Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan beş vəzifəli şəxs həbs olunub
Bakıda 11 ünvana, o cümlədən dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan “Sanimed” və “Epidbiomed” Məhdud Məsuliyyətli Cəmiyyətlərin inzibati binalarına, onlara məxsus anbarlara, aptek şəbəkələrinə, yaşadıqları mənzillərə, habelə dərman vasitələrinin qanunsuz satılması prosesində iştirak etmiş bəzi həkimlərin iş otaqlarına baxış keçirilib, qanun pozuntularını törədən şəxslərin əməlləri ifşa edilib.
Toplanmış materiallar əsasında aprelin 27-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
İlkin istintaq materialları ilə müəyyən edilib ki, “Sanimed” MMC-nin faktiki rəhbəri Nağıyev Müşfiq Mikayıl oğlu cəmiyyətin satış şöbəsinin müdiri Orucov Hafiz Zülfüqar oğlu, satış təmsilçisi Kərimov Asim Rasim oğlu, “Epidbiomed” MMC-nin təsisçisi Əliyev Namiq Sabir oğlu, həmin şirkətin direktor müavini Məmmədov Kamal Əhmədiyyə oğlu və digər vəzifəli şəxslərlə əlbir olaraq tamah niyyətilə daha çox gəlir əldə etmək məqsədilə 2011-ci ildən başlayaraq ölkəyə təqribən 1 milyon manatdan artıq dəyərində 19 adda orijinal dərman preparatlarından qiymətinə görə dəfələrlə baha olan ekvivalent dərman vasitələrini idxal ediblər.
Rəhbərlik etdiyi şirkətin əməkdaşları vasitəsilə dövlət və özəl müəssisələrdə çalışan 100-ə yaxın həkimlərlə razılaşıb müalicə üçün müraciət etmiş çoxsaylı xəstələrə yalnız həmin dərmanların və zərurət olduğundan daha çox həcmdə təyin olunması üçün onlara mütəmadi olaraq müxtəlif məbləğlərdə pullar verib və idxal etdiyi dərmanların bu cür qanunsuz yolla külli miqdarda satılmasına nail olublar. Bu hal öz növbəsində kütləvi surətdə vətəndaşların sağlamlığının qorunması, bərpası və xəstəliklərinin müalicəsi üçün keyfiyyətli və təhlükəsiz dərman vasitələri almaq hüquqlarını məhdudlaşdırmaqla onların qanunla qorunan mənafelərinə mühüm zərər vurub. Bundan başqa, qeyd edilən müəssisələrin vəzifəli şəxslərinin uzun müddət ərzində mənşəyi məlum olmayan və dövlət qeydiyyatından keçirilməyən dərman preparatlarını ölkəyə gətirib satışını təşkil etdikləri müəyyən olunub.
Ginekoloq Natiq Məhərrəmov
Minval.İnfo-nun əldə etdiyi məlumata görə, saxta, qanunsuz, lazımsız və bahalı dərmanları xəstə insanlara satılmasına kömək edib, bu yolla böyük məbləğdə pul qazanan həkimlərin arasında tanınmış ginekoloq Natiq Məhərrəmov da var. O, həbs edilən cinayətkarlarla əlbir olub, onlardan mütəmadi olaraq pul alaraq şirkətin dərmanlarını satdırıb. Onların sonuncu dəfə 1000 manatlıq ödəniş prosesi gizli kamera ilə çəkilib.
Ginekoloq Natiq Məhərrəmov Zaurun verilişində
Natiq Məhərrəmovun bu qədər məşhur olmasının səbəbi isə ATV telekanalında yayımlanan, aparıcısı Zaur Baxşəliyevin olduğu “BizimləSən” verilişidir.
Belə ki, ginekoloq Natiq Məhərrəmov bəhs etdiyimiz verilişdə tez-tez reklam edilir, mükəmməl, peşəkar, xeyirxah, xəstələrini düşünən biri kimi göstərilir. Bu yolla da verilişi izləyən minlərlə insan həkimin tələsinə düşüb, onun qəbuluna yollanıblar.
O da saxta dərmanları xəstələrinə aldıraraq həm sağlamlıqları ilə oynayıb, həm də onları borca salıb. Bu yolla da özü üçün yaxşı gəlir əldə edib. Əldə etdiyi bu gəlirlərlə də efirdə jestlər edib, verilişə sponsor olub. Ataların bir sözü var, “Qaz gələcək yerdən toyuq əsirgənməz”.
Bəli, həkim yetərincə savadlıdır. Onlarla insana kömək edə bilib. Amma qanunsuz əməlllərdən qaça bilməyib. Belə hadisə daha əvvəllər də baş verib. Pul alıb, ekspert, yaxşı həkim, falçı, ekstrasens, güclü hüquqşunas adı ilə efirdə reklam edilən şəxslərin sonradan fırıldaqçı olduqları üzə çıxıb. Amma buna görə heç kim məsuliyyət daşımayıb.
Qeyd olunan qanun pozuntularının törədilməsi həmin vəzifəli şəxslərin özlərinin ifadələri ilə yanaşı, şahid ifadələri, şirkətlərin fəaliyyət göstərdiyi ünvanlardan aşkar edilmiş dərman vasitələri, ayrı-ayrı həkimlər tərəfindən pasientlərə dərmanların təyin edilməsi müqabilində mütəmadi olaraq aylıq 50-1000 manat məbləğlərdə pulların verilməsi barədə yazılı qeydləri özündə əks etdirən dəftərlər götürülüb. Bundan başqa onların əməlləri dərman vasitələrinin dövriyyəsini əks etdirən “qara mühasibatlıq” sənədləri, eləcə də “Epidbiomed” MMC-nin fəaliyyət göstərdiyi ofisdən mühasibatlıqdan gizlədilməklə kassaya mədaxil edilməmiş milli və xarici valyutada 138 min manat məbləğində pul vəsaiti, digər maddi sübutlar və istintaq sənədləri ilə təsdiq olunub.
Toplanmış ilkin sübutlar əsasında Müşfiq Nağıyev, Hafiz Orucov, Asim Kərimov, Namiq Əliyev və Kamal Məmmədova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətindən sui-istifadə), 200-1.2.2 və 200-1.2.3-cü (dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bu növ qanunazidd əməllərə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.
MilliYol.Az
Digər xəbərlər
loading...