Publika.az Bütöv Azərbaycan Xalq Partiyasının sədri, millət vəkili, sabiq prezidentliyə namizəd Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir
- Seçkilərin nəticələrinə və son Baş nazir təyinatına münasibətiniz necədir?
- Seçkilərin nəticələri göstərdi ki, xalqımız dəyişikliklərdən çəkinir və ölkənin gələcəyini İlham Əliyevlə görür. Mövcud problemlərin onun tərəfindən həll olunacağına inanır. Digərləri isə mövcud vəziyyətin onları qane etdiyini düşünür. Etiraf etmək lazımdır ki, bütün mövcud problemlərə baxmayaraq, xeyli işlər görülüb, əhalinin böyük qisminin sosial vəziyyəti yaxşılaşıb. Bütün bunlar seçkinin nəticələrində özünü göstərdi.
- İnsanlar nədən çəkinirlər ki, müxalifətə ciddi dəstək vermədilər?
- İstənilən dəyişikliyin hakimiyyət boşluğu yarada biləcəyindən çəkinirlər. 1993-cü ildə yaranmış hakimiyyət boşluğu xeyli torpaqlarımızın işğalı ilə nəticələndi. Ölkə hər mənada dağılmaq üzrə idi. Yaxın keçmişdə baş vermiş hadisələr insanları qorxudur. Onlar yuxarıdan aparılacaq islahatlara ümid edirlər. Çox istərdim ki, onların ümidləri özünü doğrultsun.
- Yeni təyin olunmuş Baş nazir həmin islahatları həyata keçirmək gücündədirmi?
- Sonuncu referendum layihəsi təəssüf ki, nə ictimai müzakirəyə çıxarılmadı, nə də Milli Məclisdə müzakirə olunmadı. Amma o zaman mən söylədim ki, vitse-prezidentlik institutu yaradılırsa Baş nazir vəzifəsi ləğv olunmalıdır. Hazırda bu vəzifə nominal xarekter daşıyır. İqtisadi məsələlərlə Prezidentin iqtisadçı və maliyyəçilərdən ibarət komandası məşğul olur. Novruz Məmmədovun Baş nazir təyinatı ilə xarici siyasətdən uzaqlaşması prezidentə imkan yaradır ki, xarici siyasətin formalaşdırılmasında rol oynayacaq və onun həyata keçirilməsində aktiv iştirak edə biləcək, danışan yox, işləyən birisini özünə xarici məsələlər üzrə köməkçi təyin etsin. Bu həm də ona görə zəruridir ki, Elmar Məmmədyarov xarıci işlər naziri olaraq qalır. Qarabağın azadlığı, ölkəyə xarici sərmayələrin cəlbi ağıllı və cəsarətli xarici siyasətdən çox asılıdır.
- Güclü müxalifətsiz ölkədə sürətli inkişafa nail olmaq mümkündürmü?
- Ölkəmizdə BAXCP kimi sağlam, öz siyasətini inkarçılıq üzərində qurmayan, problemlərin nədən qaynaqlandığını göstərən və həlli yollarını təklif edən, təhqirdən yox, sərt tənqiddən istifadə edən partiya var. Düzdür köhnə stereotipləri tam qıra bilməmişik. Hələ də bir çoxları, əgər hər hansı partiya iqtidarı təhqir edib ağır cinayətlərdə ittiham etmirsə onu real müxalifət saymır. Biz bu istiqamətdə də ciddi işləməkdə davam etməli, konsturiktiv fəaliyyət sərgiləyən sağ mərkəzçi partiyaların birləşməsinə nail olmalıyıq. Hazırda seçkilərdə qalib gəlmək imkanları olmadığından partiyalar birləşmək barədə yox, özlərini cəmiyyətə təqdim etmək barədə düşünürlər. Cəmiyyətimiz daha çox bu günlə yaşayır, vəziyyəti dəyişmək fikrindən çox uzaqdır. İqtidar isə müxalifətin güclənməsinə yol açacaq siyasi islahatlara getmir. Ona görə bir partiyanın güclü rəqiblərsiz fəaliyyətindən doğan dövlət əmlakından səmərəsiz istifadə, məmur özbaşınalığı kimi problemlərə qarşı effektli mübarizə aparmaq mümkün olmayacaq. Hazırda müxalifətin qarşısında duran əsas vəzifə o olmalıdır ki, proporsional seçki sisteminin bərpasına nail olaq, növbəti parlament seçkilərində konstruktiv müxalifət parlamentdə güclü fraksiya yarada bilsin. Hazırda biz Avropada yeganə ölkəyik ki, parlamentdə müxalifət fraksiyası yoxdur, heç bir partiya parlament idarəçiliyində iştirak etmir. Bu isə ölkənin sivil dövlətlər arasındakı imicinə və gələcəyinə ciddi zərbədir.
- Son günlər müzakirə olunan bir məsələyə də diqqətinizi çəkmək istəyirəm. Necə hesab edirsiniz, Ermənistanın demokratikləşməsi Azərbaycanın xeyrinədirmi?
- Yalnız delitantlar belə düşünə bilər. Çünki demokratik Ermənistanın iqtisadiyyatı sürətlə inkişaf edəcək. Güclü iqtisadiyyat isə güclü ordu deməkdir. Demokratik ölkə ciddi beynəlxalq dəstək əldə edəcək. Gözdən salınmış dəyərlər bərpa olunacaq. Bunun nəticəsi olaraq Qarabağın azadlığı daha da çətinləşəcək. Unutmaq lazım deyil ki, Qarabağ uğrunda ən qanlı savaş demokrat Levonla Elçibəyin prezidentliyi zamanı baş verib.
MilliYol.Az
Digər xəbərlər
loading...