Aprel döyüşlərində yoldaşlarını xilas etmək üçün özünü qumbaranın altına atan mayor Elnur Əliyevin həyat yoldaşı Nuranə Əliyeva, şəhidin doğum günü münasibəti ilə ona məktub ünvanlayıb.
MilliYol.Az azxeber.com-a istinadən şəhid ailəsinin portalımıza göndərdiyi həmin ürəkdağlayan məktubu təqdim edir:
"Hər gün daha çox darıxıram sənsiz. Günlər, aylar keçir, amma sənsizlik ağrısı hələ də ilk günkü kimidir. Çətindir sənsiz həyata tutunmaq. Hər dəqiqə xəyalınla yaşamaqdır nəfəs aldığım hər gün. Özümü unutdum sən yoxsan deyə, gülüşüm saxtalaşdı, həyata baxışım dəyişdi, gələcəyə ümidim itdi...
Arzular, ah arzular.... sizdəmi O getdiyi gün bitdiniz?! Sizdəmi O getdi deyə getdiniz?! Nə çətinmiş, nə dözülməzmiş sənsiz nəfəs almaq. Səsini eşitməmək, üzünü görməmək , sənə toxunmamaq... Tək təskinliyim sənin yadigarlarınla ovunmaqdır. Sənə oxşamaq istəyən, sənin yolunu gözləyən, "atam olsa belə olardı” deyən iki əmanətin var məndə. Amma sənsiz onlar da qanadı qırılmış quş kimidilər. Sənsiz onlar da təkdirlər. Kim ola bilər sənin qədər əziz, sənin qədər yaxın onlara? Kim tuta bilər onların əlindən sən tutduğun kimi, bərk-bərk? Kim saçlarına sığal çəkər sənin kimi?..
Özümlə savaşıram. "O yoxdur, bəs mən niyə varam” deyə. "Niyə gülürəm, niyə boğazımdan loxma keçir” deyə. "Niyə gəzirəm, niyə sənsiz dözüb yaşayıram, niyə sənsizliyə dözürəm” deyə çox qınayıram özümü. Bu niyələr yorur məni... sənsizlik alır gücümü...
Yorulmuş ruhum qorxudur məni, əmanətlərini sən istəyən kimi böyüdə bilmərəm deyə. Sənə söz verirəm, ey mənim qürur yerim, ey mənim baş tacım, fəxrim, fəxarətim, ən dəyərlim, sənə layiq böyüdəcəyəm əmanətlərini. Səni onlarda görmək arzusuyla, həyata tutunub övladlarını sənin kimi, qorxmaz, igid, mərd, əsl kişi kimi böyüdəcəyəm . Yarımçıq qalan arzularını onlarla birgə həyata keçirdəcəyəm.
Sən rahat uyu, ŞƏHİDİM!
Sənin uğrunda canından keçdiyin Vətəndə ən çox sənin övladlarının yaşamaq haqqı var! Gözün arxada qalmasın, Yerin behişt, qəbrin nurla dolsun.
40 yaşın mübarək, igidim, ŞƏHİDİM"
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...