Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazov Teleqraf.com-a müsahibə verib
Strateq.az həmin müsahibəni təqdim edir:
– Eldar müəllim, ABŞ başda olmaqla Böyük Britaniya və Fransanın Suriyaya hava zərbələri endirməsindən sonra Rusiya-Qərb münasibətlərinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Proseslər hansı istiqamətə doğru gedir?
– Biz bir neçə il öncə başlayan Rusiya-Qərb qarşıdurmasının pik nöqtəsinə yaxınlaşırıq. Artıq aydındır ki, ABŞ və onun müttəfiqləri birmənalı olaraq Rusiyanın apardığı siyasətin qarşısını almaq istəyirlər və Rusiya rəhbərliyi qarşısında çox sadə seçim qoyurlar. Onlar müxtəlif sanksiyalarla ya Rusiyanı iqtisadi cəhətdən çökürdəcək və beynəlxalq aləmdə Rusiyanı təcrid vəziyyətinə salacaqlar, ya da Putin hakimiyyəti həm Ukraynada, həm Suriyada, həm də başqa bölgələrdə apardığı siyasəti dəyişməlidir. Faktiki olaraq indi Rusiya ilə Qərb arasında heç bir danışıqlar getmir. Müxtəlif ölkələrdə – ABŞ-da, Böyük Britaniyada olan rus səfirlər həmin ölkələrin rəsmiləri, xarici işlər nazirləri ilə heç görüş təyin edə bilmirlər. “Sizinlə danışmaq mənasızdır” deyib heç kim onlarla danışmaq da istəmir. Rusiya neçə illərdir pozucu siyasət aparır və artıq bıçaq sümüyə dirənib. Qərb ölkələri tələb edirlər ki, Rusiya bu pozucu siyasətindən əl çəksin. Ona görə də bu qarşıdurma hələ davam edəcək. Biz pik nöqtəsinə çox yaxınıq. Rusiya hakimiyyəti indi çox çətin seçim qarşısındadır. Ona görə ki, Rusiyanın iqtisadi durumu aydan-aya, ildən-ilə pisləşir. Bu sanksiya siyasəti davam etdirilsə, o zaman Rusiyanı SSRİ-nin aqibəti gözləyə bilər. Təbii ki, bu, çox qorxulu, təhlükəli məqamdır. Gərək Azərbaycan da bu prosesləri diqqətlə izləsin. Ona görə ki, Putinin apardığı “harda sındı-sındı” siyasətinin sonu nə vaxt nə cür olacaq, bilinmir. Ancaq birmənalı demək olar ki, güclərin balansı Rusiyanın xeyrinə deyil. BMT-nin Təhlükəsizlik Şurasındakı son müzakirələr göstərdi ki, orda Rusiyanın bir daimi müttəfiqi var. Bu da Boliviyadır. Hərdənbir Çin də ya neytral mövqe tutur, Qərblə münasibətləri o qədər də korlamamağa çalışır. Hətta, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstan kimi üzvləri bu qarşıdurmada neytral mövqedə dayanır. Halbuki, o, Rusiya ilə eyni hərbi blokdadır, hərbi-siyasi müttəfiq sayılmalıdır. Ancaq Qazaxıstan neytral mövqe tutur ki, Qərblə münasibətləri korlanmasın. Ona görə də Rusiya çox ağır seçim qarşısındadır və yəqin ki, yaxın zamanlarda bu prosesdə artıq hansısa köklü dəyişikliklər baş verəcək.
– Qeyd etdiniz ki, ya Rusiyanı iqtisadi cəhətdən çökürdəcək və beynəlxalq aləmdə təcrid vəziyyətinə salacaqlar, ya da Putin hakimiyyəti həm Ukraynada, həm Suriyada, həm də başqa bölgələrdə apardığı siyasəti dəyişməlidir. Sizcə, bu iki variantdan hansının baş verəcəyi daha ağlabatandır?
– Bunu demək çətindir. Çünki Rusiya hakimiyyəti daxildə başqa cür siyasət aparır. Putin Qərblə qarşıdurmanı ictimai rəydə Rusiya cəmiyyətini səfərbər etməyə xidmət edən amil kimi qələmə verməyə çalışır. Ona görə Rusiya hakimiyyəti indi geri çəkilməyə də qorxur. Fikirləşirlər ki, müxalifət bundan istifadə edə bilər.
Bu günlərdə Rusiyanın aparıcı sosioloji mərkəzləri yeni bir tədqiqat aparıblar və qeyd edirlər ki, Rusiyada 16 faizədək insan etiraz aksiyalarına çıxmağa hazırdır. Bu, bir tərəfdən çox az bir rəqəm kimi görünür, ancaq bu, məsələn, Moskva üzrə 1 milyona yaxın insanın etiraz aksiyalarına çıxmağa hazır olduğu deməkdir. Hətta, ondan da böyük rəqəm haqqında danışmaq olar. Ona görə ki, Moskvanın özündə etiraz əhval-ruhiyyəsi daha yüksəkdir, nəinki ümumən Rusiyada. Moskva merinin son seçkilərində müxalifətin namizədi Aleksey Navalnı 25 faiz səs toplamışdı. Ona görə də Moskvada etiraz potensialı daha güclüdür. Bu baxımdan Putin hakimiyyəti bir tərəfdən başa düşür ki, Qərblə münasibətləri normallaşdırmasa, Qərbdən yeni texnologiyalar ala bilməsə, Qərblə iqtisadi əməkdaşlıq edə bilməsə, Rusiya iqtisadiyyatı çökə bilər. Ancaq eyni zamanda onu da anlayırlar ki, daxildə etiraz potensialı böyükdür və bu məsələdə güzəştə gedəndə müxalifət, müxtəlif ictimai qurumlar, cəmiyyətin xeyli hissəsi Putin hakimiyyətinə qarşı artıq çox fəal mübarizə aparacaq. Ona görə də Putin hakimiyyətinin hansı seçimi edəcəyini demək həqiqətən də çox çətindir.
– Suriya məsələsi ilə əlaqədar olaraq ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin Rusiyaya qarşı yeni sanksiyaları elan edəcək. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli sanksiyaların daha güclü olacağını bildirib. Yeni sanksiyalar özündə nələri ehtiva edə bilər?
– Yeni sanksiyalar olacaq və bu silsilə proses kimi gedir. Ancaq konkret olaraq yaxın zamanlarda ABŞ administrasiyası məhz Rusiyanın Suriyada apardığı siyasətə görə sanksiya tətbiq etmək istəyir. Ona görə də bu siyahıya Suriya ilə əməkdaşlıq edən rus şirkətləri, ya da Suriyada əməliyyatlara rəhbərlik edən hərbi vəzifəli şəxslər daxil edilə bilər. Ancaq bundan savayı, Böyük Britaniyada da Rusiyaya qarşı sanksiyaların tətbiq olunması gözlənilir. Arxasınca “Skripal işi” ilə bağlı sanksiyalar da genişlənə bilər. Ona görə ki, hazırda araşdırmalar davam edir və tam öz təsdiqini tapandan sonra yeni cəza mexanizmləri olacaq. 2014-cü ilin yayında Donetsk səması üzərində “Boinq 777” tipli sərnişin təyyarəsinin vurulması ilə bağlı istintaq da başa çatıb. Artıq Niderlandda beynəlxalq məhkəmə prosesi başlamalıdır. Bununla bağlı da çox ciddi sanksiyalar başlamalıdır. Yəni, sanksiya siyasəti addım-addım güclənir və “Anakonda planı”na bənzəyir. Bildiyiniz kimi, anakonda böyük bir ilandır. O öz rəqiblərini bir zərbə ilə deyil, tədricən sıxmaqla məhv edir. Qərbin bu planına da “Anakonda planı” deyirlər. Sanksiyalar addım-addım güclənən xətt üzrə gedir və hansısa məqamda artıq o sanksiyalara dözmək mümkün olmur. Bu baxımdan biz yaxın illərdə Qərbin Rusiyaya 3-4 sanksiya tətbiq edəcəyini görəcəyik.
– Ancaq Rusiya da bu sanksiyalara yəqin ki, hansısa cavab addımları üzərində fikirləşir. Sözsüz ki, Moskva artıq bir neçə ildir qarşılıqlı sanksiyalar tətbiq edib; Qərb ölkələrindən Rusiyaya malların idxalı ciddi şəkildə məhdudlaşdırılıb, gizli yollarla keçirilən məhsullar məhv edilir. Ancaq Qərbin sanksiyaları gücləndikcə böyük ehtimalla Rusiyanın da işə salacağı hansısa “B planı” var. Bu planın işə salınması bütün region və dünya üçün bir qədər qorxulu təsir bağışlayır…
– Bilirsinizmi, iqtisadi sahədə Rusiyanın hansısa effektiv sanksiyalar tətbiq etmək imkanı demək olar ki, yoxdur. Rusiyanın iqtisadiyyatı ABŞ və onun müttəfiqlərinin iqtisadiyyatı ilə müqayisədə çox zəifdir. Rusiyanın daha çox hərbi potensialı güclüdür. Rusiya çalışır ki, oyunu məhz hərb sahəsində davam etdirsin. Ona görə də Suriyada əməliyyatlara başlayıb. Ona görə də Putin bir müddət öncə Federasiya Şurasının üzvlərinə müraciətdə yeni silahların istehsalı ilə bağlı geniş nitq söylədi və videolar nümayiş etdirdi. Yəni, Rusiya hesab edir ki, iqtisadi sahədə deyil, hərbi sahədə ABŞ-a hədə-qorxu gələ bilər. Ancaq ABŞ administrasiyası da bunu çox soyuqqanlı qəbul edib və yeni silahlarla bağlı hədə-qorxuya da çox soyuqqanlı yanaşır. ABŞ və onun NATO-dakı müttəfiqləri hesab edirlər ki, bu, müəyyən mənada blef xarakteri daşıyır. Yəni, həmin silahların bir qismi yalnız 15-20 ildən sonra istehsal oluna bilər. Bir qismi isə ümumiyyətlə fantastik, qeyri-real görünür. ABŞ və digər NATO üzvlərinin də hərbi potensialı ildən-ilə güclənir, hərbi büdcələri artır. Ona görə də onlar bu hədə-qorxulara kifayət qədər soyuqqanlı yanaşırlar, bundan çəkinmirlər. Rusiya hədə-qorxu gəlirdi ki, ABŞ Suriyanı vursa, Rusiya bu prosesə müdaxilə edə bilər. Ancaq biz gördük ki, rus qoşunları heç bir hərəkətə keçmədi və ABŞ heç bir müqavimətlə qarşılaşmadan 100-dən artıq “Tomaqavk” raketi ilə Suriyada 10-a yaxın obyekti darmadağın etdi. Yəni, hər bir ölkə qarşıdurmaya başlayanda öz imkanlarını ölçüb-biçməlidir. Mən Çini misal gətirmək istəyirəm. Çində hələ ötən əsrin 70-80-ci illərindən çox ciddi iqtisadi islahatlar başladı. O vaxtdan bəri Çin dünyanın ikinci iqtisadiyyatına çevrildi və bəzi parametrlərinə görə hətta ABŞ iqtisadiyyatını da üstələyir. Ancaq buna baxmayaraq, Çin 30 ilə yaxındır hansısa geopolitik savaşa girişmir. Çalışır ki, heç bir geopolitik qarşıdurmada iştirak etməsin. İlk növbədə öz iqtisadiyyatını gücləndirir ki, iqtisadi sahədə tam üstünlük əldə etdikdən sonra geopolitik ambisiyalar irəli sürsün. Ona görə də Çinin strategiyasında hələ yaxın 20 il ərzində məhz iqtisadi sahədə rəqabət aparmaq öz əksini tapıb. Onlar hələ bundan sonrakı 20 il ərzində geopolitik qarşıdurmaya getmək istəmirlər. Ancaq 2000-ci ildə Putin hakimiyyətə gəldikdən sonra təqribən 5-6 il neftin qiyməti yüksək oldu, Rusiya hakimiyyətinə, büdcəsinə müəyyən pullar gəldi və Moskva bunu əsas götürüb Qərblə belə açıq qarşıdurmaya getməyə başladı. Bunun ardınca neftin qiyməti aşağı düşdü və bəlli oldu ki, Rusiya iqtisadiyyatı Qərblə uzunmüddətli qarşıdurmaya hazır deyil. Ancaq sənin iqtisadiyyatın hazır deyilsə, demək, sən bu qarşıdurmada qalib gələ bilməyəcəksən. Bu, siyasətin qanunudur.
– Aydın məsələdir ki, böyük güclərin hər biri bu qarşıdurmada Azərbaycanı öz tərəflərində görmək istəyir. Azərbaycanın strateji müttəfiqi olan Türkiyə Rusiya ilə sıx əməkdaşlıq etsə də, koalisiyanın Suriyaya hücumunu birmənalı olaraq dəstəklədi. Bu baxımdan necə hesab edirsiniz, Azərbaycan hansı mövqeni tutmalıdır?
– Bilirsinizmi, biz Azərbaycanın geopolitik əhatəsini nəzərə almalıyıq. Bu, bizdən asılı deyil. Tanrı bizə bu qonşuları verib. Bir tərəfdə torpaqlarımızı işğal edən Ermənistan, digər tərəfdə Ermənistanın arxasında dayanan Rusiya, bir tərəfdə isə Azərbaycanın müstəqilliyinə o qədər də müsbət baxmayan cənub qonşumuz var. Təbii ki, bütün bu geopolitik əhatəni nəzərə alıb Azərbaycan ehtiyatlı və balanslaşdırılmış siyasət yürütməlidir. Bu siyasəti də Azərbaycan uzun illərdir ki, yürüdür. Güman edirəm ki, bu, kifayət qədər əsaslandırılmış bir siyasətidir. Bircə məqamı qeyd edim ki, Rusiya və ABŞ qarşıdurmada ola-ola hərbi rəhbərlərin neytral bir məkanda görüşünü keçirmək istədikdə, Bakını seçirlər. Deməli, hər iki tərəf Azərbaycana etibar edir. Ona görə də biz bu mövqeyimizi davam etdirməliyik.
MilliYol.Az
Digər xəbərlər
loading...