Son vaxtlar Binəqədi rayonunda baş verən qanun pozuntuları və məmur özbaşınalıqlartı haqda mətbuatda müntəzəm məlumatlar yer alır. Bu məlumatlar cəmiyyətə “Təmiz Binəqədi” kampaniyası kimi sırınan idarəçiliyin alt qatında baş verənləri bir daha cəmiyyətə göstərir.
Bu sırada daha çox diqqət çəkən məqam isə Binəqədi rayonunda torpaq alveri və vətəndaşlara təyin edilən xərac sistemidir. “Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov sözügedən rayon ərazisində aparılan tikintidən qanunsuz olaraq külli miqdarda rüşvət yığır.”
Bu barədə savash.org-un redaksiyasına Binəqədi rayon bələdiyyəsində çalşan mənbə bildirib. Qaynağın məlumatına görə, rayonda tikinti işi aparmaq istəyən sakinlər mütləq icra başçısını “görməlidirlər” :“ Bələdiyyənin bu işdə heç bir rolu yoxdur. Bütün işlər icra hakimiyyətinin nın nəzarətindədir. X.İsgəndərovun icazəsi olmadan heç kim həmin ərazilərdə torpağa bir mismar belə vura bilməz. Qoçuları dərhal o adamın başının üstünü kəsir”.
Mənbə onu da əlavə edib ki, alınan rüşvət tikintinin həcmindən asılıdır: “ Yəni kimsə, birmərtəbəli evi inşa etdirmək istəyirsə 7 min, 2 mərtəbəli ev üçün isə 15 min “haqq” ödəməlidir. Üstəgəl, bu “haqq”ı X. İsgəndərova vermək üçün ara adamı da tapmaq lazım gəlir ki, onlara da müəyyən miqdarda “şirinlik” verməli olursan. Bunların olmayacağı halda heç kim orada tikinti apara bilməz. İcranın balansında iri tonnajlı dağıdıcı gücə malik texnikalar var. Kim “haqq” ödəmirsə həmin texnikalar gecəylə gəlib tikilini dağıdıb, xarabaya döndərir. Əlbəttə, bütün bunlar özbaşınalıq və başıpozuqluqdan başqa bir şey deyil”.
Məlum pul yığımının heç bir qanuni əsası olmadığını deyən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu savash.org-a bildirib ki, bu ciddi rüşvət faktorudur: ”Əlbəttə, bu hal mövcuddur. Bəzi vətəndaşlar süründürməçiliklə üzləşməmək üçün qısa yollar axtarırlar. Onda da rüşvət verməyə məcbur olurlar. Əslinə qalsa, şəhər arxitektura idarəsindən hər bir tikinti üçün layihə hazırlanmalıdır. Vətəndaşlar da öz evlərini həmin layihə əsasında inşa etdirməlidirlər. Bizim vətəndaşlarımız da bu yola getmirlər. Ona görə də rüşvət verirlər. Burada rüşvət verən də, alan da eyni dərəcədə qanunu pozur. Vətəndaşlar da bu yola getdikləri üçün həmin arzuolunmaz halı aradan qaldırmaq çətinləşir”.
Azərbaycan Liberal Partiyasının sədri, hüquqşunas Əvəz Temirxan isə deyib ki, kimdənsə,”şirinlik” tələb olunursa və yaxud onu “şirinlik” verməyə vadar edən vəziyyət yaradılırsa, bu məcburi rüşvət almaqdır:“ Bunun məsuliyyəti daha ağır olur. Arada vasitəçilik edənlərə gəlincə, diqqətinizə çatdırım ki, Azərbaycan cinayət məcəlləsində vasitəçiliyə görə məsuliyyət götürülüb. Onlar məsuliyyətə rüşvət verməkdə iştirakçı kimi cəlb oluna bilərlər”.
“İcra başçıları niyə bu cür qanunsuzluqlara yol verirlər?” sualına gəlincə, müsahibimiz söyləyib ki, onlar rüşvətlə təyin olunurlar:“ Ona görə də gələn kimi qoyduqları “kapitalı” çıxarmağa çalışırlar. Bundan başqa, onlardan yuxarıdan da rüşvət tələb edirlər. Bu səbəbdən qanuna əməl olunmur. Məmurlar üzərində ictimai nəzarət yoxdur. Hər bölgənin nazirdən və yaxud hansısa yüksək vəzifəli şəxsdən ibarət “qubernatoru” olur. Onlar icra başçısını təyin edir. Sonra da ondan rüşvət tələb edir. Ona görə də bu hallar yaşanır”.
***
Bildirək ki, Binəqədi rayon ərazisində ev tikintisi üçün icazəyə rüşvət tələb edilməsi ilə bağlı mediada vətəndaşlar adından konkret ittihamlar səslənmiş, adlar çəkilmiş, rəqəmlər deyilmişdir. Cumhuriyyet.az olaraq bu günədək mediada yer alan və rəsmən təkzib olunmayan həmin faktlardan bəzilərini yenidən diqqətinizə çatdırırıq. Məsələn, Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, ev 95-də kirayədə yaşayan Əliyev Səfər Nəsib oğlu tərəfindən mediaya ünvanlanan məktubda ev tikintisinə icazə üçün ondan rüşvət tələb olunduğunu bildirirdi: ““Binəqədi rayon İcra hakimiyyətinin Mirpaşa adlı işçisi və Xocasən bələdiyyəsinin sədri Anar Abbasov qanunu qaydada aldığımız torpağın üzərində ev tikmək üçün bizdən 4000 manat rüşvət istəyir. İmkanımız olmadığı üçün onun istədiyi pulu verə bilmədik, buna görə də ev tikməyimizə qanunsuz olaraq icazə vermir və utanmadan polisə bu barədə şikayət edib”.
Onu da qeyd edək ki, Binəqədi rayonunda torpaqların vətəndaşlara satılması, yeni ev və ya obyekt tikməyə başlayanlardan xərac toplanması üçün bütöv bir dəstə fəaliyyət göstərir. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalardan belə aydın olur ki, Binəqədi rayon ərazisində istənilən tikinti işini görmək üçün konkret “məzənnə” müəyyənləşib: “Təkcə hasarın çəkilməsi üçün 2000 manat pul tələb olunur. Evlərin tikilməsi üçün isə qiymətlər əraziyə uyğun olaraq dəyişir. Xocəhəsəndə bu qiymətlər 1000-1500 manat, Biləcəridə 1500-2000 manat, Rəsulzadə qəsəbəsində 2000-3000 manat civarındadır”. Bu məlumatlar arasında icra başçısının “xərac” yığanlarının adları da yer alıb: “Xocahəsən, Sulutəpə ərazisində Mirpaşa, Rövşən və Çingiz, Biləcəridə Nicat, Rəsulzadə qəsəbəsində isə Rəfael adlı şəxslər ”xərac” toplamaqla məşğuldur. Nicatın X.İsgəndərovun xalası oğlu olduğu bildirilir və bu şəxsin özbaşınalıqları artıq hədd tanımır. Adları çəkilən şəxslər X.İsgəndərovun adından açıq-aşkar “bazarlıq” edirlər. Vətəndaşların obyektlərini və evlərini sökən bu şəxslər açıq şəkildə bildirirlər ki, onlara bu tapşırıqları kimsə yox, birbaşa olaraq icra başçısı Xaləddin İsgəndərov özü verir. Açıq şəkildə onlardan pul tələb edən icra hakimiyyətinin nümayəndələri onların qarşısına şərt qoyur. Ya inşaat yarımçıq qalacaq, ya da tikilən evlər söküləcək”.
Bu vaxta qədər nə Binəqədi İcra Hakimiyyəti, nə adları çəkilən ərazilərin icra nümayəndələri və ya bələdiyyələri məsələ ilə bağlı hər hansı bir təkziblə çıxış etməyiblər. Eyni zamanda müvafiq dövlət orqanıları da açıq şəkildə reketlik edən bu şəxsləri aşkarlayıb ortaya çıxarmayıb. Faktlar isə üst-üstə toplanmaqdadır. Bütün bu faktlarla bağlı cumhuriyyet.az olaraq silsilə araşdırmalar aparmağa qərar verdik. İlk hədəfimiz isə Xocəsən və Sulutəpə ərazisində fəaliyyət göstərən qrupla bağlıdır. Bildirək ki, burda icra başçısının pulyığanları rolunun ifaçıları kimi Mirpaşa, Rövşən və Çingiz adlı şəxslərdən söhbət gedir. Lap bu günlərdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində aldığı torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün icra hakimiyyətindən icazə ala bilməyən Elçin Əmirov konkret rüşvətdən bəhs edərək bildirmişdi ki, “özünü Binəqədi Rayon İcra Hakimiyyətinin Sulutəpə qəsəbəsi üzrə nümayəndəsi kimi təqdim edən Mirpaşa adlı şəxs sakinlərdən qəsəbə ərazisində ev tikməyə icazə verməsi üçün 5 min manat tələb edir. Əks halda, tikilən evlər sökülür və yaxud da tikintisinə icazə verilmir”. Bu yeganə fakt deyil. Araşdırmalarımız zamanı başqa bir vətəndaş şikayəti ilə də rastlaşdıq. “Kamran” niki ilə şərh yazan oxucu şərhində öz təcrübəsini bölüşüb: “Hörmətli redaksiya heyəti, Sulutəpə və Çiçək qəsəbələrində 1 mərtəbənin tikintisi üçün 4500-5000 AZN, 2 mərtəbənin tikintisi üçün isə 8-9 min AZN tələb olunur. Real faktlar var. Mirpaşa və Rövşən adlı şəxslər Xaləddin İsgəndərovun adından at oynadır”. Digər bir şikayətə diqqət edək. Bakı şəhər sakini İbrahimova Nina Nazim qızı ölkə rəhbərinə müraciətində yazır: “Mənim 2001-ci ildən Binəqədinin Sulutəpə qəsəbəsində həyətyanı sahə almışam, həmin həyəti 2001-ci ildən daş zaboru alınmış və içində ev tikdirmişəm. 2006-ci ildə Vüsar İsmayılov adlı bir şəxs Binəqədi rayonunda işləyirdi. Məndən 6000 AZN (altı min) alaraq bildirdi ki, sənə 3 torpağın sənədini verəcəm. 1 torpağın sənədini verdi, amma 2 torpağın sənədini vermədi. 2001-ci ildən bu zamana qədər maddi durumumla əlaqədar olaraq heç bir iş görməmişəm. 2015-ci ildə bankaya baş vuraraq pul götürüb həyətimdə, zaborun içində yəni balaca bir sex tikərək (uşaqlarımın heç biri işləmir) ən azından 1 işim qurum uşaqlarım orda işləsin. O məqsədlə zaborumun içində iş qurmaq istədim. Daş-qum tökdüyüm zamanda zaborum uçdu və icra nümayəndəsi Çingiz bizim qapımıza gəldi, soruşdu bu nə materialdı. Mən ona yuxarıda yazdıqlarımı danışdım. O isə dedi 5000 AZN (beş min) verərsən tikərsən və bildirdi ki, sabah Bələdiyyəyə gələrsən. Bu işə Mir Paşa baxır. Mən sabahsı gün Bələdiyyəyə getdiyim zamanda Mir Paşa bildirdi ki, sex üçün 40.000 AZN (qırx min) verməlisən. Mən ona maddi durumumun olmadığını və İcra Hakimiyyətinin yanına gedəcəyimi söylədim. Mirpaşa bildirdi ki, mən İcra başçısının qohumuyam”.
Qeyd edək ki, bu dağıntı Sulutəpə ərazisində tikilməkdə olan evlərin qənimi Mirpaşa və Çingizin ilk “əl işləri” yazdıqlarımızla yekunlaşmır. Qəsəbədə onlarla ailə var ki, bu iki şəxsin özbaşınalığından dəfələrlə əziyyət çəkib. Məsələ ilə bağlı cumhuriyyet.az olaraq apardığımız müşahidələrdən sonra məlum oldu ki, Mirpaşa ərazidə tikilməkdə olan evlərin sahiblərindən qeyri-rəsmi ödənişlər tələb edir. Tələbin yerinə yetirilməməsi bir qayda olaraq dağıntılara gətirib çıxarır. Özü də bu biabırçılığa dövlət qurumlarından heç bir reaksiya gəlmir. Vəziyyət o yerə çatıb ki, Mirpaşanın əməllərindən əziyyət çəkənlərin müraciətinə məhəl belə qoyulmur.
Bəs bu “odda yanmaz, suda batmaz” Mirpaşa kimdir. Bu istiqamətdə də cumhuriyyet.az olaraq araşdırmalar apardıq. Binəqədi rayon Xocasən bələdiyyə üzvlərinin siyahısında belə bir ad yoxdur. Bu bələdiyyənin ərazisinə daxil olan 3 qəsəbədən – Xocəsən, Sulutəpə və 28 May qəsəbələrindən heç birinin icra nümayəndəsinin də adı Mirpaşa deyil. Amma nə qədər qəribə olsa da bu qəsəbələrin sakinləri həmin Mirpaşanı rəsmi şəxs kimi qəbul edirlər. Yerli sakinlər arasında fikir formalaşıb: ev timək istəyirsənsə, Mirpaşanın bığının altından onsuz keçə bilməyəcəksən. Hər halda hələ ki, faktlar danışır və Binəqədi icra hakimiyyəti, hüquq-mühafizə orqanları susur.
MilliYol.Az
Digər xəbərlər
loading...