İki ay sonra, iyunun 24-də Türkiyədə növbədənkənar parlament və prezident seçkiləri təyin edilməsi qardaş ölkənin siyasi səhnəsində zəlzələ effekti verib və ortaya çoxsaylı suallar çıxarıb
Bəs, Ərdoğan iqtidarının növbədənkənar seçkilərə getməsi hansı zərurətdən yaranıb?
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, Türkiyədə 2016-cı ildə baş vermiş 15 iyul hadisəsindən sonra çox ciddi proseslər gedir və növbədənkənar seçkilər qərarında bu proseslərin də rolu var: “Türkiyə “dərin dövlət”i, nəhayət ki, Türkiyədə, sözün həqiqi mənasında, müstəqil milli dövlət qurulması işinə start verib. AKP ilə MHP-nin yaxınlaşması da, məncə, “dərin dövlət”in tövsiyəsi ilədir. Xatırlayırsınızsa, 15 iyul hadisələrindən sonra MHP ilə AKP arasında çox sıx yaxınlaşma başladı. Ardınca Dövlət Baxçalı tərəfindən prezident üsul-idarəçiliyinə keçidlə bağlı təklif ortaya çıxdı, sonra referendum keçirildi. Referendumdan sonra növbədənkənar seçkilərin ola biləcəyi gözlənilirdi. Regionda ciddi hadisələr baş verdi, əvvəlcə Türkiyənin “Fərat qalxanı” əməliyyatı, ardınca “Zeytun budağı” əməliyyatı həyata keçirildi. Türkiyəyə qarşı iqtisadi-maliyyə sahəsində hücumlar olurdu və bir qeyri-müəyyənlik yaradılması istənilirdi. Mənə belə gəlir ki, erkən seçki qərarı “dərin dövlət” tərəfindən əldə MHP-AKP razılaşmasına dayanır. Necə ki, prezident üsul-idarəsinə keçid MHP tərəfindən təşəbbüs olaraq irəli sürülmüşdü, erkən seçimlər təşəbbüsü də MHP lideri tərəfindən irəli sürüldü. Başlıca məqsəd həm Türkiyə daxilində, həm də Türkiyə ətrafında sabitliyə nail olmaqdır. Ölkə daxilində möhkəm sabitlik əldə olunarsa və bu, AKP-MHP ittifaqına, millətçi və islamçı kəsimin geniş tabanına dayanarsa, Türkiyə həqiqi dövlətçilik, quruculuq istiqamətində daha irəli gedər. Xüsusən sosial-iqtisadi, hərbi, kəşfiyyat təhlükəsizlik sahəsində çox ciddi işlərin görülməsinə ehtiyac var”.
“Bəzi təhlilçilər isə iddia edir ki, Türkiyə iqtidarı ölkədə iqtisadi, sosial durumun getdikcə ağırlaşmaqda olduğunu və 2019-cu ilin noyabrına qədər onun üçün əlverişsiz vəziyyətin yarana biləcəyi ehtimalını göz önünə alaraq erkən seçimlərə getdi. Bu iddialar nə dərəcədə əsaslıdır” sualına S.Əkbər belə cavab verdi: “Bu iddia həqiqətdən uzaqdır. Çünki Türkiyədə iqtisadi böyümə gözlənilənin də üzərindədir. Ona görə də burada sosial-iqtisadi səbəblər axtarmaq yanlışdır. Türkiyə maliyyə-iqtisadi hücumları çox uğurla dəf edə bilib”.
“Eyni vaxtda iki mühüm seçkinin keçirilməsi Türkiyə siyasi həyatını gərginləşdirə bilərmi” sualını isə AzDP sədri belə cavablandırdı: “Ölkədə gərginliyin yaranmasında xarici qüvvələr həmişə maraqlıdırlar. Türkiyənin daxilində gərginliklər yaranmasına ciddi hazırlıq gedirdi və hədəf kimi 2019-cu ilin noyabrında keçiriləcək prezident seçkiləri dövrü seçilmişdi. Türkiyə ”dərin dövləti”, AKP-MHP ittifaqı erkən seçkilərə getməklə bu planı quranları, Türkiyəyə müdaxilə etməyə hazırlaşan xarici güc mərkəzlərini və onların daxildəki uzantılarını fors-major vəziyyətinə saldı. Onlar xüsusi uzunmüddətli və hərtərfli hazırlıq görmək imkanlarından məhrum oldular”.
Yada salaq ki, Azərbaycanda seçkinin vaxtının irəli çəkilməsi bu kimi “xarici faktorlarla” izah edilirdi.
S.Əkbər bildirdi ki, istənilən halda həm prezident, həm də parlament seçkilərini AKP-MHP ittifaqı qazanacaq: “Prezident seçkilərində ən şanslı Ərdoğan görünür. Ən son rəy sorğularında Ərdoğan 55 faizlə yenə irəlidə idi. AKP-MHP ittifaqının namizədi kimi Ərdoğanın qalib gələcəyini düşünürəm. Parlament seçkilərində AKP-nin birinci yerdə olacağını, MHP-nin yaxşı nəticə göstərəcəyini, CHP-nin səslərinin azalacağını düşünürəm. Meral Akşenerin yeni yaratdığı İyi Partiyanın seçkiyə buraxılıb-buraxılmayacağı hələ sual altındadır. Əgər onlar hər hansı bir ittifaqla seçkiyə gedərlərsə, bu onlar üçün daha uğurlu olar. Prezident seçkiləri o halda hakimiyyət üçün gərgin keçə bilər ki, bütün müxalifət birləşib keçmiş prezident Abdullah Gülün namizədliyini irəli sürmüş olsunlar. Kürd faktoruna gəlincə, məncə, AKP-yə səs verən kürdlərin sayı artacaq. Bu, HDP-nin effektli siyasi qüvvə kimi sıradan çıxması, PKK-ya qarşı effektiv mübarizə ilə, digər tərəfdən də Türkiyənin cənub-şərqində görülən sosial-iqtisadi tədbirlərlə bağlıdır”.
“Türkiyəni istəməyən xarici güclər və onların daxildəki uzantıları seçki dönəmində ölkədə terror dalğası başlada bilərlərmi?” sualına isə S.Əkbər belə cavab verdi: “Buna ən azı cəhd edəcəklər. Terror hadisələrinə də, sosial sahədə gərginlik yaratmağa da cəhd edəcəklər, maliyyə və kiber hücumlar ola bilər. Amma cəhdlərin nəticə verəcəyini düşünmürəm”.
MilliYol.Az
Digər xəbərlər
loading...