Bakının mərkəzində - Hüsü Hacıyev küçəsi ilə Mirzağa Əliyev küçəsinin kəsişməsində bir bina var, görən hər kəsi heyrətləndirir.
Anspress-in məlumatına görə, binanın Füzuli meydanına və Akademik Milli Dram Teatrına baxan hissəsinin fasadının yarısı - Füzuli meydanından görünən tərəf tam təmir edilib. Bu hissədə daşlar hamarlanıb, pəncərələr, məhəccərlər dəyişdirilərək daha estetik görkəmlilərlə əvəz edilib. Binanın fasadının o biri yarısında isə hər şey 30 il əvvəl olan kimidir - köhnə məhəccərlər, nimdaş pəncərələr, bozarmış divar və s. Bina bir növ teatrın rəmzi olan tragikomik maskaya bənzəyir - sanki bir üzü ağlayır, o biri üzü isə gülür.
Əslində, bu sözləri Bakıda son illərdə müəyyən qədər təmir bərpa işləri görülmüş sovet binalarının hamısına aid etmək olar. Şəhərin əksər zonalarında fasadı üzlənmiş binaların həyət tərəfləri olduğu kimi qalıb, həmçinin binaların istilik, su, elektrik və qaz təchizatı, kanalizsiya sistemləri baxımından heç bir dəyşiklik aparılmayıb. Binaların bir üzündə sadəcə kosmetik yenilənmə aparılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin keçmiş şöbə müdiri, şəhərsalma üzrə ekspert Cahangir Qocayev müsahibəsində çoxmərtəbəli binaların bərpasında bu cür yanaşmanı doğru saymayıb:
“Çox mərtəbəli binaların təmirinə kompleks yanaşma olmalıdır. Binanın təmiri onun bütün sahələrini, infrastrukturunu əhatə etməlidir. Xüsusilə tarixi binaların təmiri zamanı bu məsələyə ciddi şəkildə riayət etməlidir. Binaların gözəlləşdirilməsinə çəkilən xərclər onların həm də möhkəmlənirilərək istismar müddətinin uzadılmasına xidmət etməlidir”.
Anspress-in əlaqə saxladığı icra orqanlarının heç birindən binaların niyə bu vəziyyətdə təmir edilməsi barədə suala məntiqli cavab vermədilər. Bununla da bu sahədə böyük yeyintilərin olması barədə şübhələri istər-istəməz təsdiqləmiş olublar.
Araşdırmadan aydın olur ki, məmurlar elə də az pul mənimsəməyiblər. Bakıda binaların fasadlarının abadlaşması üçün böyük pullar xərclənir. Orta hesabla bir beşmərtəbəli binanın eni 15 metr və uzunluğu 45 metr olan bir fasadına təxminən 30 min dollarlıq material xərclənir. Ustalara verilən əmək haqqı bu qiyməti daha da artırır. Bakıda 3 mindən çox tipik beşmərtəbəli və doqquzmərtəbəli binanın olduğu nəzərə alınarsa, yalnız binaların üzlənməsi üçün xərclənəcək vəsaitlərin 1 milyard dollara qədər qalxa biləcəyini demək olar.
Yetərincə böyük rəqəmdir. Sovet binalarını modernləşdirərək Qərbi Avropa standartlarına tam uyğunlaşdırmış Almaniya 22 min sovet binasına 6,2 miyard avro, yəni təxminən 7 milyard dollar xərcləyib. Bu pula 2,2 milyon mənzil tam müasirləşdirilib. Almaniya iqtisadçılarının hesablamasına görə, sovet binalarının təmir edilərək modernləşdirilməsi yeni tikilən mənzillərin qiymətinin 30%-ə bərabər olub. Binalara çəkilən xərcin 35 faizi mənzillərin enerji effektivliyinin artırılmasına, 65 faizi isə konfortun yüksəldilməsinə sərf edilib, əksər binalara lift quraşdırılıb və s.
Göründüyü kimi, Azərbaycanda təxminən Almaniya səviyyəsində xərclənən vəsaitlər bu cür rentabelli olmayıb, sadəcə binaların gözəl görünməsinə sərf edilib. Amma Bakıda bu sahədə çalışan ustaların sözlərinə görə, xərclənən pulların səmərəliliyini artırmaq olar. Onların dediyindən belə çıxır ki, binaların üzünə vurulan bəzi üzlük materialların kvadratının qiyməti 40 dollara qədər qalxır. Amma bunu kvadratı 6-7 manata bərabər olan qoruyucu suvaqla əvəz etmək olar.
Belə suvağın altından qoyulan metal tor binaların möhkəmliyini artırır, həmçinin ucuz yerli materiallardan istifadə etməklə çəkilən kompozit suvaq binaların enerji effektivliyini də artırır. Belə binaların mexaniki təzyiqlərə və yanğına da davamlılığı artır. Bütün bunları, əlbəttə ki, məmurlar da bilir. Lakin əmək haqqıdan əlavə gəlirlərini azaltmamaq üçün bu rasional addımları atmırlar.
Xoşbəxtlikdən, hələ ki Bakıda binaların çox az hissəsinə üzlük çəkilib. İşi davam etdirmək istəyən icra qurumları bu məsələni nəzərə almalıdırlar. Bu, səmərəsiz şəkildə xərclənən yüz milyonlarla vəsaitin qarşısını alar, həmçinin binaların möhkəmliyini artırar. Neftin qiymətlərinin ucuzlaşması üzündən problem yaşayan bir ölkə üçün bu, çox önəmlidir.
"Milli Yol"
Fotolar
Digər xəbərlər
loading...