ABŞ və müttəfiqlərinin Suriyaya bu gecə həyata keçən raket zərbəsi ötən ilin aprelində baş tutan zərbədən 2 dəfə güclü olub
“AzPolitika.info” bildirir ki, bu barədə ABŞ administrasiyasının yüksək ranqlı təmsilçiləri açıqlama veriblər.
Bu zərbənin digər fərqli cəhəti daha çox sayda “Tomoqavk” raketlərindən istifadə edilməsidir. Sözügedən raketlər gücü, effektivliyi və dəqiqliyi baxımından dünyadakı analoji sinfə aid raketləri xeyli üstələyir. Ancaq bu silah öz rəqiblərindən həm də qiymət baxımından çox fərqlidir. Belə ki, bir “Tomoqavk” nə az-nə çox, 3 milyon ABŞ dollarına başa gəlir. Adı qədim hinduların silah olaraq istifadə etdikləri baltanın adından götürülən “Tomoqavk”lar 2500 km məsafə qət etməyə və nüvə başlığı daşımaq qabiliyyətinə malikdir.
ABŞ hərbçilərinin iddiasına görə, bu raketləri radarlar “görə bilmirlər”. 1450 kiloqram çəkisi olan bu “hindu baltası” yerə yaxın məsafədə paralel hərəkət etmək və hətta yolundakı əngəllərdən yayınmaq xüsusiyyətlərinə sahibdir. Onların digər özəlliyi həm gəmilərdən, həm sualtı qayıqlardan, həm də qurudan atıla bilməsi və hətta hərəkətdə olan hədəfləri belə vura bilməsidir.
ABŞ tərəfindən ilk dəfə bu raketlər 1991-ci ildə İraqa qarşı istifadə olunub. Həmin savaşda 290 ədəd “Tomoqavk” hədəfə yönləndirilib. Hazırda bu raketlər daha da təkmilləşdirilib və son ağıllı texnologiyalardan istifadə etməklə hazırlanıb.
Suriyaya 2017-ci ilin aprelində endirilən zərbədə 59 bu tip raketdən istifadə olunmuşdursa, son hücumda bundan 2 dəfə artıq sayda raket atılıb, bu isə təqribən 300 milyon dollar deməkdir. Və təbii ki, bu hücumun maliyyəti yalnız atılan raketlərin qiymətilə ölçülmür.
Digər xəbərlər
loading...