Rio-2016 Yay Olimpiya Oyunlarının boks yarışlarında növbəti görüşlər keçirilib. MilliYol.Az xəbər verir ki, bu gün Azərbaycan millisinin daha 3 boksçusu rinqə çıxıb.
Günə yığmamızın lideri Yana Alekseyevna start verib. 60 kq çəki dərəcəsində mübarizə aparan Avropa Oyunlarının mükafatçısının “siftə”si 1/4 finala təsadüf edib. Təmsilçimiz yarımfinala vəsiqə uğrunda çinli Jinxua Yinlə döyüşüb. Alekseyevna gözlənilmədən ilk 3 raundu rəqibindən zəif keçirib. Son raunddakı üstünlük isə heç nəyi dəyişməyib və idmançımız məğlub olaraq mübarizəni dayandırıb.
Alekseyevnadan sonra daha bir boksçumuz - Elvin Məmişzadə (52 kq) Rioda debüt qarşılaşmasına çıxıb. Dünya çempionumuz 1/8 finalda Oljas Sattibayevlə üz-üzə gəlib. Hər 3 raundda rəqibini aşkar üstələyən boksçumuz qalib gələrək 1/4 finala vəsiqə əldə edib. Məmişzadə bu mərhələdəki görüşünü avqustun 17-də keçirəcək. Onun rəqibi özbəkistanlı Şaxobidin Zairov olacaq.
Günə Kamran Şahsuvarlı (75 kq) yekun vurub. İlk 2 döyüşündə Zao Minqqanqla (Çin) Artyom Çebotaryovu (Rusiya) mübarizədən kənarlaşdıran 26 yaşlı boksçumuz 1/4 final çərçivəsində qazaxıstanlı Janıbek Alimxanuli ilə üz-üzə gəlib. Rəqibinə 2:1 hesabı ilə qalib gələn boksçumuz yarımfinala yüksəlməklə həm özü üçün minimum bürünc medalı təmin edib. Bu, Azərbaycan yığmasının Rio Olimpiadasında qazandığı üçüncü medaldı.
İdmançımız yarımfinalda Kuba təmsilçisi Arlen Lopezlə qarşılaşacaq. Bu döyüş avqustun 18-də, saat 22:00-da start götürəcək.
Qeyd edək ki, digər boksçularımızdan Lorenzo Sotomayor (64 kq) da mübarizəni davam etdirir. O, 1/4 final döyüşünə sabah çıxacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...