"Rio-2016" başlayandan bizim üçün ən təsirli səhnə dünən gecə yaşandı. Azərbaycanlı atlet Nicat Rəhimov 77 kq çəki dərəcəsində təkanla qaldırma hərəkətində dünya rekordunu yeniləyərək birinci yeri tutdu. Ümumilikdə 379 kq (105 kq + 130 kq) nəticə göstərən Nicat bizi sevindirdiyi qədər, məyus da etdi.
Çünki Nicatın ad-soyadının qarşısına Azərbaycan yox, Qazaxıstan yazıldı. Nicatın qələbəsi Azərbaycan yox, Qazaxıstan himni ilə qeyd edildi. Bu qələbə bizi sevindirdiyi qədər məyus etdi, təəssüfləndirdi, yaxın keçmişimizə yenidən nəzər yetirməyimizə səbəb oldu.
Nicat niyə olimpiadada Azərbaycanı yox, dəniz sərhədlərimizdə yerləşən Qazaxıstanı təmsil etdi? Kimdi bunun günahkarı: vətənindən imtina etməyə məcbur edilən idmançı özümü, Ağır Atletika Federasiyasımı, Gənclər və İdman Nazirliyimi?
Bu sualların cavabı hər kəsə aydındı: Nicatı sözün əsl mənasında ölkədən qovdular. Milyonlar xərcləyib yığmanın başına bolqar Zlatan Vanevi gətirən, heyətinə bolqarları dolduran məmurlar bir azərbaycanlı balasına 3-5 manat pul xərcləmək istəmədi, onu ölkədən qovdu. Hətta Ramilin atası oğlunu öz hesabına Peruya yarışa göndərmək istəsə belə, yenə mane oldular, onu aldatdılar, səfərə imkan vermədilər. Bolqar məşqçinin yaratdığı anarxiya, özbaşınalıq dünən Qazaxıstanı sevinc gözyaşlarına boğan bir gənci Azərbaycandan didərgin saldı.
Nicat zamanında deyirdi ki, bolqar məşqçi idmançılarımızı dopinq qəbul etməyə məcbur edir. Həmin vaxt bu işə görə məsul olan hər kəs onu təkzib edir, az qala vətən xaininə çevirirdi. Zaman gəldi, yığmanın əksər üzvləri dopinq-testdə ilişdi, beynəlxalq yarışlardan kənarlaşdırıldı, Azərbaycan külli miqdarda cərimələrə məruz qaldı. Və budur, Azərbaycan atletləri "Rio-2016"ya televizordan baxır. Məmurlarımızın ölkədən didərgin saldığı Nicat isə qızıl medalı boynuna asıb, bütün Qazaxıstanı, həm də bir azərbaycanlı balasının uğuruna sevinən azərbaycanlıları sevindirir. O, sevinc təəssüf hissləri ilə zəngin olsa da...
Təkcə, Ağır Atletika Federasiyasıdırmı günahkar? Yox, onlar qədər Gənclər və İdman Nazirliyi də məsuliyyt daşıyır Nicatın ölkədən qovulmasına... Vaxtında özbaşınalıqlara göz yummasaydılar, federasiyadakı hərc-mərcliyin qarşısını alsaydılar, bu gün Nicatın qələbəsi Qazaxıstanın adına yazılmaz, Azərbaycanın ağır atletləri olimpiadaya Bakı çayxanalarında yox, Rionun özündən baxıb, medallar uğrunda mübarizə aparardılar...
Yeri gəlmişkən, Nicat "Rio-2016"da Azərbaycanın adına yarışmayan yeganə azərbaycanlı olmayacaq. Çünki 200 m və 4X100 m məsafəyə qaçış yarışlarında iştirak edəcək Ramil Quliyev də Azərbaycanı təmsil etməyəcək. Həmin Ramil Quliyev ki, illər əvvəl Azərbaycanı tərk etməyə, başqa ölkənin adına yarışmağa məcbur etdilər. Həmin Ramil Quliyev ki, bu gün ən yaxşı yüngül atletlərdən, olimpiadanın medal iddialılarından biri hesab olunur. Və biz onun çıxışını da televiziyadan izləməli, qələbəsini təəssüf hissləri ilə müşahidə olunan sevinclə qeyd etməli olacağıq. Bütün bunların günahkarları isə heç nə olmamış kimi işlərinə davam edəcəklər.
Pərvin Kazımoğlu
Digər xəbərlər
loading...