Dünən gecə saatlarında Bakının Binəqədi rayonu, Həmidə Məmmədquluzadə küçəsində su borusunun partlaması nəticəsində 30-dan çox ev su altında qalıb. Ərazidən keçən 1200 mm diamerlik boru kəmərinin partlamasından cəmi 10 dəqiqə sonra bütün küçəni su basıb
Məcburi köçkünlərin məskunlaşdığı üçmərtəbəli yataqxananın birinci mərtəbəsindəki mənzillər su altında qaldığından, həmin evin sakinləri yuxarı mərtəbələrdə yaşayan qonşularının evində gecələməli olublar. Küçədə həmin vaxt hərəkətdə olan avtomobillər qəfil suya bataraq mühərrikləri sönüb və hərəkətsiz vəziyyətdə qalıblar. Sürücülər suyun altında qalan maşınlardan birtəhər çıxıb canlarını qurtarıblar.
Su basan evlərdə məişət əşyaları, o cümlədən televizorlar, soyuducular, paltaryuyan maşınlar, mebellər sıradan çıxıb. Bəzi evlərdə hətta sakinlər boğulmaq təhlükəsi qarşısında qalıb. Sakinlər qəfil “daşqından” azyaşlı uşaqlarını güclə xilas ediblər.
Virtualaz.org saytının hadisə yerində olan əməkdaşı xəbər verir ki, xüsusilə məcburi köçkünlərin məckunlaşdığı bina daha çox zərər çəkib. Səhər satlarında Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri hadisə yerinə gəlib, su basmış evlər siyahıya alınıb. Lakin dəymiş zərər hələ də müəyyənləşdirilməyib.
“Bina onsuz da qəzalı vəziyyətdə idi, tavan çökmüşdü, divarlardan beton qoparaq tökülürdü. Su basandan sonra döşəmə də sıradan çıxdı”, -binada yaşayan Anar adlı sakin bildirir.
Şəhid Məhərrəm Məmmədovun həyat yoldaşı Tamella Məmmədova deyir ki, qəfildən güclü səs eşidilib, ardınca ev su ilə dolub. Hadisə o qədər sürətlə baş verib ki, heç nə çıxara bilməyiblər.
“Guya küçədə kanalizasiya xətti çəkilib, amma yağış yağan kimi evlər su altında qalır. Paltaryuyan maşını yenicə almışdıq, sıradan çıxdı, uşaqları götürüb birtəhər çıxdıq”, -Məmmədova söyləyib. Sakinlər deyirlər ki, “Azərsu”nun əməkdaşları onları borclu çıxarır. Guya ki, borunun partlaması barədə vaxtında müraciət edilməyib.
Sakinlərə təmir işləri bitənə qədər qohumlarının evində qalmaları məsləhət görülüb. Məhəlləyə işıq, qaz, su verilməsi dayandırılıb. “Azərsu” Səhmdar Cəmiyyətinin texnikası hazırda hadisə yerində işləyir, su nasos vasitəsilə çəkilir, ağırtonnajlı maşınlarla palçıq dasınır.
“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə virtualaz.org saytına deyib ki, partlayan boru 1960-cı ildə çəkilib və artıq çürüyübmüş. “Qəza briqadası ərazidə işləyir, təmir başa çatandan sonra qəsəbəyə suyun verilməsi bərpa ediləcək”-o bildirib.
"Azərsu" ASC-nin qəza yerində işlərə rəhbərlik edən səlahiyyətli şəxsi isə jurnalistləri qınadı. "Jurnalistlər ağıllarına gələni yazırlar. Guya subasma cəmi 10 dəqiqə davam edib, evləri su basıb. Əslində boru partlayandan sonra 2 saata yaxın ətrafa yüksək təzyiqli su axıb, sakinlər vaxtında məlumat verməyiblər"-adını açıqlamaq istəməyən işçi deyir.
Sakinlər isə bildirir ki, onlar nə baş verdiyini, küçəni basan suyun mənbəyini o saat dərk etməyiblər. Ancaq qiymətli əşyalarını, uşaqlarını xilas etməyə çalışıblar.
Qeyd edək ki, partlayan boru Bakının bir neçə rayonunu su ilə təmin edirdi. Bu səbəbdən qəza Binəqədi, Nəsimi və digər yaxın rayonları susuz qoyub.
Digər xəbərlər
loading...