Dövlət Yol Polisinin elektron vasitələri iki və daha çox hərəkət zolağı olan yollarda məcburi hərəkət istiqamətlərini göstərən yol nişanlarının tələblərini pozan sürücülər barədə kütləvi şəkildə elektron protokollar tərtib etməyə başlayıb
Son günlər Dövlət Yol Polisinin elektron vasitələri iki və daha çox hərəkət zolağı olan yollarda məcburi hərəkət istiqamətlərini göstərən yol nişanlarının tələblərini pozan sürücülər barədə kütləvi şəkildə elektron protokollar (MMX) tərtib etməyə başlayıb.
Avtosfer.az xəbər verir ki, bu cür qayda pozuntuları Bakıda kütləvi yayılıb. Xüsusən hərəkətin intensiv olduğu saatlarda sürücülər iki və daha çox zolaqlı yollarda “Ancaq sağa” və ya “Ancaq sola” işarələrinin tələblərini pozaraq həmin zolaqla düzünə hərəkət edirlər.
Bu günlərdə mediada Üzeyir Hacıbəyov və Kövkəb Səfərəliyeva küçələrinin kəsişməsində kameralar tərəfindən qeydə alınan görüntülər yayılıb. Həmin kadrlardan da görünür ki, təxminən 1 dəqiqəyə yaxın vaxt ərzində yalnız sağa hərəkətə icazə verilən zolaqda 11 avtomobil düzünə hərəkət etməklə qaydanı pozub. Qaydanı pozan bütün sürücülər İnzibati Xətalar Məcəlləsinin 327.1-ci — yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə 40 manat cərimə edilirlər.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib ki, əslində bu məsələ qanunla çoxdan tənzimlənir və buna görə cərimə də var. Amma nişanlanmalar da qaydasında olmalıdır ki, sürücülər səhv eləməsinlər: “Əgər yol çoxzolaqlı yoldursa, həmin yolda hərəkət istiqamətləri fərqlidirsə, onda yolayrıcında 5.8.1 nişanı qoyulmalıdır. Cəmi iki zolaq varsa, bu nişan yolun sağında qoyulur. Yox əgər həmin istiqamətdə 3 və daha çox zolaq varsa, həmin nişan asfaltın üstündə yuxarıdan asılmalıdır. Bundan başqa, standarta görə, asfaltın üstündə ən azı iki ox çəkilməlidir. Amma yolda intensivlik çoxdursa 3 və daha çox dəfə çəkilməlidir. Nişanlanma xətlərində elə problemlər ola bilər ki, sürücü onu dərk edə bilməz. Əgər nişanalmalarla bağlı səhvlər varsa, hərəkət düzgün təşkil olunmayıbsa, sürücü onu qavramayıbsa, ona cərimə yazıla bilməz”.
Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev isə həm nişanlama xətlərinin, həmdə nişanların eyni qüvvəli olduğunu deyir. Yəni yolda nişanlama xətti varsa və sürücü onu görərək yoldan çıxmırsa, o, mütləq cərimə olunur: “Əksər yollarda biz yuxarıda — görünən yerdən istiqamətləri bildirən 1.18 nişanlarını asırıq. Amma elə yollar var ki, bunu etmək mümkün olmur. O zaman yolda nişanlama xətləri olur və bu bir neçə dəfə təkrarlanır. Əgər sürücü səhv zolağa daxil olubsa, o zaman dayanıb hərəkətə maneə yaratmamalı, daxil olduğu zolaqla, icazə verilən istiqamətdə hərəkət etməlidir”.
Bu qanun pozuntusuna görə niyə əvvələr cərimə tətbiq olunmurdu, son vaxtlar tətbiq olunur? K.Əliyev, həmçinin bu suala da aydınlıq gətirib:“İndiyə qədər niyə cərimə yazılmırdı arqumenti düzgün deyil. Çünki əvvəl olmayan çox şeylər var ki, indi var. Məsələn, əlavə zolaqlar sonradan salına bilər, həmin yollarda kameralar sonradan qoyula bilər. Bu ona bənzəyir ki, əgər yolda inspektor dayanıbsa, onda qayda pozmaq olmaz, dayanmayıbsa qaydanı pozmaq olar? Bu düzgün deyil, əgər qanun qadağan edirsə, qanuna əməl etmək lazımdır”.
Digər xəbərlər
loading...