“Azərbaycan həm regional, həm də qlobal əməkdaşlıq məkanına çevrilir. Biz Rusiya və ABŞ ordularının baş qərargah rəislərinin görüşlərinin keçirilməsi məkanı kimi Bakının seçilməsi təklifini bizə hörmət və etimad əlaməti kimi qiymətləndirdik. Biz bunu həm də Azərbaycanın düzgün qurulmuş xarici siyasətinin daha bir elementi kimi qiymətləndiririk”
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bildirib.
“Azərbaycan dünya birliyi tərəfindən çox etibarlı tərəfdaş, dost ölkə kimi qəbul edilir. Ölkəmiz beynəlxalq, regional və qlobal əməkdaşlığı təkcə bəyan etmir, həm də bu işdə konkret mühüm addımlar atır. Biz artıq çoxlu sayda iri beynəlxalq tədbirlər, beynəlxalq forumlar, idman tədbirləri – birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları təşkil edən ölkəyik. Bu Oyunlar arasında cəmi iki il vaxt keçib. Bu da bizim imkanlarımızı, habelə dünyanın bizə münasibətini nümayiş etdirir. Ona görə ki, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Şurası 100-dən çox ölkəni birləşdirir. Bu, dünya birliyinin yarıdan çoxu deməkdir. Bunlar əslində dünyanın aparıcı ölkələridir. Əlbəttə, düşünürəm ki, biz buna öz əməyimizlə, öz siyasətimizlə və onun sayəsində nail olmuşuq ki, Bakı dünya xəritəsində çox məşhur şəhərə çevrilib”, – deyə prezident əlavə edib.
Dövlət başçısı ölkədə turizmin çox inkişaf etdiyini vurğulayıb:
“Onu da deməliyəm ki, son vaxtlar bizə çoxlu turistlər gəlir. Son üç ildə turizm çox inkişaf edib. Bütün bunlar bizim həyata keçirdiyimiz fəaliyyətin nəticəsidir. Azərbaycan sabit ölkədir, Azərbaycan xalqı öz qonaqpərvərliyi ilə məşhurdur, ölkəmizdə işləmək, istirahət etmək üçün hər cür şərait yaradılıb. Düşünürəm ki, əlbəttə, gələcəkdə bu cür tədbirlər daha çox olacaq. Biz öz tərəfimizdən həmişə çalışırıq ki, sıx əməkdaşlıq etdiyimiz ölkələrin öz arasında da yaxşı işgüzar münasibətlər olsun. Biz bu regionda yaşayırıq. Bu regionda baş verən bütün hadisələr istər-istəməz bizə müəyyən dərəcədə təsir edir. Buna görə də biz çalışmalıyıq ki, özümüz üçün riskləri beynəlxalq əməkdaşlıq vasitəsilə minimuma endirək. Əgər biz dünyanın aparıcı ölkələri arasında gərginliyin azaldılması işinə hər hansı kiçik töhfə verə biliriksə, əlbəttə, gələcəkdə də bunu edəcəyik”.
Digər xəbərlər
loading...