Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilmiş prezident seçkilərinin ilkin nəticələrini açıqladıqdan sonra prezidentliyə namizəd Zahid Oruc seçkilərin qalibi İlham Əliyevi təbrik edib
APA-nın məlumatına görə, Z. Oruc təbrik mətnində bildirib:
“Möhtərəm cənab prezident!
Sizi, 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibəti ilə ürəkdən təbrik edir və ali şəxsiyyətinizə ən xoş arzularımı bildirirəm.
Səsvermənin nəticələri bir daha sübut edir ki, millətimiz qarşısında göstərdiyiniz misilsiz xidmətlər insanlarımız tərəfindən dərin ehtiram və qədirbilənliklə qarşılanır, milyonlarla yetkin vətəndaşımızın xeyir- duasına və inamlı səsinə çevrilir.
Ökəmizin hərtərəfli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və beynəlxalq nüfuzunun artırılması sahəsindəki çoxşaxəli fəaliyyətiniz təkcə bir partiyanın, yaxud hakimiyyətin deyil, əqidəsindən asılı olmayaraq, hər bir kəsin maraq və mənafelərinin qorunmasını təmin edir.Ona görə də 11 aprel seçkilərinin nəticələri hamımızın qələbəsidir.
Burada məğlub olan yoxdur. Xüsusi vurğulamaq yerinə düşər ki,Ulu öndər Heydər Əliyevin siyasi memarlığı və qoruyucu ruhu hər zaman vətənimizin başı üzərindədir.Milyonlarla qardaş və bacılarımız 11 aprel 2018-ci il tarixində bir daha milli liderinin irsinə sədaqətini və dönməzliyini nümayiş etdirdi.
Müasir dünyada mürəkkəb beynəlxalq hadisələrin cərəyan etdiyi bir şəraitdə respublikamızda əmin-amanlıq və vətəndaş sülhü hökm sürür.Sizin rəhbərliyiniz altında əhalinin sosial rifahının yüksəldilməsinə yönələn hər bir addım iqtisadi inkişafın yeni səhifələrini açır.Eyni zamanda, son
illər idarəçilik sistemində daha böyük miqyas alan siyasi və struktur islahatları xalqımıza xidmət yolunda daha böyük əhəmiyyətə malikdir və tarixi dəyişiliklər kimi xarakterizə olunur.Ona görə də insanların inam və etimadı Sizin üzərinizdədir.
Möhtərəm cənab prezident!
Böyük səs çoxluğu ilə qələbə qazanmağınız ondan xəbər verir ki, xalq Sizin rəhbərliyiniz altında sabitliyə və təhlükəsizliyə, həyat səviyyəsinin yüksəldilməsinə, ölkənimizin ərazi bütövlüyünün təmin olunmasına dərin inam bəsləyir. Bir sözlə,Sizin qələbəniz Azərbaycanın dövlət müstəqilliyinin 100 illiyinə ən böyük töhfədir.
İcazə verin, bir daha Sizə can sağlığı və güclü Azərbaycan naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayım. Liderlik missiyanızda Allah hər zaman yardımçınız olsun!”
Digər xəbərlər
loading...