Nazirlər Kabinetinin yeni heyəti artıq işə başlayıb
Hökumətin komandasında vəzifəyə təyinatlar alanlar arasında peşəkar və gənclərə üstünlük verilib. Onların da çoxu xarici ölkələrdə təhsil alıb, ixtisasları üzrə kifayət qədər bacarıqlı, işgüzar şəxslərdir.
AzVision.az Nazirlər Kabinetinin yeni üzvlərinin dil bilgisi ilə bağlı araşdırma aparıb. Məlum olub ki, nazirlərin əksəriyyəti ən azından ingilis və rus dilini bilir. Bu dillərdə sərbəst danışırlar.
Kənd təsərrüfatı naziri İnam Kərimov 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub. 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sorbonna Universitetində hüquq üzrə magistr təhsili alıb. İngilis, fransız, fars və rus dillərini bilir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsi üzrə bakalavr pilləsini fərqlənmə ilə bitirib. 2002-ci ildə magistr pilləsini fərqlənmə ilə başa vuraraq magistr dərəcəsi, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb. İngiltərə, Fransa və digər ölkələrdə beynəlxalq hüquq və müqavilə hüququ sahəsində müxtəlif təlim və kurslarda iştirak edib. İngilis, rus və türk dillərini əla, fransız dilini yaxşı səviyyədə bilir.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını bitirib. Rus və ingilis dillərini bilir.
Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə, Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib. İngilis və rus dillərini mükəmməl bilir.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının su təminatı və idarəetmə fakültəsini bitirib. 2000-2002-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında TEMPUS proqramı çərçivəsində magistr dərəcəsi alıb. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantıdır. İngilis, fransız və rus dillərini bilir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev rus və ingilis dillərini bilir.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirib. Türk, rus və ingilis dillərini bilir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri isə Samir Nuriyev 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2003-2005-ci illərdə təhsilini ABŞ-ın “Duke” Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib. Rus və ingilis dillərini bilir.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 1992-1997-ci illərdə Bakı Dövlət Universitetin Hüquq fakültəsində təhsil alıb. Təhsilini 1997-2000-ci illər ərzində Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun aspirantı kimi davam etdirib. 1998-ci ilin sentyabr-noyabr aylarında İngiltərənin Birmingem Universitetində Avropa Şurasının İnsan hüquqları üzrə hüquq və təcrübə proqramında təhsil alıb. Rus və ingilis dillərini bilir.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetininin (UNEC) iqtisadiyyat fakültəsini bitirib. 2005-ci ildə UNEC-də beynəlxalq iqtisadi münasibətlər üzrə magistr dərəcəsi alıb. 2008-2012-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Həmçinin 2010-cu ildə Harvard Universitetinin Con F. Kennedi adına idarəçilik məktəbinin inzibati idarəçilik üzrə magistr proqramına qəbul olub. 2011-ci ildə Harvard Universitetinin inzibati idarəçilik üzrə magistr dərəcəsinə yiyələnib. Rus və ingilis dillərini mükəmməl bilir.
Digər xəbərlər
loading...