtoritar ölkələr barədə bunu demək mümkün deyil. Eyni zamanda Qırğızıstandan ABŞ hərbi bazasının çıxarılması da Rusiyanın Qırğızıstan inqilabından “gəlirli” çıxmasının göstəricisi oldu.
Ermənistanda da hazırda eyni vəziyyət müşahidə olunmaqdadır və hal-hazırkı durumda baş verən “məxməri inqilab” Rusiyanın geostrateji maraqları üşün heç bir təhlükə ifadə eləmir. Müxalifət lideri Nikol Paşinyanın özünün də qeyd etdiyi kimi, Ermənistandakı “məxməri inqilab”ın hədəfi heç də Ermənistanda geosiyasi dəyişikliklərə nail olmaq deyil. Bu məxməri inqilab sırf Ermənistanda 20 il hakimiyyətdə olan “Qarabağ klanı”nın hakimiyyətinə qarşı yönəlib və Qərbdəki erməni diasporasının da əsas məqsədi Ermənistanın Qərblə daha yaxın münasibətlərini təmin etməkdir.
Əslində “məxməri inqilabı” tətikləyən Qərbdəki erməni diasporasının məqsədi geosiyasi xarakter daşıyır. Yəni ABŞ və Avropadakı erməni diasporası hazırkı geosiyasi vəziyyəti nəzərə alaraq, Rusiyanın zəif düşəcəyi və Qərblə geosiyasi savaşı uduzacağı təqdirdə Ermənistanı rahat və itkisiz bir şəkildə Qərbə transfer etmək üçün münbit platforma hazırlayır və açığını demək lazımdırsa, bu bizə heç də yaxşı bir şey vəd eləmir. Ən azı ona görə ki, ermənilər yenə də bizdən bir, ya da bir neçə addım irəlidədir. O üzdən də bu gün Ermənistanda baş verən “məxməri inqilab”ı ermənilərin “geosiyasi sıçrayışı” adlandırmaq da olar…
Faktiki olaraq bu gün Ermənistanda “məxməri inqilab” edən Qərbdəki erməni diasporası Dağlıq Qarabağ probleminin yeni fazasına hazırlaşırlar. Bu inqilabın məqsədi hazırda pik nöqtədə dayanan qlobal geosiyasi savaşın yaxın illərdə pik nöqtədən aşağıya doğru enəcəyi və bu zaman Cənubi Qafqazda Rusiyanın mövqelərinin zəifləyəcəyi, Qərbin isə mövqeyinin güclənəcəyi günə hazırlıqdır. Ermənistan dövlətinin beyin mərkəzi rolunda çıxış edən diasporanın da hazırlaşdığı yeni faza da məhz bundan ibarətdir.
Ona görə də Ermənistanda “məxməri inqilab” tam qalib gəldikdən və yeni hakimiyyət formalaşdıqdan sonra Dağlıq Qarabağ probleminin həllində hansısa dəyişik platformanın olacağını, hansısa irəliləyişin olacağını gözləmək sadəcə sadəlövhlükdür. Ermənilər yaxın 5 ildə israrla danışıq masasından qaçmağa, hətta məcburən o masaya otursalar belə, israrla danışıqları uzatmağa və əldə olunan hər hansı razılaşmaları pozmağa çalışacaqlar. Eyni zamanda diaspora və Ermənistan hakimiyyəti israrla indiki status-kvonun qorunub saxlanılması üçün bütün imkanlarını səfərbər edəcəklər. Çünki yuxarıda qeyd olunan “yeni faza”ya məhz indiki status-kvo ilə daxil olmaq ermənilər üçün əsas hədəfdir.
Ola bilsin ki, Nikol Paşinyanın hakimiyyəti heç də uzun sürməsin. Çünki hər bir inqilabın doğurduğu liderin inqilabdan aldığı “kredit” müddəti var və bu müddətdə dəyişiklik olmazsa, inqilab bir qayda olaraq “öz övladlarını yeyir”. Ermənistanın “məxməri inqilabının” erməni xalqına verə biləcəyi tək şey isə bir az daha çox demokratiya, bir az daha az korrupsiyasız cəmiyyət olacaq. İqtisadi sahədə isə ciddi dəyişiklik olmayacaq. Çünki bunun üçün Ermənistanda təbii resurslar məhduddur. Lakin insan resursları vasitəsi ilə Ermənistan hansısa sahələrdə irəli sıçrayış edə bilər. Paşinyan yüksək texnologiya sənayesini inkişaf etdirəcəyini söylədiyi zaman da məhz insan faktorunu nəzərdə tutur. Lakin o da bəllidir ki, “Qarabağ kalanı”nın 20 illik hakimiyyəti dönəmində beyinlərin və istedadlı insanların böyük qismi ölkəni tərk edib. Onların Ermənistana qayıtmaq istəmələri isə böyük sual altındadır və o üzdən də demək olar ki, iqtisadi problemlər ucbatından Paşinyanın hakimiyyəti də ciddi sual altındadır. Biz yaxın beş-altı ildə Ermənistanda yeni inqilabları da görə biləcəyik. Yəni bunu istisna etmək heç doğru olmaz…
Erməni inqilabının bizim üçün ən pis tərəfi isə odur ki, Azərbaycan erməni inqilabından özünün geosiaysi məqsədləri üçün, xüsusən də Qarabağ probleminin həlli üçün yararlana bilmir. Bu sadəcə imkansız görünür. Çünki Rusiya üçün Ermənistanda baş verən inqilab heç bir daşı yerindən oynatmayıb və geosiyasi mənzərə də qətiyyən dəyişməyib. ABŞ başda olmaqla Qərb də erməni inqilabnı sükutla izləməkdədir və bu da o deməkdir ki, Qərb Ermənistandakı inqilabdan Rusiyaya qarşı yararlanmağı planlamır. Əslində bunun baş verməsi də imkansızdır. Çünki Qərbin müdaxiləsi bölgədə geosiyasi fəlakət yaradar…
Azər QARAMANLI
Digər xəbərlər
loading...