Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Rəşid Alimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, baş katib Rəşid Alimov Şanxay Əməkdaşlıq Təşkilatının ölkəmizdə keçirilən prezident seçkilərini müşahidə etməsi üçün yaradılan şəraitə görə təşəkkürünü ifadə edib, bununla əlaqədar məhsuldar görüşlər keçirdiklərini, seçkiqabağı mühitlə yaxından tanış olduqlarını və seçkilərin müşahidəsi üçün lazımı hazırlıq tədbirləri gördüklərini deyib.
Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının dialoq tərəfdaşı olduğunu bildirən baş katib son dövrlər ölkəmizin təşkilat çərçivəsində keçirilən mədəni və ictimai tədbirlərdə fəal iştirakını təqdir edib.
Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında əlaqələrin inkişafına göstərdiyi dəstəyə görə baş katib R.Alimova təşəkkürünü bildirən nazir Elmar Məmmədyarov Azərbaycanın təşkilatla əməkdaşlığı daha da genişləndirmək və keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətində olduğunu vurğulayıb.
Nazir Elmar Məmmədyarov Azərbaycanın ŞƏT-ə üzv dövlətlərlə ikitərəfli səviyyədə dostluq və tərəfdaşlıq əlaqələrinə malik olduğunu qeyd edərək ölkəmizin iştirakı ilə həyata keçirilən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizi layihələrinin ŞƏT çərçivəsində əməkdaşlıq üçün geniş imkanlar açdığını diqqətə çatdırıb.
Görüşdə ŞƏT haqqında Azərbaycan ictimaiyyətində məlumatlandırmanın artırılması və ictimai diplomatiya təyinatlı layihələrin həyata keçirilməsi məsələsinə də toxunulub.
Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər
loading...