“Dağlıq Qarabağ SSRİ-nin dağılması üçün sınaq meydanı idi. Orada hökumətin buna tab gətirib-gətirməyəcəyi təcrübədən keçirilib”
“Report” xəbər verir ki, bunu Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) xüsusi vəziyyət rayonunun sabiq komendantı, general-mayor Vladislav Safonov 30 il əvvəlki hadisələrə həsr olunmuş tədbirdə deyib.
V.Safonov DQMV-də xüsusi vəziyyət rayonunun ilk komendantı olub. O, bu vəzifəni 1988-ci ilin mayından 1990-cı ilin dekabrına qədər icra edib.
“Hər şey təkcə SSRİ yox, həm də İttifaq səviyyəsində rəhbərliyin gücsüzlüyündən baş verdi”, – V.Safonov bildirib.
O xatırladır ki, Dağlıq Qarabağdakı azərbaycanlı əhali ermənilərlə müqayisədə çox pis yaşayıb, lap daxmalarda qalıblar.
“Dağlıq Qarabağın erməni mənşəli xalq deputatları mövcud qaydalar üzrə parçalanma üzərində işləyirdilər. Mənə şikayətlər, məktublar gəlirdi, onların əsasında hesabatlar hazırlayır və kimin millətçilik və ekstremizm toxumları səpdiyini göstərirdim”, – o bildirib.
V.Safonovun sözlərinə görə, narahatlıq və təxribatlar Ermənistandan olan SSRİ xalq deputatı Qalina Starovoytovanın xəbərdarlıq etmədən Yerevandan Qarabağa gəlməsindən dərhal sonra başlayıb: “Onun yanıma gətirilməsini əmr etdim. Məni xeyli acıladı, Pinoçetlə müqayisəmi etdi. Bura xüsusi vəziyyət zonası idi. Lukyanov onun dərhal oradan getməsini tələb etdi. Səhər tezdən onu Moskvaya yola saldım”.
Tədbirdə çıxış edən Azərbaycanın daxili işlər nazirinin sabiq müavini, polis general-mayoru Kamil Məmmədov bildirib ki, bu məsələni həll etmədikcə Dağlıq Qarabağ ağrısı qalacaq. Onun sözlərinə görə, Qarabağda həmin dövrdə yaranmış vəziyyət onun üçün gözlənilməz olub: “Biz birlikdə sülh şəraitində yaşayırdıq. Ermənilər Bakıda yaşayırdı. Burada həmçinin gürcülər, yəhudilər, ruslar yaşayırdı. Biz heç kimi milliyyətinə görə bölmürdük”.
K.Məmmədov bunun qarşılığında ermənilərin üzərlərində “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasını əks etdirən “xəritə” gəzdirdiyini və dəfələrlə “xəritələri” onların əllərindən aldıqlarını xatırladıb: “Ermənilərdə təbliğat işi yaxşı qurulub. Hətta danışıqdakı leksikon baxımından belə. Onlar Yerevanda Qərbi Ermənistan, Qarabağda isə Şərqi Ermənistan barədə danışırdılar”.
Digər xəbərlər
loading...