“Lənətə gəlmiş Qarabağ”, səhihliyinə kiminsə şahidlik edə bilmədiyi bu deyimin müəllifinin Rumıniyanın faciəli lideri Nikolay Çauşeski olduğu deyilir
Sovetlərin çöküşünün rəmzi səbəblərindən biri olan erməni-azərbaycanlı davasının dalğası Buxarest küçələrini bürüyəndə avropalı diktatorlar diksinmişdilər.
Xalqı meydanlardan evlərinə qaytarmaq üçün nə vahimə saçan Qırmızı Ordunun gücü yetirdi, nə də xəfiyyə orqanlarının təxribatları kara gəlirdi.Demokratiya virusu artıq beyinləri işğal etmişdi və rumın diktatorunu həyat yoldaşı ilə birgə küçədə güllələyəndə bütün xalq bayram edirdi:kral öldü,yaşasın kral!
Tarixin ironiyasına baxın,o vaxtlar Razdan meydanında üçrəngli bayraqları qaldıran Qarabağ hərəkatının liderləri 16-cı Lüdoviki devirən yakobinçilər kimi tiraniya rejiminə qarşı dirənişin simvoluna çevrilmişdilər. Xankəndində “Miatsum” şüarları ilə başlayan separatizm bir göz qırpımında genişlənib milli-azadlıq hərəkatı ilə çulğaşdı və vahid erməni məsələsinin tərkib hissəsinə döndü.Serj Sarkisyan hərbi karyerasını onda hələ təzəcə başlayırdı.
Çox sonralar Koçaryanla birgə sovet-rus tankları üzərində zəbt olunan böyük Azərbaycan əraziləri Ermənistanda hakimiyyət məsələsini özündən asılı edərək, indi İrəvan küçələrində yaşanan vətəndaş itəatsizliyinə yol açdı.
Tarix təkrar olunur-bu dəfə absurd və fars şəklində.Çauşeskini edam kötüyünə aparanlar-inqilabçı demokratlar-fərq etməz, onlar sosialist ölkələrinin hansı bucağına səpələnmişdilər-indi özləri Robespyer kimi məşhərin bir addımlığındadır.
Lakin əsas mənzərə odur ki, son 30 ildə erməni xalqını buxovda saxlayan Qarabağ məngənəsi cəmiyyətin sosial-siyasi ayaqlarından daş kimi asılıb onları geriyə dartdıqca,yeni nəslin milli-vətənpərvərlik idealları daha da sarsılır və onlar atalarının ələ keçiridikləri torpaqlar naminə ölmək,yaxud ölkədaxili köləlik rejimində yaşamaq fikrində deyillər.Belə bir mənzərə keçmişdə yaranmışdımı? Bəli,özü də 2 dəfə.
Koçaryan rejimi ayağa qalxıb şərqşünas prezidenti devirəndə hamı onu alqışlayırdı,çünki azəbaycanlılarla səngərin qəhrəmanları avtomatik olaraq,birinci kürsüyə əsas namizəd idilər.Sarkisyan da eyni texnologiyadan istifadə etdi.
İndi İrəvan küçələrində gedən nəyin davasıdır? İki cəbhədə vuruşmaq üçün ermənilərin resursları yetərlidirmi,yaxud ənənəvi türk-azərbaycanlı təhlükəsi qarşısında milli birliyə üstünlük verib özünü Baş nazir elan edən adamın təbəələyini qəbul etmək sərfəlidir,yoxsa,təzədən səngərə qayıdıb əbədi düşmənlərinə atəş açmaq məqsədəuyğundur.Etiraf edək ki,çox çətin suallardır.Antiərazi,antimilli,antidemokratik şəraitdə yaşamaq bir xalq üçün demək olar,qeyri-mümkün görünür.Necə yəni,tanklar Ağdərədən çıxıb getsin hökumətin müdafiəsinə və nəticədə yaranmış fürsətdən Bakı istifadə edib hücuma keçsin?
Şantaj hakimiyyətlərin əbədi alətidir.İnsan resursunu və mənəvi limitini tam tükətmiş rejimlərin yeganə çarəsi xalqı barıt qoxusu ilə qorxutmaqdır.Fikir verin, erməni müdafiə naziri Vihen Sarkisyan inqilabçı ata-anaları səngərdəki oğlanları ilə hədələyir və generalitetin daxildə-arxa cəbhədə sabitlik tələb etdiyindən danışır.Sən demə,əlləri tətikdə olan balalar Ali Baş komandanın dürüstlüyünə,vicdanına və liderliyinə o qədər arxayındılar ki, paytaxt qarışıqlığına başı qarışan sərkərdənin enerjisini, vaxtını,gücünü ona yönəltmək xəyanət imiş.Ordu xalq tərəinə keçsə,proses tam nəzarətdən çıxacaq.Açıq şəkildə silahlı qüvvələrin siyasətə qarışması və mitinqləri qanla boğmaq mesajı effekt vermədiyindən Azərbaycan ordusun cəbhə xəttində hərbi texnika və əskəri sayını kəskin artırmasına dair peyk görüntüləri dövriyyəyə buraxılıb.
Rəsmi Bakının verdiyi operativ təkzib aksiyaçıların xeyrinə işləsə də, ”vətənin keşiyində” duranların əliylə təxribat törədərək, miniaprel müharibəsi ssenarisi hər vəchlə hökumətə yaxın informasiya vasitələrin gündəmini zəbt edib.Necə? Çox sadə.Bako Saakyanın əliylə təşkil olunan “artsax xalqı” ayağa qalxır və Nikol Paşinyanı hər cür satqınlıqda lənətləyib bir vaxtlar tonqala atılan adaşı Nikolay Kopernikin aqibətini ona yaşatmağı tələb edirlər.Əks halda Allah bilir,Cıdır düzündə Tiqranın varisləri hansı hoqqalara əl atacaqlar.Kimsə deyəcək,nə edə bilərlər kiçik bir adada?Yox,cinin canı şüşədə olduğu kimi, İrəvanda istənilən prezidenti Qarabağ “xalq”ı seçmədən ona xeyir-dua vermək olmaz.Birin mindən güclü olması buna deyərlər.Yoxsa, Sarkisyanı devirməyə qalxan xalqa görk üçün onu gətirib Xankəndində hərbi formada təzədən köhnə vəzifəsinə qaytaracaqlar.Onda neynəcək “marselyoza” oxuyan azadlıqsevərlər?
Bəs, Gümrü hərbi bazasının səbri nə vaxta qədər çatacaq və rus qoşunlarının, lap elə Bakıya tuşlanan İskəndər raketlərinin kölgəsində Şərəf inqilabına qalxanları boğmaq 24 apreldə dünyadan rəhm uman bir millətin həqiqi genosidə uğrmasına yol açmayacaqmı?Söhbət heç müdaxilə baş verərsə,itkilərin yüzlərlə olmasından getmir,amma 200 ildir rus süngüsünün güvənci altında yaşayan bir xalq sonra hansı ideologiyanın qanadı altına girəcək?Elə bilirsiz,Avropa Birliyinin indi verdiyi həyəcandolu raportlar axırda gətirib Poroşenko kimi birisinin taxt-taca əyləşməsi ilə nəticələnəcək?Hər halda belə cəfəng ssenariyə yalnız sadəlövhlər inanar.Onsuz da hakim partiya yaradıclıq edib London səfirini prezident qoyanda məqsədləri hakimiyyəti geoplotik ayrıcılıqla iki yerə bölmək idi-qoy Armen Brüsseli təmsil etsin,Serj də Moskvanı.
Belə şəraitdə Bakı Ermənistanda hakimiyyət dəyişikliyinə təsir edə bilərmi?Yəqin,ilk ağlınıza gələn xüsusi xidmət orqanları vasitəsilə aparılan gizli əməliyyatlar olacaq,lakin söhbət iki cəbhədə-daxildə oliqarxiyaya,xaricdə Azərbaycana qarşı döyüşən erməniləri parçalamağa qadir olan planın işlənməsindən gedirsə,onda düşünməyə dəyər.Axı əvvəldə dedik,əgər 90-cı illərin səhra komandirləri erası bitirsə və Seyran Ohanyan,onun işğalla yüksələn general dostları kimi nəhayətdə,baş komandir taxtından düşürsə,onda alternativ hansı partiya Putinin xeyir-duası üçün Kremlə çağrılcaq?
Hər halda hazırki Baş nazirin parlamentli modelə keçən kimi qüvvələr nisbətinin dəyişəcəyi və mərkəzdənqaçma tendesiyasının güclənəcəyi bəlliydi.Lakin ölkəyə on illik rəhbərliyi dövründə yarım milyon insanı evindən didərgin salan və tam təcridə məruz qoyan adamın erası başa çatsa,daha güclü rəhbər-söhbət heç arxasında Qarabağ klanının durmasından getmir, ya da demokratik imicli birisindən də danışmırıq,onda regionda və cəbhədəki durum dəyişəcək.
Əgər Bakı Sarkisyan soyadlı bir xalq qatilini-öz millətinə genosid edən şəxsi ümumerməni ideallarının tərksilahında davam etməsini istəyirsə, müxtəlif tədbirlər həyata keçirə bilər.90-cı illərin Bakısının mənzərəsini gözləriniz önündə canlandırın, “torpaqları vermərik” şüarı altında milyonlarla insan sinxron olaraq paralel müstəvilərdə hərəkət edib Razdanın millətçi və işğalçı kükrəyişlərinə cavab reaksiyası kimi meydana çıxmışdı.Lakin sonralar sabitlik tamam pozulanda Qarabağ Bakının siyasi havasını qarışdırdı və prezidentlərin dayanıqlığı səngərdən asılı qaldı.
İndi Xankəndinin cəbhəsi parçalanıb və öz sehrli qüvvəsini paşinyanlara göstərmək üçün yollar arayır.
Əgər mərkəzdə dumandırsa, ucqarda fırtına qopacağına şübhə yoxdur!
Zahid Oruc(millət vəkili)
Digər xəbərlər
loading...