Şirkətin bölmə rəisi intihar hadisəsinə şahidlik etmək istədiyi üçün işdən çıxarıldığını iddia edir
Mətbuatda bir neçə dəfə qalmaqallı olaylarda adı çəkilən “Azenco” ASC-nin bu dəfə özünü yandıran işçisi ilə bağlı müəmması ortaya çıxıb. Bu barədə “Yeni Müsavat”a şirkətin Nəqliyyat İdarəsinin yol hərəkətinin təhlükəsizliyi bölməsinin rəisi, eyni zamanda səhmdarı işləmiş Babamir Qarayev müraciətində bildirib.
Onun sözlərinə görə, ötən ilin iyul ayında əsassız yerə işdən azad olunan, Kəlbəcər rayonundan məcburi köçkün olan Məhəmməd Əliyev intihara cəhd edərək özünü yandırıb. Onu intihara sövq edən səbəb isə Audit idarəsinin rəisi Faiq Ağayev tərəfindən şərlənərək üstünə 3385 litr borc yanacaq yazılması və son əmək haqqının verilməsinə qadağa qoyulması olub: “Sürücü Məhəmməd Əliyev Faiq Ağayevlə razılaşmayıb haqqını tələb etdikdə ikinci ona hədə-qorxu gəlib təhqir etmişdi. Sürücü də təhqirlərə dözməyib iyulun 21-də Sumqayıt Texnologiyalar Parkının ərazisində yerləşən Audit idarəsinin 2-ci mərtəbəsində özünü yandırmışdı. Yanan sürücü sərbəst danışıb gəzə bilsə də, Faiq Ağayev onu zavodun içində gizlətdi ki, hüquq-mühafizə orqanları ondan izahat ala bilməsin.
Beləliklə, 3 gün onu zavodun içərisində gizlətdilər. Huşu itəndən sonra F. Ağayev və əməkhaqqı şöbəsinin rəisi Araz Kərimovun naməlum adamları yanan sürücünü günorta saat 2 radələrində 5 saylı Bakı Şəhər Xəstəxanasının yanıq şöbəsinin həyətinə atıb orda deyiblər ki, Sumqayıtda partlayış olub və həmin partlayış vaxtı yanıb. Xəstəxanaya kimin aparması isə qeyd olunmayıb. Yalnız ölüm ayağında sürücünün son əməkhaqqını ödədilər. Sürücü iyunun 24-də yanıq şokundan dünyasını dəyişdi”.
Babamir Qarayevin sözlərinə görə, özünü yandıran sürücünün qəsdən zavodun içərisində gizlədilməsinə, xəstəxanaya aparılmamasına etiraz etdiyi üçün təqiblərə məruz qalıb, işdən azad edilib. B. Qarayev onu da qeyd edib ki, yanmış sürücü vaxtında xəstəxanaya çatdırılıb, həkim nəzarəti altında saxlanılsaydı, həyati təhlükəsizliyi bərpa oluna bilərdi: “Yanmış sürücünün zavodda gizlədilməsinə etiraz etdiyim üçün Faiq Ağayevin və Araz Kərimoun naməlum adamları məni izləyib bildirdilər ki, ”əgər bu haqda danısan səni “Sadval” təşkilatının əli ilə yox etdirəcəyik". Dəfələrlə izlənildiyimi hiss edib baş prokurora müraciət etdim. Orada məni ölüm işini araşdıran müstəntiq Vüqar Məmmədzadənin yanına göndərdilər. Məlum olub ki, iyulun 21-də yanan sürücü haqda ölümündən sonra, 27 iyul tarixdə məlumat verilib.
Bir neçə şahidlə müstəntiqə izahat vermək istəsəm də, izahatımın müstəntiqə lazım olmadığı bildirildi. “Azərenerji” ASC-nin nümayəndəsi müstəntiqin vasitəsi ilə mənimlə görüşüb şikayətimi dayandırmağı xahiş etdi, həm də söz verdi ki, mənə olan təqiblərin qarşısını alacaq. Ara sakitləşəndən sonra dekabrın 28-də məni işdən azad etdilər. Xətai Rayon Məhkəməsi məni öz işimə bərpa etsə də “Azenco” şikayətimi rədd etdi. Onun rəhbərliyi Ali Məhkəməyə şikayət verərək bildirmişdi ki, nəyin bahasına olursa-olsun məhkəmənin qərarını ləğv etdirib mənim işə bərpa olunmağıma imkan verməyəcək.
Xətai rayon məhkəməsində araşdırma zamanı o da məlum olmuşdu ki, “Azenco”nun əmək haqqı barədə verdiyi arayışlarla Bakıdan çıxarılanəmək haqqı arasında külli miqdarda fərq var. Belə ki, sən demə adımıza böyük məbləğdə maaş yazılırmış, amma həmin məbləğin az hissəsi işçilərə verilirmiş. Mən yanan sürücünün Sumqayıt Texnologiyalar Parkının içərisində gözlədilməsinin və əmək haqqının verilməsində baş verən korrupsiya hallarının araşdırılmasını tələb etsəm də, istintaq idarəsi başqa formada cavab verir. İstintaq cavab verir ki, sürücü yanıq şokundan ölüb. Yanan adamı xəstəxanaya aparmayıb zavodun içərisində gizlədəndə əlbəttə ki, şokdan öləcək".
Babamir Qarayev “Azenco”ya iki ildir ki, yeni sədr təyin olunan Vüqar Şahmuradov barəsində ilginc faktlar da bildirib: “Onun qardaşı ”Qaranquş" dəstəsinin başçısı, vaxtilə polis işləmiş Şahmuradov Fuad Hüseynqulu oğlu 1993-cü ildə Qubadlı rayonunda dövlət adamlarını, prokuroru, hakimi, polis rəisini, müstəntiqi və sürücüsünü güllələyib, meyitlərini də tanınmasın deyə yandırmışdı. Daha sonra Sumqayıt şəhərinə gəlib. Burada isə onu mühasirəyə alıblar və tərkisilah əmrinə tabe olmadığı üçün atışma nəticəsində ölüb".
Yazıda adı keçən şəxs və qurumların da mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...