Bu gün görkəmli Amerika yazıçısı Kurt Vonnequtun anım gündür
“Əgər sən bu qədər ağıllısansa, bəs niyə kasıbsan?“
“İnsanların qeydinə qalmaq lazımdır, Tanrı öz başının çarəsinə baxa bilər.”
“Telekinezə inananlar əlimi qaldırsınlar”
Bu ironiya dolu qanadlı ifadələr məşhur Amerika yazıçısı Kurt Vonnequtun romanlarındandır.
Bütün zamanlarda ingiliscə yazılmış 100 ən yaxşı romandan biri hesab edilən “Sallaqxana N-5 və ya uşaqların səlib yürüşü” əsərinin müəllifi Kurt Vonnequtu Azərbaycan oxucusu 1993-cü ildə Səfər Alışarlının tərcüməsində işıq üz görmüş “Pişik beşiyi” əsərindən tanıyır.
Vonnequtun bizim dilimizə sonralar bir neçə müsahibəsi və hekayələri də tərcümə olunub, lakin az qala bütün romanları savaş əleyhinə yazılmış, insanpərvərliyin yorulmaz təbliğatçısı olan bu romançını bizim oxucular o qədər də yaxşı tanımır.
Bir gündə iki Markes kitabının nəşr edildiyi, kolumbiyalı magik realistin vitrinlərimizi işğal etdiyi və oxucularımızın məktəb xəritəsində Makondanı tapmayıb Təhsil Nazirliyindən narazı olduqları bir zamanda Kurt Vonnequt daha çox ədəbiyyatçılar arasında tanınır desək, məncə yanılmarıq.
Buna görə də Vonnequtun romanlarından danışmadan, hesab edirəm, əvvəlcə onu dünyaya gətirmək lazımdır.
Qısa bioqrafiya.
Alman mənşəli amerika yazıçısı Kurt Vonnequt 1922-ci il 11 noyabrda mühafizəkar mühiti olan İndiana ştatının İndianapolis şəhərində, siyasi və teoloji məsələlərə şübhəylə yanaşan, uğur qazanmış memar ailəsində dünyaya göz açır.
Vonnequt soyadı yazıçının özünün dediyi kimi “uzaqlarda axan kiçik alman Vonnadan” gəlir.
Böyük Depressiya illərində ailəsinin maddi vəziyyəti pisləşir.
Vonnequtun ilk ədəbi təcrübəsi məktəb illərində baş tutur. O, iki il məktəb qəzetinə redaktorluq edir.
1940-cı ildə Kurt “Kornel Universiteti”nin Kimya fakültəsinə daxil olur və eyni zamanda “Cornel Daily Sun” qəzeti ilə əməkdaşlıq etməyə başlayır.
1943-cü ildə Kurt orduya yazılır və 1944-cü ildə nasistlərə əsir düşüb Drezden həbsxanasına göndərilir.
1945-ci ilin fevralında Amerika və ingilis hərbi aviasiya qüvvələri heç bir hərbi qüvvəsi, hərbi obyektləri olmayan Drezdeni bombalayırlar və bunun şahidi olmaq Vonnequta çox ağır təsir edir.
Bu bombardmanda Vonnequt və digər əsirlər zirzəmidə, sallaqxanada işlədikləri üçün sağ qala bilirlər. Drezden bombardmanında 135 min insan həlak olur. Avropa üçün rekord – çox kədərli rekord ! Vonnequt deyir ki, bu fəlakətdən yalnız bir nəfər qazanclı
çıxdı, o da onun özüdür. Çünki o hər ölüyə görə beş dollar qazanıb – “Sallaqxana N5 və ya uşaqların səlib yürüşü” romanının qonorarı şəklində.
Vonnequt müharibədən geri dönməyini də qəribə formada xatırlayır: “Mən evə qayıdanda dayım Den məni bağrına basdı və dedi : Hə, bax sən indi kişisən ! Bu sözdən sonra mən az qala həyatımda ilk dəfə olaraq bir almanı öldürəcəkdim.”
1945-ci ilin mayında, Kurt evə döndükdən sonra iki il Çikaqo Universitetində oxuyur və eyni zamanda polis idarəsində reportyor işləməyə başlayır. Bu iki il ötəndən sonra o, Skenektadiyə köçür. Burda Vonnequt məşhur “Ceneral elektrik” şirkətində PR menenceri vəzifəsində çalışmağa başlayır.
Bu işlə yanaşı o ağıldankəmlər üçün məktəbdə ingilis dili müəllimi, reklam mətnləri yazarı, “Saab” kompaniyasının ticarət nümayəndəsi kimi işlərdə çalışır və təbii ki, jurnallara çap olunması üçün dalbadal hekayələr göndərir.
1946-cı ildə Çikaqo Universiteti ona “Nağıllarda xeyir və şər” mövzusunda yazdığı işə görə antropologiyadan magistr dərəcəsini vermir.
Bu dərəcəni o sonralar “Pişik beşiyi” romanına görə alır. 1950-ci ildə “Kollers” jurnalı onun “Barnhauz haqqında məruzə” adlı hekayəsini çap edir. Növbəti il o, “Ceneral elektrik”dən qovulur və ailəsi ilə birlikdə Massaçusetsə köçür.
MilliYol.Az
Digər xəbərlər
loading...