SOCAR 2018-ci ilin I rübü üzrə qazma, hasilat və ixrac göstəricilərini açıqlayıb
SOCAR-dan verilən məlumata görə, 2018-ci ilin yanvar-mart aylarında ölkə üzrə neft hasilatı 2,4%, qaz hasilatı isə 5,2% artıb.
"SOCAR üzrə hasilatda müsbət dinamikanın əldə olunması qazma işlərinin artırılması ilə yanaşı, mövcud quyuların effektli istismar edilməsi və fəaliyyətsiz quyuların bərpası ilə bağlıdır. 2018-ci ilin yanvar-mart aylarında SOCAR neft və qaz hasilatının sabit saxlanılması üzrə kompleks tədbirlərin icrasını davam etdirib. SOCAR üzrə aparılan qazma işlərinin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 14% (planda nəzərdə tutulan hədəf göstərici ilə müqayisədə 13%) artıb. Nəticədə SOCAR tərəfindən qazılan 15 quyu üzrə qazmanın həcmi təqribən 40,5 min metr təşkil edib. Bundan əlavə, SOCAR-ın birgə müəssisələri tərəfindən 13 quyu qazılıb. İstismar edilən quyularda geoloji - texniki tədbirlər aparılıb, 66 fəaliyyətsiz quyu istismara qaytarılıb. Bu tədbirlərin nəticəsində, 2018-ci ilin I rübü üzrə SOCAR-ın neft hasilatı sabit qalaraq, 1,8 milyon ton təşkil edib. SOCAR-ın qaz hasilatı isə I rüb üzrə təqribən 1,6 milyard kubmetr təşkil edib və əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 8% artıb".
Hesabat dövründə ölkə üzrə neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4% artaraq, 9,7 milyon ton, qaz hasilatı isə ötən ilin analoji dövrünə nisbətən 5,2% artaraq, 7,3 milyard kubmetr təşkil edib. Qeyd edək ki, hasilat artan xətt üzrə inkişaf edib, artımının böyük hissəsi mart ayına təsadüf edib. Belə ki, mart ayında respublikada neft hasilatı üzrə 5,8%, qaz hasilatı üzrə isə 12% artım qeydə alınıb.
“Uğurlarımızın davamlı olması üçün SOCAR strateji əhəmiyyətli yataqlarda kompleks tədbirlər planını həyata keçirir. Aparılan tədbirlər sırasında qazma proqramının intensivləşməsi, idarəetmə sisteminin təkmilləşməsi, o cümlədən qərarvermə və risklərin idarəedilməsinin daha da optimallaşması kimi məsələlər mühüm yer tutur. Azərbaycan neftçilərinin tarixi təcrübəsi və yüksək peşəkarlığı bu proseslərin uğurlu həyata keçirilməsi üçün münbit zəmin yaradır“, - deyə SOCAR-ın Yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov deyib.
MilliYol.Az
Digər xəbərlər
loading...