24-25 aprel tarixlərində BMT-nin Nyu-Yorkdakı baş qərargahında “Sülhyaratma və sülhün dayanıqlılığı” mövzusunda Yüksək Səviyyəli Toplantı keçiriləcək
Bu tədbir ərəfəsində BMT Baş Assambleyasının prezidenti Miroslav Layçak toplantının mahiyyəti və onun məqsədlərinə dair “Sülhə yeni yanaşma” adlı müəllif yazısı hazırlayıb.
APA həmin məqaləni təqdim edir:
“Birləşmiş Millətlər Təşkilatı yaradılanda onun təsisçiləri başqa bir dünya təsəvvür edirdilər. Elə bir dünya ki, orada mübahisələr döyüş meydanlarında deyil, görüş otaqlarında həll olunur. Elə bir dünya ki, orada müharibələr başlamağa macal tapmadan qarşısı alınır. Elə bir dünya ki, orada həyatlar itirilmədən hərəkətə keçirlər. Lakin bu gün dünyanın bir çox yerlərində zorakı münaqişələrin sayı artmaqdadır. Onların müddəti, mürəkkəbliyi və səbəb olduğu tələfatlar da getdikcə artır. Mülki şəxslər atəş arasında qalaraq daha həyatını itirmir – onlar indi özləri birbaşa hücum hədəfinə çevrilib. Biz həm də misli görünməmiş sayda insanın qorxu və ümidsizlik içində öz yuvalarını tərk etdiyini görürük.
Məhz bu səbəbdən BMT-nin sülhə yeni yanaşması olmalıdır. Mən 24-25 aprel tarixlərində Nyu-Yorkda “Sülhyaratma və sülhün dayanıqlılığı” mövzusunda Yüksək Səviyyəli Toplantı təşkil edəcəyəm. Bu tədbirdə dünya liderləri bir araya gələrək diqqətini münaqişələrin qarşısının alınması, vasitəçilik, dialoq və diplomatiya mövzusuna yönəldəcəklər. Bu, BMT-yə üzv dövlətlərin təşkilatımızın sülhün yaradılmasında daha yaxşı nəticələrə nail olmaq üçün göstərdiyi daha genişmiqyaslı səylərin bir hissəsidir. Mən sülh deyəndə, növbəti seçki dövründə yoxa çıxacaq sülhdən deyil, varlığından arxayın olduğumuz sülhdən danışıram. Aylarla, illərlə deyil, nəsillərlə davam edəcək sülhdən danışıram.
“Dayanıqlı sülh” deyəndə məhz bunu nəzərdə tuturuq. Münaqişələr başlayandan sonra tələm-tələsik həll yolu axtarmaqdansa, məhz ona nail olmağa çalışmalıyıq.
Bəziləri deyə bilər ki, dünyanın müəyyən yerlərində həqiqi davamlı sülhə nail olmaq mümkünsüzdür. Amma belə deyil. Mən şəxsən bunun şahidi olmuşam. Monteneqro Serbiyadan ayrılanda, sülhə təminat yox idi. Əslində, bəzi insanlar ciddi zorakılığın baş verəcəyini gözləyirdi. Gərgin diplomatik səylər və real siyasi iradə nəticəsində sülh bərqərar oldu və bu gün də davam edir. Onun gələcəkdə zəifləyəcəyinə dəlalət edən heç bir əlamət görünmür.
Ötən ay Kolumbiyanın qərbinə səfər etdim və sosial bağların gücləndirilməsi vasitəsilə sülhü bərqərar etmək üçün yerli icmaların BMT ilə işlədiyini görmək məni fərəhləndirdi. Kəndlilərin öz gələcəkləri ilə bağlı həvəslə danışdığını görmək də məni fərəhləndirdi. Onlardan bəziləri 50 ildən artıq müharibədən əziyyət çəkmişdi. Qadınlardan biri mənə xalqın yenidən münaqişəyə sürüklənməməkdə qətiyyətli olduğunu söylədi. Sülhün dayanıqlılığını əks etdirən bu nümunələrə dünyanın hər yerində rast gəlinir. Nyu-Yorkda biz xeyli müzakirələr apara bilərik. Lakin bu müzakirələr hadisə yerlərində çalışanların təcrübələrinə əsaslanmalıdır. Biz Liberiyada sülh sığınacaqlarını idarə edən qadınlardan tutmuş, Qırğızıstanda vasitəçilik seminarları təşkil edənlərə qədər həqiqi sülh qurucularının gördükləri işləri vurğulamalıyıq. Məhz bu səbəbdən Yüksək Səviyyəli Toplantı müxtəlif ölkələrdən, sahələrdən və cəmiyyətlərdən olan iştirakçıları bir yerə toplayaraq onlara öz baxışlarını bölüşmək imkanı yaradacaq.
Təbii ki, hər kəs sülhün dayanıqlılığı ideyasını qəbul etsə belə, maliyyə vəsaitləri olmasa, bunun bir əhəmiyyəti qalmır. Münaqişələrin qarşısının alınmasına daha çox maliyyə ayrılmalıdır. Münaqişə nəticəsində cəmiyyətlər dağıldıqda, sosial inteqrasiya məhv olur. Binalar dağılır, onları heç kəs bərpa etmir. Maaşlar verilmir, krandan su gəlmir. Məhz bundan sonra biz bərpa işlərinə pul xərcləyirik və bu vəsaitin miqdarı münaqişələrin qarşısının alınmasına xərclənəcək vəsaitlərdən qat-qat çox olur. Qarşısını ala bilmədiyimiz insan əzablarından əlavə maliyyə vəsaitlərinin bu cür xərclənməsi də məntiqli deyil. Hətta yalnız bir neçə ölkəyə maliyyə yardımının artırılması son nəticədə beynəlxalq ictimaiyyətin milyardlarla dollar qənaət etməsinə gətirib çıxara bilər. Sonda, gəlin, unutmayaq ki, BMT məhz sülh üçün yaradılıb. Onun bayrağı məhz sülh üçün dalğalanmalıdır. BMT-nin münaqişələrin qarşısını alması nadir hala deyil, normaya çevrilməlidir. O, dünyanın sülh elçisi olmalıdır”.
MilliYol.Az
Digər xəbərlər
loading...