Heydər Əliyev prospekti piyadalar üçün əsl təhlükəyə çevrilib. Bakının ən geniş və çoxzolaqlı yolu hesab olunan bu prospektdə avtomobillərin hərəkət sürəti yüksək olduğundan hər gün yüzlərlə piyadanın həyatı təhlükə qarşısında qalır
Kilometrlərlə uzunluğu olan prospektdə cəmi iki piyada keçidi olduğundan bəzən vətəndaşlar keçidə çatmaq üçün ictimai nəqliyyatdan istifadə etməli olurlar. Əksər hallarda piyadaların yolu keçmək istədikləri hissədə piyada keçidinə qədər 1 kilometrdən çox məsafə olur. Bu səbəbdən onlar məcbur olub magistral yolun avtomobillərin sürətli hərəkət etdiyi hissəsindən keçməli olurlar. Bu isə həm onların, həm də sürücülərin həyatını təhlükəyə atır.
Qeyd edək ki, Heydər Əliyev prospekti boyunca yaşayış evləri az olsa da, orada yerləşən zavod və fabriklərin, şirkətlərin sayı çoxdur. Bu səbəbdən hər gün səhər və axşam pik saatlarda yüzlərlə işçi bu yolu qarşı tərəfə keçir.
Musavat.com-un müxbiri Heydər Əliyev prospektindəki vəziyyəti öyrənmək üçün həmin ərazidə müşahidə aparıb.
Qeyd edək ki, prospekt boyunca yalnız iki yerdə piyada keçidi var. Bunlardan biri “Şəfa” stadionu yaxınlığında yeraltı və digəri isə “Koroğlu” metrostansiyasının bir neçə yüzmetrliyində yerləşən yerüstü keçiddir. Vətəndaşların ən çox hərəkət etdiyi ərazidə isə keçid yoxdur. Müşahidələrimiz zamanı dəhşətli mənzərənin şahidi olduq. Yolu qarşı tərəfə keçmək istəyən piyadalar sürət həddi saatda 90 km olan avtomobillərin qarşısından qaçaraq keçirdilər.
Nəqliyyat sıx hərəkət etdiyindən piyadalar bəzən dəqiqələrlə gözləməyə məcbur olurlar. Avtomobil axını azaldıqdan sonra bir neçə zolaqlı yolu qaçmalı olurlar.
Piyadalar bizə bildirdilər ki, insanların ən çox keçdiyi nöqtələrdə piyada keçidinin tikilməsinə ehtiyac var. Lakin hələ ki, bu istiqamətdə hər hansı addım atılmayıb.
Bunu nəzərə alaraq, həmin ərazidə DYP əməkdaşları xidmət aparır, onlar piyadaların təhlükəsizliyini təmin etmək üçün yolu nəzarətə götürüblər. Yolu keçmək istəyən piyadaların çoxluğunu nəzərə alıb zaman-zaman avtomobilləri dayandıraraq, vətəndaşların qarşı tərəfə keçməsinə şərait yaradırlar.
Musavat.com-a danışan DYP əməkdaşı Elmar İbrahimxəlilov piyadaların təhlükəsizliyi üçün hər gün növbəli şəkildə fəaliyyət göstərdiklərini bildirdi: “Piyadaların gediş-gəlişini və təhlükəsizliyini təmin etmək üçün burada fəaliyyət göstəririk. Çalışırıq ki, qarşı tərəfə keçmək istəyən piyadaları toplu formada yoldan keçməsini təmin edək. Hər dəfə 10-15 nəfər yığıldıqdan sonra yolu bağlayıb, piyadalara qarşı tərəfə keçməsini təmin edirik. Biz burada xidmət apardığımız müddətdə demək olar ki, bədbəxt hadisələrin qarşısı alınıb”.
Daha ətraflı hazırladığımız videodan izləyə bilərsiniz.
Digər xəbərlər
loading...