Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarına yekun vurulub. MilliYol.Az xəbər verir ki, Azərbaycan yığmasının iki üzvü də sonuncu iki dəst medal uğrunda mübarizə aparıb.
Belə ki, Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) Olimpiadanın son günündə iki gümüş medal qazanıblar.
65 kq
Bu çəkidə çıxış edən London Olimpiadasının, Avropa çempionatının və Avropa Oyunlarının çempionu Toğrul Əsgərov yarışa 1/8 finaldan start verib. Onun ilk rəqibi ukraynalı Andrey Kvyatovski olub. İlk hissədə 0:2 hesabı ilə geri düşən idmançımız sonradan hesabı bərabərləşdirib. İkinci hissədə çox fəal güləşən Toğrul qazandığı ardıcıl xallarla 12:2 hesablı təmiz qələbəyə sevinib.
Pəhləvanımız 1/4 finalda ABŞ güləşçisi Frank Molinaro ilə üz-üzə gəlib. Bu rəqibini də təmiz qələbə ilə (10:0) məğlub edən güləşçimiz yarımfinala çıxıb.
Finala gedən yolda Toğrul italiyalı Frank Markez Xamizonu mübarizədən kənarlaşdırıb. İlk hissəni öndəbitirən Əsgərov ikinci hissədə hesabda geri düşüb. Ancaq sona yaxın fəallaşan pəhləvanımız 7:4 hesablı qələbə ilə finala adlayıb.
Həlledici görüşdə rəqib rusiyalı Soslan Ramonov olub. Təəssüf ki, idmançımız qızıl medalı qazana bilməyib. Rus güləşçi 1 dəqiqə ərzində ardıcıl fəndlərlə fərqi 11:0 edib və təmiz qələbə qazanıb.
97 kq
Xetaq Qazyumov isə ilk olaraq təsnifat mərhələsində çıxış edib. İki Olimpiadanın (Pekin-2008 və London-2012) və dünya çempionatının bürünc, Avropa çempionatının gümüş, “Bakı-2015” Avropa Oyunlarının isə qızıl mükafatçısı olan pəhləvanımızın rəqibi Polşa güləşçisi Radoslav Baran olub. Rəqibinə 3:0 hesabı ilə qalib gələn pəhləvanımız 1/8 finala yüksəlib.
Bu mərhələdə onun rəqibi iranlı Mohammed Ali Reza Yazdani olub. Gərgin döyüşü 2:1 hesablı qələbə ilə ilə başa vuran Xetaq 1/4 finala yüksəlib.
Pəhləvanımızın növbəti rəqibi özbəkistanlı Maqomed İbraqimov olub. Özbək idmançını 12:3 hesabı ilə üstələyən Qazyumov yarımfinalda mübarizə aparıb. Bu mərhələdə o, Valeri Anditsevlə güləşib. Avropa Oyunlarının finalında məhz bu idmançıya qalib gələrək qızıl medala yiyələnmiş Xetaq bu dəfə də rəqibinə şans verməyib - 11:0.
Finaldakı rəqib son dünya çempionu Frederik Kayl Sneyder olub. Xetaq Qazyumov gərgin keçən döyüşü 1:2 hesablı məğlubiyyətlə başa vurub və qızıl hədəfinə çata bilməyib.
Qeyd edək ki, Rioda çıxışını başa vurmuş millimizin digər üzvlərindən Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (85 kq) bürünc medal qazanıblar. Cəmaləddin Məhəmmədov (125 kq) isə yarışı 12-ci sırada bitirib.
MilliYol.Az
Digər xəbərlər
loading...