Zahir Əzəmət
Bakı Slavyan Universitetinin (BSU) yeni təyin olunmuş rektoru Nurlana Əliyevanın universitetin əsas korpusunun fasadından 46 illik tarixi olan mozaikanı sökdürməsi mediada və sosial şəbəkədə böyük təpki oyatdı.
Klassiklərimizin təsvirləri əks olunan və onilliklər boyu BSU-nun siması kimi qəbul edilən tarixi mozaikanın sökülməsi bir ayıb oldu, məslə ilə bağlı Nurlana xanımın mediaya açıqlamaları ikinci ayıb.
Xanım deyir ki, Nizami Gəncəvinin, Axundovun, Nəsiminin daşı ordan keçənlərin başına düşürmüş.
Nə deyək, doğrudan da Nizaminin, Nəsiminin, Axundovun, Məhsətinin, Mirzə Cəlilin daşı ağırdır! Xüsusən də, təhsili, ədəbiyyatı sevməyənlərin başına düşdüyü də tarixdən hamıya yaxşı məlumdur.
Baxın, hələ də kimlərinsə başına düşür!
Xanım sonra deyir, əgər sözügedən mozaikanı gücümüz çatan xərcə bərpa etmək mümkün olsaydı, düşünmədən bunu edərdik. Amma sonra da onun yerində Şərq ornamentləri-filan, daha gözəl mozaikaların qurulacağını əlavə edir.
Belə çıxır ki, sökülənin yerinə sıfırdan qurulacaq yeni mozaika ehsan pulu ilə tikiləcək.
Əslində 70 yaşlı bir xanım kollec direktorluğundan birbaşa BSU-ya rektor təyin ediləndə işin belə şəkil alacağını bilməliydik.
Sovet kəndi və onun problemləri haqqında disertasiya yazmış ağbirçək nənədən Universitetdə təhsil islahatları gözləyəndə yanılmışdıq.
Budur, xanım tənqidlərdən nəticə çıxarmaq yerinə, KİV-i ona qarşı sifariş yerinə yetirməkdə ittiham edir. Ünvan da göstərir: "Məndən əvvəlki..."
Xanım ona qədər BSU-nun rektoru olmuş, hazırda dövlət müşaviri olan Kamal Abdullanımı nişan verir?
Yeri gəlmişkən, Nurlana xanım, həm də YAP Siyasi Şurasının üzvü, eyni zamanda YAP Respublika Qadınlar Şurasının sədridir. Deməli, xanım medianın haqlı tənqidlərini siyasi konyukturaya çevirmək istəyir. Yəni, adi texnikum səviyyəsində yanaşma...
Halbuki xanım rektora media yalnız bir irad tutur: bu mozaikanı niyə sökdünüz? Hansı əsasla? Niyə onu təmir etmək əvəzinə, yerli-dibli yox edirsiniz? Axı o mozaikanı ora sizdən əvvəlki rektor yapışdırmayıb, bu mozaikanın 46 yaşı var!
Bu sualları media və sosial şəbəkələr üzərindən minlərlə insan verir! Siz isə ətrafında yaşayış binası olmayan korpusdan mozaikanı sökməyə əsas kimi "sakinlərin şikayətini" göstərirsiniz. Hansı sakinlər, Nurlana xanım? Universitetin böyür-başına toplaşan taksi sürücülərimi?
Bəlkə bu sakinlərdən imza toplayıb, ümumiyyətlə, BSU-nu yerli-dibli sökəsiniz? Həm də əlinizdə lüt müğənnilərə titul paylayan Mədəniyyət Nazirliyindən "Bakı Slavyan Universitetinin binası daşınmaz tarix və mədəniyyət abidəsi kimi dövlət qeydiyyatına götürülməmişdir" məzmunlu bir sənəd var ikən...
Elə ən yaxşısı da budur!
Nizaminin, Axundovun, Nəsiminin başa düşən ağır daşlarından bir gün daha gözəl ocaqlar tikiləcəyi ümidi ilə...
Digər xəbərlər
loading...