Akif Çovdarovun daha bir əmlakı üzə çıxdı; Binəqədi Rayon İcra Hakimiyyəti həmin vaxt ağacların kəsilməsinə niyə reaksiya verməyib?
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəis olmuş, general-mayor Akif Çovdarovun milyonluq əmlaklarından daha biri haqda məlumatlar yayılıb. Avropa.info xəbər verir ki, sabiq MTN generalının inşa etdirdiyi binalardan birinin də Bakı şəhəri, Binəqədi rayonu 7-ci mikorayon ərazisində yerləşdiyi məlum olub. Məlumata görə, Abay Kunanbayev küçəsində, keçmiş “Bolluq” bazarının qarşısında yerləşən binanın tikintisi Çovdarovun həbsindən dərhal sonra dayandırılıb.
Əvvəlcə qeydiyyatdan qeyri-yaşayış binası kimi keçirilən tikili daha sonra 42 mənzildən və 6 qeyri-yaşayış obyektindən ibarət yaşayış binası kimi inşa olunub. Qonşuların dediklərinə görə, bina qarşı tərəfdə yerləşən yaşayış binasının həyətində insanların istirahəti üçün nəzərdə tutulmuş park ərazisində tikilib. Binanın təməli qoyularkən ərazidə 120-130 ağac kəsilərək yaşıllıq tamamilə məhv edilib.
Binəqədi Rayon İcra Hakimiyyəti də həmin vaxtda bu qədər ağacın kəsilməsinə heç bir reaksiya verməyib, ya da reaksiya verə bilməyib, bu məlum deyil. Hər halda, 120-dən çox ağacın kəsilməsi və yaşıllığın məhv edilməsi faktdır. Məlumatlara görə, Akif Çovdarov binanı tikdirməyə başlayarkən əvvəlcə bütün sənədlər onun qızının adına rəsmiləşdirilib. Onun həbs edilməsi ərəfəsində isə sənədlər başqa bir şəxsin adına keçirilib. Amma bu addımı da tikilinin Akif Çovdarova məxsusluğunu gizlətməyə imkan verməyib. O, həbs edilən kimi tikintidə işlər dayandırılıb. Binanın bundan sonrakı taleyinin necə olacağı bilinmir.
Akif Çovdarovun çoxsaylı belə tikililəri var və Binəqədi rayonu ərazisində ən məşhuru da adına “Zeytunluq” deyilən massivdə yerləşir. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan və özünü öldürmək üçün fürsət axtardığı bildirilən odioz generalın adı vəzifədə olduğu illər ərzində dəfələrlə “yaşıl soyqırım”da hallanıb. 2008-ci ilin fevralında Akif Çovdarov Binəqədi rayonu ərazisindəki “Zeytunluq” adlanan yaşıllıq massivində ağacları kəsdirərkən “Azadlıq” qəzetinin reportyoru Aqil Xəlilin fotokamerasına tuş gəlmişdi. Həmin vaxt Akif Çovdarov jurnalisti boğub öldürməyə cəhd etmiş, buna nail olmadıqda sonradan jurnalistin bıçaqlanması ilə nəticələnən provakasiyaları planlayıb həyata keçirmişdi.
A.Çovdarovun qandallanmasından sonra onun Badamdarda böyük ərazini əhatə edən 3 imarətinin videosu da meydana çıxmışdı. Akif Çovdarov bir çox sahibkarların, məmurların cibinə girib özünə çoxsaylı mal-mülklərdən ibarət imperiya qurub. Dəhşətli əməllərə qol qoymaqla, sahibkarları oğurlayıb çoxsaylı villalarının zirzəmilərinə saldırıb pullarını qoparmaqla varlanıb. Bu mal-mülkün bir gün başına uçmayacağına əminliyi yeni qanunsuz əməllərə yol açıb. Qollarına açarı başqalarının əlində olan bilərziklər vurulandan sonra Akif Çovdarov üçün geri sayım başlayıb. Qanla qazanılan milyonlar qanunla əlindən alınır.
Xatırladaq ki, A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddələri ilə cinayət işi başlanıb.(musavat.com)
MilliYol.Az
Digər xəbərlər
loading...