“Azərbaycanda və Ermənistanda keçirilən seçkilərdən sonra yaranan vəziyyət iki ölkə arasında böyük fərq olduğunu bir daha göstərdi”
“Seçkilərdən sonra Azərbaycanda inkişafa doğru islahatlar aparıldı, yeni hökumət formalaşdırıldı, Ermənistanda isə siyasi xaos, qarşıdurma baş verdi, hökumətin istefası tələb olundu”.
Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, Azərbaycanda seçkilər tam sabit şəraitdə keçdi: "Çünki bu illər ərzində Azərbaycan Prezidenti İlham Əliyev, ilk növbədə, xalqın maraqlarını qoruyub, Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsini ön plana çəkib, ölkə iqtisadiyyatı 3.2 dəfə artıb, böyük layihələr həyata keçirilib. Ermənistanın prezidenti isə ölkəni iflic vəziyyətinə salıb, ölkəni dağıdıb, talayıb. Hər il 250 minə qədər insan Ermənistanı aclıq, səfalət, yoxsulluq və işsizlik səbəbindən tərk edir. Azərbaycanda isə bu illər ərzində təqribən Yerevan əhalisinin sayı qədər iş yeri açılıb, vətəndaşların əməkhaqları, pensiyaları dəfələrlə artıb. Yəni Azərbaycanla Ermənistan arasında müqayisəolunmaz dərəcədə fərqlər yaranıb. Ona görə də Ermənistan xalqı öz sözünü dedi, ayağa qalxdı".
O bildirib ki, Ermənistandakı gərginlik hələ bundan sonra da davam edəcək, hətta bir az da dərinləşəcək.
A.Hüseynov qeyd edib ki, Serj Sarkisyan həm Azərbaycan xalqına, həm də ermənilərin özlərinə qarşı qatı cinayətlər törədib:
"Sarkisyan özü etiraf edib ki, Azərbaycan xalqına qarşı Xocalı soyqırımının törədilməsində birbaşa iştirak edib. Buna görə də o, beynəlxalq tribunala verilməlidir və veriləcək də. Sarkisyan Dağlıq Qarabağda gedən proseslərə 1988-ci ildən 1993-cü ilə qədər rəhbərlik edib, ondan sonra da müdafiə naziri olub. Ümumiyyətlə, Qarabağda tökülən qanların birbaşa baiskarı, təşkilatçısı Sarkisyandır. O, Azərbaycan xalqına qarşı törətdiyi soyqırımla yanaşı, ermənilərin də qanını töküb. Ermənistan parlamentində deputatların qətlə yetirilməsi də, 2008-ci ildəki mart hadisələri də Sarkisyanın əməlləridir. Yəni Sarkisyan qatı cinayətkardır və beynəlxalq məhkəməyə verilməlidir. Elə ermənilərin özü onu məhkəməyə verməlidir. Bu adam bütün bəşəriyyətin, insanlığın düşmənidir".
Qeyd edək ki, aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.
Digər xəbərlər
loading...