“ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının 11 aprel prezident seçkiləri ilə bağlı qərəzli seçki hesabatı Azərbaycan xalqının siyasi iradəsinə hörmətsizlikdir”
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Millət vəkili bildirib ki, müşahidə missiyasının vəzifəsi adından da göründüyü kimi, seçki prosesini izləmək və obyektiv qiymət verməkdən ibarətdir. Ancaq təəssüf ki, biz bəlkə də seçkidən əvvəl hazırlanmış mətni media qarşısında oxuyaraq, ölkəmizdə keçirilən demokratik seçkilərə kölgə salmağa cəhd göstərilməsinin şahidi olduq. Bu, ATƏT və AŞPA kimi ciddi qurumların müşahidə missiyasına yaraşmır.
Hikmət Babaoğlu qeyd edib ki, müşahidə missiyalarının üzvləri keçirdikləri mətbuat konfransında Azərbaycanın media nümayəndələrinin suallarının heç birinə cavab vermədilər. Səsləndirilən tənqidi fikirlər arqumentləşdirilmədi. Ona görə də bu, daha çox əvvəlcədən planlaşdırılmış siyasi şouya bənzəyirdi.
Milli Məclisin deputatı qeyd edib ki, bu müşahidə missiyaları özünü Azərbaycan xalqının dostu kimi göstərməyə çalışdı. Əslində isə xalqımızın iradəsinə hörmətsizlik etmiş oldu. Azərbaycan seçicisi prezident seçkilərində İlham Əliyevə 86,03 faiz səs verib. Belə olan halda bu xalqın iradəsi və rəyi ilə hesablaşaraq ona obyektiv qiymət vermək lazım idi.
“Bundan başqa, söz və mətbuat azadlığından danışan missiya Azərbaycan mətbuatına da hörmət göstərmədi, verilən heç bir sualı cavablandırmadı. Bu da göstərdi ki, əslində bu missiya autizm - simulyasiya nümayiş etdirdi, mətbuatla dialoqdan qaçaraq, sadəcə, öz siyasi eqosunu təmin etdi. Əvvəlcədən qəbul edilmiş qərarlar əsasında Azərbaycan xalqının demokratik seçkilərinə obyektiv qiymət verə bilmədi. Biz buna təəssüf edirik”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
Millət vəkili qeyd edib ki, bu qurumlar yekun bəyanatlarında Azərbaycan xalqının iradəsinə hörmət edərək, qəbul etdikləri son qərarı obyektiv reallıqla uzlaşdırmağı bacaracaqlar. Çünki dövlətimiz bu təşkilatlarla əməkdaşlıqda maraqlıdır. Azərbaycan açıq bir ölkə olaraq demokratik təsisatların güclənməsinə və əlaqələrin daha da dərinləşməsinə həmişə hazırdır.
Digər xəbərlər
loading...