Bakı şəhər Zooloji parkı mayın 1-dən etibarən yay rejiminə keçid edəcək
Artıq bununla bağlı zooparkda müəyyən işlər görülüb.
Bu barədə Modern.az saytına Bakı şəhər Zooloji Parkının ornitologiya şöbəsinin müdürü Aynur Hacıyeva məlumat verib. O deyib ki, yay rejimi ilə əlaqədar əsas dəyişikliklər qida rasionu istiqamətindədir:
“Belə ki, tərəvəzlərin miqdarı artıb, ətin miqdarı isə nisbətən azaldılıb. Ətə tələbatı olan əsas heyvanlar yırtıcılardır. Onların orqanizmində balansın pozulmaması üçün yayda ət bir qədər azaldılır . Digər heyvanların qida rasionunda isə meyvə və tərəvəzlərə daha çox üstünlük verilir”.
A.Hacıyeva qeyd edib ki, Bakı şəhər Zooloji parkında növbəti dəyişikliklər yeni doğulan bala heyvanlarla bağlıdır:
“Dəvə, poni, cırtdan keçi, emu, tirendaz (oxatan kirpi), dəniz donuzundan balalar almışıq. Hazırda Zooparkda 1240 heyvan var”.
Müsahibimiz həmçinin zooparkda gedən təmir işlərindən də söz açıb:
“Hələ ki təmirlə bağlı olaraq Bakı Şəhər Zooloji parkına yeni heyvanların gətirilməsi gözlənilmir. Axırıncı dəfə oktyabr ayında bağladığımız müqaviləsi ilə Moskvadan heyvanlar gətirilib. Bunlar qulaqlı göy qırqovul və xalçavari pitondur (ilan növüdür) .
Təmir işlərinin nə zaman bitəcəyi isə dəqiq bilinmir. Çünki hər şey xırdalığına kimi ölçülüb-biçilir. Lakin Bakı Şəhər Zooloji parkı çox gözəl proyektlə inşa ediləcək”.
Digər xəbərlər
loading...