Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışlarının ikinci günündə daha 2 dəst medal öz sahibini tapacaq.
MilliYol.Az xəbər verir ki, yunan-Roma güləşçiləri 85 kq və 130 kq çəki dərəcələrində çempionu müəyyənləşdirəcəklər.
İlk gündə mükafata həsrət qalan yığmamız bu gün hər 2 çəki dərəcəsində təmsil olunacaq. Yığmamızın himnini iranlı legionerlər - Saman Təhmasibi və Sabah Şəriəti səsləndirməyə çalışacaq. Onlar medal qazanacaqları halda həmyerliləri olan baş məşqçi Cəmşid Xeyrabadini də sığortalamış olacaqlar.
Yunan-Roma güləşi
85 kq
Təhmasibi mübarizəyə 1/16 finaldan başlayıb. Bakı vaxtı ilə saat 17:00-da xalçaya çıxan legionerimiz Rusiyanı təmsil edən gürcü əsilli Davit Çakvetadze qarşılaşıb. Görüş rəqibin üstünlüyü ilə keçib. İlk hissədən təşəbbüsə yiyələnən və 3 xal qazanan rusiyalı sona kimi üstünlüyünü qoruyub. Saman isə məğlubiyyətdən qaça bilməyib. Nəticədə pəhləvanımız qızıl medal şansını itirib.
Çakvetadze finala yüksəldiyi üçün, o, "bürünc" uğrunda təsəlliverici görüşlərə qatılıb.
130 kq
Komanda yoldaşından fərqli, Sabah Şəriəti Rioda 1/8 finalda debüt edib. Avropa Oyunları gümüş mükafatçısının ilk rəqibi amerikalı David Smit olub. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. O, ilk hissədə 0:2 hesabı ilə geridə olsa da, ikinci hissədə özünə gəlməyi bacarıb. Nəticədə 8:2 hesabı ilə qalib gələn Şəriəti 1/4 finala vəsiqə qazanıb. Onun bu mərhələdəki rəqibi türkiyəli Rıza Kayaalp olub. Güclü Kayaalp qarşısında heç nə edə bilməyən Şəriəti 0:5 hesablı məğlubiyyətə düçar olub.
Buna baxmayaraq, idmançımız medal şansını itirməyib. Belə ki, türkiyəli güləşçi finala adladığı üçün Şəriəti bürünc medal üçün təsəlliverici görüşlərə qatılıb. O, təsəlliverici görüşlərin ikinci mərhələsində venesuellalı Ervin Xose Kabrera Karaballo ilə mübarizə aparıb. Görüşü 8:0 hesablı qələbə ilə başa vuran idmançımız bürüncə bir addım da yaxınlaşıb. Mükafatçılar sırasına düşmək üçün onun son rəqibi almaniyalı Eduard Popp olub. Hesab 2:0 Sabahın xeyrinə davam edərkən rəqibinin kürəyini yer sıxmağı bacaran iranlı legioner tam qalib gəlib və güləş yığmamıza ilk medalı qazandırıb.
Qeyd edək ki, ilk gündə Rövşən Bayramov (59 kq) və Elvin Mürsəliyev (75 kq) müvafiq olaraq, V və VII yerləri tutublar. Bu növ üzrə millimizdə sabah Rəsul Çunayev (66 kq) mübarizəyə qoşulacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...