Rusiyanın rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsinə nəzarət üzrə dövlət orqanı - “Roskomnadzor” bu il ölkə ərazisində “Facebook”u bloklaya bilər
Lent.az-ın xəbərinə görə, bu barədə “İzvestiya” qəzetinə müsahibəsində “Roskomnadzor”un rəhbəri Aleksandr Jarov deyib. O bildirib ki, bu il aparılacaq yoxlamanın sonunda sosial şəbəkə rusiyalı istifadəçilərin məlumat bazasının Rusiya ərazisində saxlanılmasına razı olmasa, “Facebook”a qarşı müvafiq addım atılacaq.
“2018-ci ilin sonuna qədər biz şirkətin fəaliyyətini yoxlayacağıq. Bir neçə maddə var ki, yerinə yetirilməlidir: Rusiya vətəndaşlarının məlumat bazasının ölkə daxilində lokallaşdırılması, bütün qadağan olunmuş məlumatların silinməsi və digər qanunlara əməl olunması. Əgər bu məsələlərin bəziləri və ya heç biri yerinə yetirilməsə, bloklanma məsələsi aktuallaşacaq”, - deyə A. Jarov söyləyib. O, “Facebook” nümayəndələri ilə yarım ildən bir görüşdüyünü deyib. Sonuncu görüş 2018-ci ili fevralında olub.
Xatırladaq ki, aprelin 13-də Moskva şəhər Taqansk rayon Məhkəməsi “Roskomnadzor”un iddiası əsasında “Telegram”ın ölkə ərazisində bloklanması haqqında qərar qəbul edib. Məhkəmə belə qənaətə gəlib ki, messencer vasitəsilə ötürülən informasiyalar dövlətin və əhalinin təhlükəsizliyinə təhdid yarada bilər. Məhkəmə qərarı o vaxt ləğv oluna bilər ki, “Telegram” bu məsələdə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əməkdaşlığa getsin və istifadəçi məlumatlarının deşifrə olunması üçün müvafiq “açar”ları kəşfiyyata təqdim etsin.
Digər xəbərlər
loading...