Respublika Narkoloji Mərkəzinin iki əməkdaşı işdən çıxarılıb
“Report”un əldə etdiyi məlumata görə, mərkəzin şöbə müdiri, həkim-narkoloq Afət Məmmədova və yanğın təhlükəsizliyi üzrə mühəndis Mahir Həsənov vəzifədən kənarlaşdırılıblar.
Bununla bağlı əmrləri Respublika Narkoloji Mərkəzinin direktoru vəzifəsini icra edən Aytən Səmədova imzalayıb.
Qeyd edək ki, səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə mərkəzin direktoru Telman Məmmədhəsənov da tutduğu vəzifədən azad edilib. Mərkəzin direktoru vəzifəsini Aytən Səmədova icra edir.
Xatırladaq ki, martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın baş verib. Hadisə nəticəsində 25 nəfər yanaraq ölüb. Fakt üzrə Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb. Görülən tədbirlərlə Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov yanğını törətməkdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Hadisənin baş vermə mexanizmi və mərkəzdə olan müşahidə kameralarının görüntüləri ilə təsdiqlənib.
M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4 (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də iş üzrə kompleks məhkəmə psixiatrik, psixiloji və narkoloji ekspertizalar təyin olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...