Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb
DSX-nin mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədinin pozulması ilə əlaqədar təxirəsalınmaz sərhəd axtarışı əməliyyatı keçirilib, yaxınlıqdakı yaşayış məntəqələrinə hərəkət yolları qapadılaraq tam nəzarətə götürülüb. Kompleks qoşun və əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş İran İslam Respublikası vətəndaşları - 1961-ci il təvəllüdlü Məhtəvi Nasir və 1991-ci il təvəllüdlü Allahyar Ruzbeh saxlanılıblar.
Sərhəd pozucularının üzərində 1 ədəd 12 millimetrlik “Winchester” tipli və 1 ədəd 12 millimetrlik qoşalülə ov tüfəngləri aşkar olunaraq götürülüb. Araşdırma zamanı İran vətəndaşlarının dövlət sərhədini pozaraq Azərbaycan Respublikasına keçirdikləri külli miqdarda narkotik vasitəni Astara rayonu Hamuşam kənd sakini 1950-ci il təvəllüdlü Vahabov Ayətulla Calal oğluna çatdırmaları müəyyənləşib.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsi tərəfindən Daxili İşlər Nazirliyinin Astara rayon polis şöbəsi ilə birgə Vahabov Ayətulla Calal oğlu saxlanılıb, həyətyanı sahəsində xüsusi yerdə gizlədilmiş yerdə 14 kq 054 qram narkotik vasitə (13 kq 334 qram heroin, 720 qram tiryək) aşkar olunaraq götürülüb.
Bununla yanaşı, vətəndaş A. Vahabovun öz övladı – 1995-ci il təvəllüdlü Vahabov Mikayıl Ayətulla oğlunu narkotik qaçaqmalçılığı ilə əlaqədar cinayətkar fəaliyyətə cəlb etməsi faktı da müəyyənləşib və vətəndaş M. Vahabov da həbs olunub.
Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Digər xəbərlər
loading...