Ağcəbədi şəhəri insanların sosial problemlərinin daha çox olduğu regionlardan biridir
Zaman-zaman Ağcəbədi sakinləri redaksiyamıza müraciət edərək məmur özbaşınalıqlarından, süründürməçilikdən cana doyduqlarını biliriblər. Sonuncu ünvanlanan şikayət məktubunda Ağcəbədi şəhər Bələdiyyəsinin qanunsuz hərəkətləri, həmin bələdiyyənin sədri Füuli Yusifovun mərkəzi bazar kimi tanınan “Əli” firmasına qarşı atdığı addımlardan bəhs olunur. Məsələni yerindəcə araşdırmaq üçün çəkiliş qrupumuzu Ağcəbədi şəhərinə göndərdik. Bəs şəhər bələdiyyəsi mərkəzi bazar kimi tanınan “Əli” firmasının başına hansı oyunlar açır və sakinlər, iş adamları Füzuli Yusifovun hansı qanunsuz addımlarının qurbanına çevrilirlər?
Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Ağcəbədi şəhər Bələdiyyəsinin sədri Füzuli Yusifov mərkəzi bazarın qapılarını ticarətçilərin, kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan şəxslərin üzünə qapayıb. Belə ki, üstüörtülü bazarda normal şəraitin olmasına baxmayaraq Füzuli Yusifov heç bir ticarətçiyə icazə vermir ki, orada məhsullarını satışa çıxarsın. Çıxılmaz vəziyyətdə qalan ticarətçilər məhsullarını bazarın çölündə satışa çıxarmağa məcbur olublar. Bazarın çölündə palçığın, selin-suyun, üfunətin içərisində məhsullarını satışa çıxaran, göy-göyərti satan insanları müxtəlif bəhanələrlə incidən, onları bazar üzünə həsrət qoyan Füzuli Yusifovun qanunsuz hərəkətləri bununla bitmir. O həm də bazarın çölündə zibilliyin içərisində kənd təsərrüfatı məhsulları satan xırda ticarətçilərdən yer pulu da alır. Nəticədə yaranan vəziyyəti təqdim etdiyimz kadrlarda görürsünüz. Ağcəbədi şəhər bələdiyyəsinin ərazisi olan burada üfunət, böyük zibil təpələrinin yaranması kimə sərf edir? Axı yaranmış acınacaqlı bu vəziyyət nəticəsində maşınlar da rahat hərəkət edə bilmirlər. Antisanitariya, ölmüş it cəsədlərinin arasında insanları alış-veriş etməyə məcbur edənlərin əsl məqsədi nədir? Çəkiliş qrupumuza kamera önündə açıqlama verməkdən boyun qaçıran Ağcəbədi şəhər icra hakimiyyətinin məsul şəxsləri də yaranan bu acınacaqlı duruma don geyindirməyə çalışdılar və sanki bütün bu özbaşınalıqlar Ağcəbədidə deyil, başqa bir rayonda baş verir. Görəsən icra hakimiyyəti düz burnunun dibindəki bu dərəbəyliyə, Füzuli Yusifovun qanunsuz hərəkətlərinə, Ağcəbədi bələdiyyəsinin qara “kassiri” Mamed adlı şəxsin insanlardan yer pulu almasına niyə göz yumur? Ən əsası, insanlara nə üçün icazə verilmir ki, məhsullarını mərkəzi bazarda satışa çıxarsınlar. Bazarın içərisindəki vəziyyət də göz önündədir, boş qalmış “polka”lar, məhsul qoxumayan bazar...
Xatırladaq ki, dövlət başçısı İlham Əliyev dəfələrlə xəbərdarlıq edib ki, məmurlar vətəndaşları, iş adamlarını incitməsinlər. Demək olar ki, regionların sosial-iqtisadi yekunlarına həsr olunan icra başçılarının, eləcə də Ağcəbədi şəhər icra hakimiyyəti başçısının da iştirak etdiyi bütün müşavirələrdə dövlət başçısı bununla bağlı ciddi tapşırıqlar verib və iş adamlarına şəraitin yaradılmasının vacibliyi önə çəkib. Həmçinin müxtəlif yollarla yığılan rüşvət hallarına qarşı aparılan dövlət səviyyəsində aparılan mübarizə tədbirləri də kifayət qədərdir. Deməli, özünü xalqın qulu kimi yox, ağası kimi aparan Ağcəbədi icra hakimiyyəti və bələdiyyə sədri dövlət başçısının da tapşırıqlarından nəticə çıxarmayıb. Nəticə çıxarmamağın sonu isə bəllidir
İnanmaq istəyirik ki, Ağcəbədi icra hakimiyyəti və bələdiyyə sədri Füzuli Yusifov “Əli” frmasına qarşı etdiyi təzyiqləri dayandıracaq, ticarətçilərin bazarda məhsullarını satışa çıxarmasına münbit şərait yaradacaq, bazarın çölündə yaranmış bu acınacaqlı vəziyyəti düzəldəcək, aylarla yığılıb qalan zibil r maşınları işə salınacaq və ən əsası, bir qarın çörəyə səhərdən axşama qədər soyuqda dayanan insanlardan qanunsuz şəkildə yer pulu yığılmayacaq. İnsanlar məhsullarını bazarda satışa çıxarmalı və qanunun yol verdiyi formada yer pullarını da Füzuli Yusifova deyil, yer sahiblərinə ödəməlidirlər.
MilliYol.Az
Digər xəbərlər
loading...